Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Milli Parkda “Qış nağılı” başladı – FOTOLAR

Milli Parkda “Qış nağılı” başladı – FOTOLAR

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 30-da Dənizkənarı Milli Parkda paytaxtımızın sakinləri və qonaqları olan uşaqlar üçün “Qış nağılı” festivalına start verilib.

Festival Bakı Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilir. 2018-ci il yanvarın 3-dək hər gün saat 13:00–dan 18:00–dək uşaqları cizgi filmlərinin qəhrəmanları gözləyəcək.

Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov AzərTAc-a bildirib ki, festivalın keçirilməsində məqsəd bayram günlərində uşaqların nağıllar aləminə səyahətini təşkil etməkdir.

Festival çərçivəsində Balaca və Karlsonun, Maşa və Ayının sərgüzəştləri balacalara sevinc dolu anlar bəxş edəcək, Şaxta baba və Qar qız uşaqlarla rəqs edəcək, ölkənin ən yaxşı animatorları Karib dənizinin quldurları kostyumlarında əyləncəli oyunlar keçirəcəklər.

Moskva teatrının “Maşa və Ayı”, “Balaca və Karlson” tamaşaları uşaqları Yeni il nağılına aparacaq. Şəhərin ən yaxşı artistləri uşaqlarla birlikdə Yeni il bayramını A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən meydançada qeyd edəcək. Bayram günlərində müxtəlif uşaq kollektivləri, rəqs ansamblları, teatr tamaşaları nümayiş olunacaq, əyləncəli viktorinalar keçiriləcək.

“Qış nağılı” adlı əyləncəli şənliyin ilk günündə Bakı Dənizkənarı Milli Parkında 100-dən çox uşaq, onların valideynləri və şəhərimizin qonaqları toplaşıb. Nağıl qəhrəmanları uşaqları salamladıqdan sonra uşaq kollektivlərinin çıxışları başlanıb. Balacalar səhnədə Azərbaycan və xarici ölkələrin rəqs nömrələrini, maraqlı səhnəcikləri izləyiblər, viktorinalarda iştirak ediblər. Bayram tədbiri hər kəsdə xoş ovqat yaradıb. Giriş sərbəstdir.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …