Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Moskva “Züleyxa”nın göz yaşına inanmır – Ayaz Salayev qalmaqallı film haqda danışdı

Moskva “Züleyxa”nın göz yaşına inanmır – Ayaz Salayev qalmaqallı film haqda danışdı

Rusiyanın “Rossia 1” telekanalında nümayiş olunan “Züleyxa gözlərini açır” serialı ölkədə ciddi qalmaqala səbəb olub. Güzəl Yakinanın eyni adlı kitabı əsasında çəkilmiş filmdə hər şey 1930-cu ilin qışında, gözdən-qulaqdan uzaq bir tatar kəndində başlayır.

Züleyxa on beş yaşından bəri olduqca zalım və kor qayınanası, özündən xeyli yaşlı əri ilə birlikdə yaşayır. Gözlənilmədən həyat məhvərindən çıxır, inqilab baş verir, ucqar bölgələri belə nəzarətə götürən sovet əsgərləri Züleyxanın ərini öldürürlər, qayınanası ölümcül təkliyə məhkum olur. Züleyxanı isə müxtəlif zümrədən, dindən olan insanlarla birlikdə Uzaq Sibirə sürgün edirlər.

Rusiya bolşeviklərinin təkcə tatarların deyil, digər millətlərin də başına açdıqları zülmlərdən bəhs edən filmə ciddi tənqidlər var.

Bəs nə üçün Rusiyada antibolşevik serialı bu dərəcədə narahatlıq doğurub? Tarixi filmlərdə əsas meyarlar necə olmalıdır?

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Ayaz Salayev Musavat.com-a bildirdi ki, sözügedən seriala baxmasa da, “Züleyxa gözlərini açır” əsərini oxuyub.

Onun sözlərinə görə, son illərdə Rusiyada rəsmi ideologiya Stalin dövrünə qayıdır: “Rusiyada indi yalnız xaricə səfər etmək və özəl biznes sərbəstdir. İdeologiya sanki o dövrə qayıdır.  Putin artıq SSRİ-nin bərpasından danışmağa başlayıb, çıxışlardan məlum olur ki, Brejnev yaxşı olub, bir az sərbəstlik verən Xruşşov isə pisdir, İkinci Dünya müharibəsindəki qələbə bütə çevrilir. Ancaq o müharibədə təkcə qələbə deyil, biabırçılıq əlamətləri var. Hansı müharibədə qalib gələn xalq daha çox itki verib? Yəni  bunlar diktaturaya, Stalinizmə qayıdışın əlamətləridir. Hərçənd ki, ideologiyada vətənpərvərlik mövzusu rəsmi, boz, darıxıdırıcı olmamalıdır. Bu gün Rusiyanın bütün şəhərlərində Lenin prospektləri var. Deməyim odur ki, Stalinizm qayıdır”.

A.Salayev bildirdi ki, 20 Yanvar qırğını haqda rusca məqalə yazmaq da olmur: “Adamın üstünə düşürlər, tarakan kimi hərəsi bir yerdən çıxırlar. Mən bunu rusca yazılarıma qarşı münasibətdə görmüşəm. Ona görə də həmin serialın yayını dayandırılsa, təəccüblənmərəm. Sadəcə, əsəri tatar qadın yazıb, müsəlmanların susması məni təəccübləndirir”.

Kinorejissorun sözlərinə görə, SSRİ-nin başında gürcü Stalin, Beriya kimi rəhbərlər dayanmışdı: “Ancaq bu gün Gürcüstanda sovet işğalına aid muzey var. Eyni muzeydən Baltikyanı ölkələrdə də var. Azərbaycanda isə yoxdur, baxmayaraq ki, biz də əziyyət çəkmişik, amma mövqeyimiz yumşaqdır. Bugünlərdə bir sayt qarşıma çıxdı, açıq şəkildə SSRİ tərəfdarıydı. Yazır ki, rus xalqı bizi novruzəlilərdən xilas edib, Kərim Kərimovlara qədər qaldırdı. Bunu yazana deyən yoxdur ki, bəs Mehmandarov, Topçubaşov, Xoyski hanı? Yəni bunlar hamısı ciddi, təhlükəli proseslərdir”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …