Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Bacım Zivərin Zirvəsi… – Günel EMİN

Bacım Zivərin Zirvəsi… – Günel EMİN

(Bu yazımı bacım rəhmətlik Zivər Vəkilovanın simasında bütün sağalmaz və ya müalicəsi tapılmayan xəstəlikdən əziyyət çəkən, qeyri-peşəkar həkimlərin səhvi ucbatından, insanların həmrəy olmaması və insanlara inanmamasından rəhmətə gedən gənclərimizə, uşaqlarımıza həsr edirəm)
Sosial şəbəkələrdə, mediada kömək hayqırtısı, xəstə insanların müalicəsi üçün yardım müraciətləri dalğası çox yayılmaqdadır. İnsanlar zamanəyə uyğunlaşıb, müasir vasitələrdən istifadə edib, dərdlərinə çarə və kömək axtarırlar, insanlardan anlayış gözləyirlər… Hərdən əbəs yerə, hərdənsə yox! Hərdən səsləri eşidilir, kömək edilir və həyatları xilas edilir…
Bəzi vicdansızlar maliyyə fırıldağı və dələduzluq etmək üçün yalan müraciətlər yazır, yayır, pul yığır, onların yalanlarına görə də, digər insanlar o qədər aldadılır ki, həqiqətən kimin ehtiyacı var bilmirlər, inanmırlar…
Bir zaman həmrəy olan insanlar indi çox azalıb, çünki özümüzün özümüzünkülərə etdiyi pislikləri kənar düşmənlərimiz bəlkə etməz… Ona görə insanlar insanlara inanmır, kömək etmir…
Çox uzağa getməyim…
Zivər Vəkilova, doğma əmimin nəvəsi və 19 yaşlı Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olmuş, məsum, gülərüz, sadə bir insan, bacım idi… Bir dəfə əməliyyat olan və daha sonra xərçəng (bədxassəli beyin şişi) metastazından müalicəsini davam etdirməyə məcbur olan Zivəri ölkə daxilində müalicə və əməliyyat edə bilmədilər həkimlərimiz, xaricə getməli idi, buna isə 60 min dollar lazım idi… Pul yığılmadı, yığa bilmədik, 2 həftəyə xaricə uçmalı idi, növbəti kimyəvi terapiya və qan köçürmələrindən bezdi canı, dözmədi, gözləyə bilmədi… 2 ildən çox bu xəstəliklə mübarizə aparan bacımız, balamızın arzuları, planları yarımçıq qaldı, davamçım olacaqdı, fəxr edəcəkdim onunla… Arzularımızı ürəyimizdə qoydu, göz yaşlarımızı isə sel kimi axıtdı, ürəyimizi ağrıtdı… Gedişi bizi o dünyaya dəfələrlə aparıb gətirdi…
Zivər haqqında mediada yazılar getdi, flaşmoblar oldu, xeyriyyə aksiyaları oldu, qrup yaradıldı, amma lazım olan 60 000 dollar yığılmadı, vaxt isə getdi, geri qayıtmadı… İnanmadıq və kömək etmədik… Hər yerə kömək üçün rəsmi müraciət məktubları yazıldı…
28 iyun 2013 tarixində ölüm beyin xərçəngi xəstəliyi ilə əlbir olub, Zivərin bu dünyadakı həyatını əlindən alıb, əbədi dünyaya və ruhunu Cənnətdəki Zirvəyə yüksəltdi…
Sən nə qədər ki, biz varıq, bizim qəlbimizdə varsan, nə qədər ki, səni sevirik, yaşayırsan, Zivər….
Bu gün Zivəri 19 yaşında aparan xəstəlik 2006-cı ildə xalamı da əlimizdən alıb apardı (bizim həkimlər onu müalicə edə bilmədilər, səhv diaqnoz qoydular və evinə-ölməsi üçün göndərdilər),
Xəstəlik, insanların inamsızlığı, həmrəy ola bilməməsi, səhv diaqnoz, səhv müalicə, həkim səhlənkarlığı səni də, məni də, hər kəsi, yaşından asılı olmayaraq, hər kəsi tapıb o dünyaya apara və ölümün əlinə təhvil verə bilər.
Xalamın 60 yaşı yox idi… Xəstəlik ona əzab verdi, əksər orqanlarına metastaz verdi, məhv etdi, üzdü, sonra isə ölümə qurban verdi… 4 gündən sonra qızının toyu olacaqdı… Toya hazırlaşırdıq, xalamın yası ilə üz-üzə dayandıq…
Yaxın rəfiqəmin qızı 3 yaşında qan xərçəngindən dünyasını dəyişdi… Qanını tez-tez dəyişmək və daima ardıcıl müalicə olunmasına ehtiyac vardı… Valideynləri işləsə də, anası övladının yanında olmaq və ona dəstək olmaq üçün işdən çıxmalı oldu… Bu balaca balamız onunla nə baş verdiyini və nəyə görə xəstəxanaya tez-tez getdiyini anlamırdı, ağlayırdı həkimi görəndə, evə qayıtmaq və yaşamaq, oynamaq istəyirdi…
Bu cür real faktlar və insan ömürlərinin xəstəliyə görə, düzgün müalicə olunmadıqlarına, maddi imkanlarının olmadıqlarına görə vaxtsız əllərindən alınması acınacaqlı haldır…
Küçə ilə gedirsən, yolda kiminsə halı pis olur, metroda, avtobusda da… Çox az adam real kömək edir. Kənardan tamaşa edir, videoya çəkir və hələ başqalarının dərdlərinə, pis halına yanmaq əvəzinə, ironik və gülməli şərhlər verir… Bu günümüzü də gördüm…
Müalicəyə pul tapa bilməyən və bu məqsədlə sosial şəbəkələrə, medialara müraciət edən və insanlardan anlayış, kömək gözləyən insanları anlamağa çalışın, maddi cəhətdən kömək edin, maddi imkanınız yoxdursa, paylaşın bu cür xahişləri, bunu da etmirsinizsə, dua edin, ateist və ya deistsinizsə, eybi yox, bacardığınız yaxşılığı edin, qan verin, düzgün məsləhətlər verin, mənəvi dəstək olun, dar günlərində yanlarında olun, yardım olan qruplara insanları dəvət edin, zəng edin, imkanınız daxilində kömək edin, yox, bunu da edə bilmirsinizsə, bu qədər biganəsinizsə, “Mənim nə vecimə, nə dərdimə” deyirsinizsə, heç olmazsa, yaxşılıq edə bilmədiyinizi anlayıb pislik etməyin, dərdi olanlara şər-böhtan atmayın, qara yaxmayın…
Pul çox şeyi həll edir, bəzən pulıun olanda, müalicə olunursan, müəyyən qədər yaşayırsan… Pulun olmayanda isə əlacın və ümidin ölümün tez gəlib səni ağuşuna alıb aparmasına qalır…
Görəsən, daha neçə uşaq, gəncimiz xəstəliklərdən və köməksiz olduqlarından, insanların biganə olmasından ölməlidir ki, biz insan həyatının önəmli olmasını anlayaq?! Yoxsa, gərək hökmən xəstəlik və ölüm gəlib bizi, ailəmizi tapsın?!
Gəlin insan kimi insan olaq, biganə olmayaq! Əl tutmaq Əlidən qalıb…
Minlərlə belə köməyə ehtiyacı olan və yaşamaq istəyən uşaq və gənclərimiz var…

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın