Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan Belarusdan 10 “Polonez” kompleksi aldı

Azərbaycan Belarusdan 10 “Polonez” kompleksi aldı

2018-ci ildə Belarus 10 ədəd “Polonez” reaktiv yaylım atəşi sistemlərinin (РСЗО) ixracına dair ilk müqavilənin yerinə yetirilməsini planlaşdırır.
Bu barədə məlumatı “Kommersant” yayıb. Bildirilib ki, sistemin real sifarişçisi Azərbaycandır. Bir müddət əvvəl Azərbaycanın müdafiə naziri Zakir Həsənov Belarusa səfər edib, orada “Polonez” reaktiv yaylım atəşi sistemlərinin istehsal texnologiyası ilə tanış olub.

Mənbənin bildirdiyinə görə, bu müqavilə Ermənistanda narazılıqla qarşılanacaq. Belə ki, Azərbaycan Belarusdan “İsgəndər” komplekslərindən daha üstün olan 10 “Polonez” kompleksi alıb.

Belarus Müdafiə Nazirliyindəki mənbə “Kommersant”a bildirib ki, “Polonez” raket komplekslərinin ilk ixrac partiyası 2018-ci il ərzində Azərbaycana çatdırılacaq. Mənbənin sözlərinə görə, ilk ixrac müqaviləsinə əsasən, sifarişçiyə 10 kompleks (raketlər, nəqliyyat-doldurucu maşınlar, idarəetmə məntəqəsi, radiolokasiya stansiyası və s. daxildir) göndəriləcək.

“Müqaviləyə dair hüquqi sənədlər final mərhələsindədir, müştəri isə öz maliyyə məsələlərinin həllini başa çatdırmaq üzrədir” deyən mənbə qeyd edib ki, sifarişçi raketləri kreditlər deyil, öz vəsaitləri hesabına alır. Mənbə sifarişçinin adını açıqlamaq istəməsə də, Rusiyanın müdafiə sənayesi müəssisəsinin iki top-meneceri bildirib ki, söhbət Azərbaycandan gedir.

Qeyd edək ki, “Polonez” kompleksləri 2012-ci ildə Moskvanın Minskə “İsgəndər” operativ-taktiki raketlərini verməkdən imtina etməsindən sonra reallaşmağa başlayıb. Bu silah prezident Aleksandr Lukaşenkoya “bəzi qüvvələrin fəallaşmasına” cavab tədbiri kimi lazım idi, lakin Rusiya raketləri verməkdən imtina edib. Əvəzində təklif edib ki, Rusiya ordusunun “İsgəndər”lərlə silahlanmış birləşməsi Belarus ərazisində dislokasiya olunsun. Bu isə Lukaşenkonu qane etməyib və Belarus hərbi sənayesi Çinlə birlikdə taktiki-texniki göstəriciləri “İsgəndər” raketlərinə uyğun olan raket kompleksinin işlənib hazırlanmasına başlayıb.

Belarusun Müdafiə Nazirliyindən bildirirlər ki, “Polonez” komplekslərinə xaricdə tələbat daha çoxdur. Hərbi-sənaye kompleksindəki mənbə “Kommersant”a deyib ki, Azərbaycan çoxdandır qiymət amilinə görə Belarus hərbi sənaye kompleksinin məhsullarına maraq göstərir. İndi isə “Polonez”lərin taktiki-texniki göstəriciləri Azərbaycan silahlı qüvvələrinin tələbatına uyğundur. “Polonez” reaktiv yaylım atəşi sistemlərinin Azərbaycana ixrac edilməsinə dair müqavilə Rusiyanın Ermənistana satdığı “İsgəndər” raketlərinə cavab olaraq qiymətləndirilməlidir. Hərbi-diplomatik mənbədən bildirilib ki, hələ 2016-ci ildə Azərbaycan müdafiə naziri Zakir Həsənov Xankəndinə sarsıdıcı zərbə vuracağı ilə hədələmişdi.

Xatırladaq ki, “Polonez”in istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var. “Polonez”-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir. Ümumilikdə “Polonez” raket kompleksi Belarus Ordusunda “Uraqan” (220 mm) və “Smerç” (300 mm) raketlərini əvəz etməyə hazırlanıb. Kompleksin Çinin köməyi ilə yaradıldığı bildirilir. RS30 düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və havahücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub. (AzVision.az)

Həmçinin oxuyun

PKK Qarabağda ermənilərlə birgə döyüşdüyünü etiraf etdi

PKK terror təşkilatı Ermənistan tərəfindən Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşdüyünü etiraf edib. Bu barədə Türkiyənin …