Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəbhə Xəbərləri / ABŞ-ın gecə yarısı açıqladığı üçüncü atəşkəs də işə yaramadı, Ermənistan cəmi bir neçə saat sonra pozdu

ABŞ-ın gecə yarısı açıqladığı üçüncü atəşkəs də işə yaramadı, Ermənistan cəmi bir neçə saat sonra pozdu

Müəllif: Eynulla Fətullayev

Dünən gecə yarısına yaxın gözlənilmədən diplomatik kanallarla iki qəribə məlumat yayıldı. Əvvəlcə ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin amerikalıların vasitəçiliyi ilə yeni humanitar atəşkəs razılaşması əldə etdiklərini açıqladı. Bunun ardınca ATƏT-in Minsk Qrupunun həmsədrlərinin tərəfləri Moskva razılaşmasına uyğun olaraq atəşkəs rejiminə geri qayıtmağa, habelə münaqişənin yekun nizamlanması üçün predmetli danışıqlar prosesini bərpa etməyə çağıran təcili bəyanatı yayıldı.

Hansı ki, atəşin müvəqqəti dayandırılmasına dair yeni razılaşmanın əldə olunacağını göstərən heç bir əlamət mövcud deyildi. Xüsusən də Dövlət Departamentinin bəyanatından dəqiqələr əvvəl cəbhədən yeni şad xəbər gəlmişdi. Azərbaycan ordusu Qarabağın cənubunda daha bir rayon mərkəzini-Qubadlını azad etmişdi və 90-cı illərin əvvəllərində ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərinə yaxınlaşmışdı.

Dövlət Departamentinin gözlənilməz müdaxiləsi 27 il bundan qabaq işğal edilmiş torpaqlarının geri qaytarılmasını bayram edən Azərbaycan cəmiyyətinin əhvalına qətiyyən təsir etmədi. Lakin bu müdaxilə ilə bağlı müəyyən düşüncələrə qərq etdi.

Nə baş verir? Dünya paytaxtlarında bu nə “stəkanda fırtınadır”? Nəyə görə dünyanın güclü dövlətləri Azərbaycan qoşunlarının bu cür uğurBÖlu irəliləyişindən narahatdır? Axı Azərbaycan həmin qətnamələri həyata keçirir ki,  güclü dövlətlər çoxdan Ermənistanı onları yerinə yetirməyə məcbur etməli idi. Lakin bunu etmədilər və Azərbaycan üçün kədərli status-kvonu saxlamaqla məşğul oldular. Ən yaxşı halda məşhur siyasətçilər və diplomatlar əllərini kənara açıb çarəsiz olduqlarını göstərdilər, guya Ermənistanı sülhə məcbur etmək üçün lazımi mexanizmlərin olmadığı barədə müftəxorluqla məşğul oldular.

İndi isə Azərbaycan özü təşəbbüsü ələ alıb, öz suverenliyini , dövlt sərhədlərini bərpa edir, torpaqlarını qeyri-legitim və yarımkriminal hərbi birləşmələrdən təmizləyir.Və nəyə görəsə aparıcı superdövlətlər Azərbaycan dövlətinin  beynəlxalq hüquqla dəstəklənən bu qanuni addımlarını dəstəkləmək əvəzinə işğalçı Ermənistanı xilas etməyə can atırlar.

Başlayıblar Azərbaycana təzyiq etməyə. İşğalçı qüvvələrin ərazilərimizdən təmizlənməsi əməliyyatlarının dayandırılması tələbi ilə. Bu, BMT Təhlükəsizlik Şurasında da özünü göstərdi, orada daimi üzvlər müzakirəyə çıxarılan qətnamə layihəsində 1992-ci ildə qəbul edilmiş və erməni qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməyə istinad etmədilər. Təəsüf ki, Şuranın daimi olmayan üzvlərinin həmin qətnamələrdən irəli gələn tələbləri layihəyə daxil etmək üçün göstərdikləri israrlı cəhdlər nəticə vermədi. Amma  qətnamə layihəsi Azərbaycanı dəstəkləyən ölkələrin sayəsində səsvermədən keçmədi.

Yeni humanitar atəşkəs cəhdi Azərbaycana nə verəcək? Axı Ermənistan bundan əvvəlki razılaşmadan cəmi bir neçə saat sonra üzərinə götürdüyü öhdəlikləri pozub Gəncənin dinc əhalisini ballistik raketlərdən atəşə tutdu! Kim qarantiya verəcək ki, Ermənistan bu dəfə də Azərbaycanın dinc əhalisinə hücum etməyəcək?

Bundan əlavə Dövlət Departamenti humanitar atəşkəs barədə əvvəlki razılaşmanın mətnini də təhrif edib. Belə ki, məhz Azərbaycan tərəfinin israrlı tələblərindən sonra Moskva razılaşmasında atəşkəs rejiminin bərpasından deyil, sadəcə olaraq humanitar atəşkəsdən söhbət gedirdi. Beləliklə, Dövlət Departamenti razılaşmanı təhrif etdi. Azərbaycan XİN müvəqqəti humanitar atəşkəsin altına imza atmışdı.

Həmsədrlərin birgə bəyanatında əks olunan məsələyə-atəşkəs rejiminin daimi monitorinqinin parametrlərinin müəyyən edilməsinə gəldikdə isə bu mexanizmin qurulması birbaşa olaraq münaqişənin nizamlanmasından asılıdır. İlk növbədə Minsk Qrupu işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılmasının dəqiq qrafikini hazırlamalıdır. Və ədalət naminə deyək ki, Azərbaycan tərəfinin bu tələbi bəyanatda öz əksini tapıb. Həmsədrlər və Ermənistan qoşunların çıxarılması qrafikini müəyyən etməyə razılaşıblar.

Daha bir mühüm amil. Sistemli atəşkəsin əldə edilməsi halında erməni qoşunlarının nəzarətində olan ərazilərə silahların və canlı qüvvənin daşınması üzərində də monitorinq qoyulmalıdır. Bu mənada həmsədrlər sistemli atəşkəs mexanizminin necə fəaliyyət göstərəcəyinə dair bütün detallara aydınlıq gətirməlidir.

Azərbaycan hökuməti erməni baş nazir Paşinyanın sülhpərvər bəyanatlarına inanmır, hansı ki, o cəmi bir neçə gün əvvəl münaqişənin diplomatik həllinin mövcud olmadığını demişdi. Ancaq cəbhədə yeni məğlubiyyətlərdən sonra Paşinyan Vaşinqtonun təcili işə qarışması üçün yalvardı. Bu gün Paşinyan kompromislərə hazır olduğu barədə soyuqqanlı şəkildə danışa bilir.

ABŞ Dövlət Departamenti humanitar atəşkəsin imzalandığını bildirir. Ancaq erməni qoşunları Moskva razılaşmasından sonra olduğu kimi bu razılaşmanı da saatlar sonra pozdu. Ona görə də Azərbaycan ordusunun öz əməliyyatlarını davam etdirəcəyi gözlənilir. Azərbaycan tərəfinin son kəşfiyyat məlumatlarına görə, Ermənistan Laçın dəhlizi ilə Qarabağa durmadan silah daşımaqdadır. Ona görə də bu atəşkəsin heç bir neçə saat da davam etməyəcəyi əvvəlcədən aydın idi…

Həmçinin oxuyun

ANAMA 31 mina və partlamamış hərbi sursatı zərərsizləşdirdi

20-23 noyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Cəbrayıl, …