Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Araz Əlizadə neçə dəfə sünnət olunub? – Etibar Əliyev

Araz Əlizadə neçə dəfə sünnət olunub? – Etibar Əliyev

Əsası Hadı Rəcəbli tərəfindən qoyulmuş milləti aşağılama hərəkatının hər dəfə yeni nümayəndəsi ortaya çıxır. Xatırlayırsınızsa, Hadı Rəcəbli müəllimlərə dərsdən sonra fəhləlik etməyi təklif etdi. Onun bu fikrinə o qədər təpkilər oldu ki, bundan sonra kimsənin bənzər fikirlər işlətməyəcəyini düşündük. Lakin bir müddət keçdikdən sonra Hadı müəllimin həmkarı yazıçı, professor Hüseynbala Mirələmov danışdı: “Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır”.
Bu açıqlama da cəmiyyətdə böyük səs-küyə səbəb oldu. Dəhşətdir. Görəsən belə təfəkkürdə dünyada yazıçı varmı? Yazıçı birinci növbədə xalqına hörmət qoymalıdır. Görəsən bu ifadədən sonra onun kitablarını alan olacaqmı?
Bir müddət keçdikdən sonra Astan Şahverdiyev Rusiyada işləyən azərbaycanlıları “otxod” adlandırdı: “…onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.
İllərdir parlamentdə ağzını açmayan Şahverdiyev nəhayət ki, özünü tanıtdırdı. Əslində bu üç deputatın işlətdiyi ifadələrlə seçicilər onları daha dərindən tanıdı. İqtidar da tanıdı. Ancaq nə faydası, onlar 10 illərlədir parlamentdədirlər.
Bunlar danışanda Araz Əlizadə sanki pusquda durmuşdu. Ara-sıra nə gəldi danışırdı. Ancaq bu dəfəki danışığı məzmun baxımından həmkarlarından geri qalmadı: “Bəzi insanlar pul yığmaq xatirinə dəbdəbəli toy məclisləri keçirir, sonra da həmin məbləği toplaya bilmirlər və böyük bir borca düşürlər. Adamlar var ki, pul yığmaq üçün bir övladına 3 dəfə sünnət toyu edir. Ona görə də bu məsələləri qanunla tənzimləmək mümkün deyil. Ancaq maarifləndirmə işi aparmaq, insanlara başa salmaq lazımdır ki, israfçılığa yol verməsinlər”.

Bu adamların 4 -ü də mandatın məsuliyyətini dərk etməyən adamlardır. Hadı Rəcəbli, Astan Şahverdiyev, Hüseynbala Mirələmov veteran deputatlardır. Onlar artıq Milli Məclisi qanunverici orqan kimi də görmürlər. Mandat onların imkanlarını genişləndirmək üçün vasitəçi rolunu oynayır. Yadımdadır, son seçkidə “Exit poll”un nəticələri elan olunanda Araz Əlizadənin dairəsindən bir məntəqənin nəticəsinə görə onu önə çıxarmışdılar. Elə o bir məntəqə də öz sözünü dedi.

Bu adam ağzını açanda bilirsən ki, hökmən xalqda qıcıq və qəzəb yaradacaq bir şey deyəcək. Bizim millət pul yığmaq üçün övladına toy eləmir, cənab deputat. Hər kəs iştirak etdiyi toyda xərclədiyi pulun qarşılığını da, əlbəttə ki, gözləməlidir. Bu, ağır adət ola bilər. Amma yaşayır, yaşadır, ailələr qurulur bu cür, insanlar həyatlarını qurur bu adətlə. Üstəlik, nə qədə ağır olsa da, xalqın səsini almadan deputat olmaqdan ağır və ziyanlı deyil.

Bir də ki, millətə bu cür böhtanı necə atmaq olar?!

Əlizadə deyir ki, adam var övladına 3 dəfə sünnət edir. Bu cür aşağılama yalnız onun ağlına gələ bilər. Azərbaycan vətəndaşı özünü heç vaxt bu cür əskiltməz. “Başına gələn başmaqçı olar” kimi gözəl bir misalımız var. Yəqin ki, Araz müəllimi bir neçə dəfə sünnət ediblər. Yəqin başına gəlib ki, indi yada salır.

Vaxtaşırı aktiv deputatların müəyyənləşdirilməsi üçün sorğular keçirilir. Adını çəkdiyim bu 4 deputatı da aktiv deputatlar sırasına daxil etmək olar. Onlar işlətdiyi ifadələrə görə uzun müddət gündəmdə qalırlar. Bunu passivlik hesab etmək olmaz. Bizim parlamentə uzun illər danışmayan deputatlar var. Görünür ki, onlar çox ağıllı adamlardır. Nə parlamentdə danışırlar nə də elə-belə. Bu 4 deputatın danışığı da onu göstərdi ki, susmaq daha önəmlıdir.

Astan Şahverdiyevin “otxod” ifadəsinin Araz Əlizadənin yada saldığı sünnət zamanı götürülmüş ət parçasına daha çox aidiyyatı var. Əslində, onların fikirlərini birləşdirib hansısa məntiq əldə etmək olar. Yaxud müəllim ət, balıq yeməməlidir ki, forma saxlasın. Həm də müəllimə qocalmaq olmaz. Onların sayı onsuz da azdır. Hüseynbala müəllimlə Hadı müəllimin fikirlərinin sintezi də belə başa düşülməlidir.

Vallah, kefdirlər ee!

Həmçinin oxuyun

PKK Qarabağda ermənilərlə birgə döyüşdüyünü etiraf etdi

PKK terror təşkilatı Ermənistan tərəfindən Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşdüyünü etiraf edib. Bu barədə Türkiyənin …

Bir cavab yazın