Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Anamın ağ(r)ı payı – Çingiz ÖZGÜR

Anamın ağ(r)ı payı – Çingiz ÖZGÜR

Özünə düşən heç bir payın azlığından, ya çoxluğundan şikayət etmədiyi kimi, “ağrı payı”ndan da şikayətlənməzdi heç vaxt. Həyatının heç bir dönəmində ağrıları əl çəkməmişdi ondan. Ən azı, yeddi dəfə bizləri dünyaya gətirməkçün ağrı çəkmişdi. Ona görə ən azı deyirəm ki, həyatda qalan övladları yeddi idi. Digərləri haqda, uzun-uzadı danışmamışdı heç vaxt, eləcə “ oldu, qalmadı” deyirdi…

Özümü tanıyandan hərdən başının, hərdən də ayaqlarının ağrıdığından xəbərdar idim. Baş ağrıları son illər yoxa çıxsa da, yerini ayaqlarındakı ağrılara vermişdi sanki. Hər il apardığım həkimlərin uzun-uzadı diaqnoz – məsləhətlərindən sonra, xəstəxanadan çıxanda üzümə baxıb, sakitcə “Narahat olma e, a bala, öldürən xəstəlik deyil, mənnən bərabər gedəcək” deyirdi… Bu dəfə mən deyirdim: “Darıxma e, ana. Soyuqlamısan, düzələcəksən”. Təsdiq formasında cavab verirdi hər dəfə. “Darıxmıram ki…” – deyirdi. Amma nəyə darıxmadığını demirdi. O halıynan da bizim dərdimizə qalırdı.

– Ay bala, sən lap zülm çəkdin e, bu gün…

– Hə e, ana, demə… Nətər çıxacaqsan mənim xəcalətimdən?

– Çıxacam, ay bala, sağ qalsam, çıxacam…

Zarafat etdiyimi bilirdi, di gəl ciddi-ciddi cavab verdi. İlk dəfə bu cavabdan sonra üşəndim… Son vaxtlar əllərinin əsməsinə görə apardığım həkim, ən düzgün diaqnozu qoymuşdu, indi anladım: “Ananızın ən böyük xəstəliyi “analıq xəstəliyi”dir. Sizə əziyyət verməmək üçün ağrılarını gizlətməyidi. Dərdini deməməyidi”. Sonra isə narahatlığının tibbi adını demişdi: “Parkinson aləmatləri”.

Yüz kitabda rast gəlmişdim, min filmdə eşitmişdim, amma o söz mənimçün heç bir məna verməmişdi. İndi isə dilimin əzbərinə çevrilmişdi. Anladım ki, tibbi termin, anaya diaqnoz kimi qoyulmadıqca, heç bir əhəmiyyət kəsb etmir. Quruca sözdü. Son günlərdə beynimdən təkrar-təkrar keçirib, səssiz tələffüz edirdim. Son anlarında isə hecaya bölürdüm. Axırıncı hecası vahimə yaradırdı məndə. Di gəl, özümdən asılı olmayaraq yenə təkrar edirdim. Par-kin-SON…

Ən son diaqnozu “faringit” də, bütün ömrüm boyu mənimçün “boğaz ağrısı”nın elmi adı idi. İndi isə özü boyda dağdı. Tələffüz etsəm, altında qalacağam deyə, dilimin ucundan qaytardığım dağ…

Anam nə parkinsondan, nə də faringitdən öldü. Həkim düz deyirdi – “analıq xəstəliyi” apardı onu. Elə olmasa, bütün gecəni yalnız quru nəfəslə yaşayan adam, səhər açılan kimi niyə getsin ki? Bizi gecə yarı narahat etmək istəmədi. Son nəfəsində də bizi düşündü. Arzu etdi. Allah taala da son arzusunu yerinə yetirdi. Biz qalxdıq, bir çay içdik… Və anam getdi…

Bəlkə də təbiət anamın yaşında səhvə yol verdi. Yaşadığı həyatı, çəkdiyi əziyyətlərə görə hesabladı yəqin. Anam bir insanın bütün ömrü boyu çəkə biləcəyindən qat-qat artıq əziyyət çəkmişdi. Həm də büruzə vermədən. Bizlərə yansıtmadan.

“Ata həyat divarında səni saxlayan daşdı. Ata gedəndə, ayağının altında yer boş qalır, amma sən özündən yuxarıdakıları saxlamaq üçün həyata dirənirsən. Di gəl, o boşluq ömür boyu səninlədi. Ana gedəndə isə uşaqlığın bitir”. Bu sözləri bir dostuma demişdim. Onda hələ mənim “ana ölümü” təcrübəm yox idi. Bəli, məhz təcrübəm… İndi mən o təcrübədən bilirəm ki, son nəfəsini verən anada övladın həyat əlaməti axtarması nə deməkdi. Mən anamda nəbz, nəfəs axtarırdım. Əslində bütün bunlardansa, bircə anlıq özümə baxmağım kifayət idi. O anda bircə anlıq özünüzə baxın. Dünyanın ən bədbəxt və ən çarəsiz adamı sizsinizsə, demək, ananız artıq yaşamır. Ananızda həyat əlaməti əvəzinə, özünüzdə bircə damcı uşaqlıq əlaməti axtarın, uşaqlıq adına heç nəyiniz qalmayıbsa, demək, ananızda həyat əlaməti qalmayıb.

Həəə… Bir də, ananızın gözlərini yummağa çalışmayın. Nə qədər ki siz qarşısındasınız, yumulmayacaq. Çəkilin, gedin. Analar övladına doymur… Heç vaxt, heç birimizdən şikayət etməzdi. Nə özümüzə, nə də başqasına.

Telefon zəngimin arasının uzandığını bir şeydən bilirdim. “Hay can”ı, “alo” dan sonra dedisə, demək ki, yubatmışam zəngi. Bunu bəlkə özü də bilmirdi, hiss eləmirdi, amma mən bilirdim. Ya da, özü zəng edəcəkdi. Ondan zəng gəldisə, demək ki, telefon zənglərimin arası çox çəkib. İndi mənim bütün zənglərini söndürüb, geriyə yığdığım telefon nömrəsi də yoxumdu. Bircə anın içində hər şey dəyişdi. İndi bütün dünya anamlaşıb. Yer adları dəyişib – “Anamı apardığımız xəstəxana”, “Anam yuyulan məscid”, “Anamla getdiyimiz şadlıq evi”, “Anamın qaldığı ev”… Dünya anam olub, amma içində anam yoxdu…

Bayramda doğulduğum kəndə, Vətənimə getmişdim. Anam burda, Bakıda idi. Ordan danışanda bir dostuma dedim ki, “doğulduğum kənddə, indi mənim bir qardaşım, bir də daşım var. Başqa heç nəyim…” Daş deyəndə atamın məzarını nəzərdə tutmuşdum. Ağlımdan keçməmişdi ki, nə vaxtsa bu daş iki olacaq. Keçsə belə, o “nə vaxtsa” mənə o qədər uzaq gəlirdi ki… Uzaq deyilmiş. Haqlayırmış…

İndi mənim doğulduğum kənddə bir qardaşım, iki də “daşım” var…

Həmçinin oxuyun

“Ən çox itkilərimiz Cəbrayılda oldu” – Erməni əsgərdən etiraf

Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan …

Bir cavab yazın