Bazar , Avqust 25 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Baldızını qaçıran qızıldiş – Ləman Ələşrəfqızı

Baldızını qaçıran qızıldiş – Ləman Ələşrəfqızı

Cəlilabaddan olan 14 yaşlı qızın bacısının ərinə aşiq olub evdən qaçması bir neçə gündür ki, mətbuatın gündəmindən düşmür. Bir neçə gündür ki, mən də tərəddüd içindəyəm. Yazım yazmayım?-diılemması qarşısında nəhayət yazım qərarını verdim. Ona görə yox ki, kiməsə ağıl vermək, kimisə qınamaq fikrindəyəm.Əsla! Ona görə ki, bu hadisədə adı keçən adamın-Ələmdarın, yəni baldızına gözü düşən GƏDƏnin işlədiyi yer, onun məşğuliyyəti və azyaşlını qaçırdığı ünvan yadıma başqa bir hadisəni saldı.
Bir neçə il bundan qabaq “İç xəbər”in poçt qutusuna bir məktub gəldi. Məktubu yazan Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 8 saylı texniki peşə məktəbinin uşaqları idi. Hansı ki, əksəriyyəti, bəlkə də elə hamısı internat məktəblərdə böyümüş atasız-anasız, yersiz-yurdsuz yetimlərdi. Yazırdılar ki, Qurban bayramında onlar üçün göndərilən qurbanlığı peşə məktəbinin direktoru evinə aparıb. Qızıldaşa gedib peşə məktəbindəki əsl qurbanlıqları görənə qədər elə bilirdim ki, qurban əti mövzusu ilə gündəmi dəyişəcəm. Amma məlum oldu ki, bəli, sözün əsl mənasında Qurbanlıqlar bu məktəbdədir. Onlar Rəbbimin insanlara göndərdiyi dördayaqlılar deyil, onlar gül kimi qızlardır, amma həm də “gül kimi” qızlar deyil. Onları dəriblər, qoxlayıblar və sonra da atıblar. Kim? Qızıldaşdakı daş karxanalarında işləyən daş ürəklilər.

Hələ də yadıma düşəndə qanım donur . Peşə məktəbinin gənc qızlarından bircəciyi də burda ən qədim peşəyə yiyələndiklərini bizdən gizlətmək niyyətində deyildilər. Onlardan biri Günel idi. Əslən Şirvan rayonundan olan Oğlan özünü soyuducu ustası kimi təqdim etmiş, sonra da öz işini ustalıqla görərək aradan çıxmışdı. Günel qucağında nigahdan kənar doğduğu körpə ilə ortalıqda qalmışdı. Dəfələrlə daş karxanasına getmişdi ki, uşağın atasını bəlkə orada tapdı, amma onu gördüm deyən olmamışdı. Sonra Elvina, sonra Sona..Hər biri su sonası kimi qızlardı, gəl ki, Qızıldaşın qızıldiş oğlanları hərəsini bir cür bədbəxt eləmişdi. İndi Cəlilabaddakı 14 yaşlı qız dramı mənim yadıma bu hadisəni məhz ona görə saldı ki, Ələmdar da o qızıldişlərdən biridir. Görünür, Qızıldaşın daş karxanalarında işləyənlərin arasında daş dövrünün qanunları ilə yaşayanlar var.

Ya da , onlar üçün nümunə o dövrün canlılarıdır. BU qəbilə təfəkkürlü adamlar üçün baldızı qaçırmaq da, arvad eləmək də, hətta hər iki bacını bir dam altda saxlamaq da olar. Hər halda, Ələmdarın anası oğlunun cəzasız qalması üçün bu ehtimalı da dilə gətirib. Təəssüf etməkdən başqa əlimizdən heş nə gəlmir. Çünki, ana, bu oğulu doğub tərbiyə edən qadın hələ ki, qanundan, ədalətdən danışmaq iqtidarında deyil. Daha doğrusu o hələ bu mədəniyyətin daşıyıcısına çevrilməyib. Əgər o ana azyaşlı qızı qaçıran oğlunu himayə etməkdənsə, onu hüquq-mühafizə orqanlarına təhvil vermək haqqında düşünsəydi, o zaman nəyəsə ümid etmək olardı. Təəssüf ki, bu ana da bir çox başqa analar kimi öz uşağının təəssübünü çəkir, özgənin uşağının yox. Deməli, hələ normal cəmiyyyət qura bilməmişik. Hələ inkişaf eləməli, təhsil almalı, oxumalıyıq ki, daş dövrünün adamlarına oxşamayaq. Buna nail olsaq, daş karxanalarında fəhləlik edən Ələmdarlar da qorxulu olmayacaq.

Həmçinin oxuyun

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs …

Bir cavab yazın