Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / İctimai şuralar özünü doğruldurmu? – “Qaranlıqdır”

İctimai şuralar özünü doğruldurmu? – “Qaranlıqdır”

Artıq bir neçə ildir Azərbaycanda müxtəlif dövlət qurumları yanında ictimai şuraların formalaşdırılması prosesi gedir. Bu institutların formalaşdırılması 2014-cü ildə qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” Qanunda nəzərdə tutulub. Qanuna əsasən, icra hakimiyyəti orqanları yanında 5-15 nəfərdən ibarət ictimai şura formalaşdırılmalıdır. İki il fəaliyyət göstərəcək şuralara vətəndaş cəmiyyəti nümayəndələri, müstəqil ekspertlər üzv ola bilərlər.

Ötən illər ərzində qanunun ictimai şuralarla bağlı tələbləri demək olar ki, icra olunmayıb. Vətəndaş cəmiyyətinin bütün təkidlərinə rəğmən əksər mərkəzi icra hakimiyyəti orqanları ictimai şuraların formalaşdırılması prosesindən yayınıblar. Yalnız bir neçə qurumda əksər hallarda formal xarakter daşıyan ictimai şuralar yaranıb ki, onların da aktiv fəaliyyəti müşahidə olunmayıb.

Ötən ildən etibarən Prezident İlham Əliyevin dövlət qurumları üzərində ictimai nəzarət mexanizminin yaradılmasının zəruriliyinə dair çıxışlarından sonra mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların formalaşdırılması prosesi kütləvi xarakter alıb. Son aylarda çoxsaylı nazirlik, komitə və digər qurumların yanında ictimai şuralar formalaşdırılıb.

Bu proses bir sıra hallarda ictimai narazılıqlar, müzakirələrlə müşayiət olunur ki, bu da vətəndaş cəmiyyətində bu və ya digər quruma olan marağın nəticəsi sayıla bilər. Bəzi hallarda isə formalaşdırılan ictimai şuraların tərkibi ictimaiyyətə tanış olmayan şəxslərdən ibarət olur ki, bu da cəmiyyətdə ciddi narazılıqlar yaradır. Ölkə ictimaiyyəti mühüm dövlət qurumları yanında formalaşdırılan ictimai şuralarda müstəqil şəxslərin daha çox təmsil olunmasında maraqlıdır. Bu baxımdan, hansısa ictimai şuraya müstəqil ekspertlər üzv seçilirsə, bu hadisə sosial şəbəkələrdə, vətəndaş cəmiyyəti nümayəndələri arasında rəğbətlə qarşılanır.

Onu da qeyd edək ki, ictimai şuraların yaradılması prosesi aktivləşsə də cəmiyyətdə bu institutların dövlət qurumları üzərində effektiv nəzarəti təmin edəcəyinə dair ciddi tərəddüdlər var. İqtisadçı-ekspert Samir Əliyev deyir ki, hazırda Azərbaycanda ictimai şuraların formalaşdırılması prosesi qaneedici deyil: “İctimai şuraların istər formalaşdırılması, istərsə də fəaliyyəti ilə bağlı vəziyyət məqbul deyil. Əvvəla, hər hansı qurum yanında ictimai şuraya həmin qurumun istəmədiyi şəxsin düşməsi mümkün deyil. Seçki prosesi təkmil deyil. Burada söhbət saxtakarlıqdan getmir. Söhbət ondan gedir ki, müəyyən qruplar formalaşıb və onlar bir-birinə dəstək verməklə istənilən şəxsin şura üzvü seçilməsini ya əngəlləyə, ya da təmin edə bilirlər. Bu da seçki mexanizminin təkmil olmamasından irəli gəlir”.

Ekspert hesab edir ki, ictimai şuraların seçki yolu ilə formalaşdırılması mexanizmi ləğv olunmalıdır: “Akkreditasiya sisteminə keçilməlidir. Bu model necə işləyir: tutalım iqtisadiyyat sahəsində işləyən qeyri-hökumət təşkilatları gedib müvafiq qurumda akkreditasiya olunur və onun işində yaxından iştirak edir. Yəni marağı var və bu prosesdə aktiv iştirak edir. Bu, bütün qeyri-hökumət təşkilatlarının müvafiq dövlət qurumlarının fəaliyyətində iştirakına şərait yaradar. İndiki forma – İctimai Şura bu iştirakı məhdudlaşdırır. Çünki ölkədə 3 mindən yuxarı qeyri-hökumət təşkilatı var, onların ən yaxşı halda bir neçə yüzü ictimai şuralarda təmsil oluna biləcəklər. Bəs qalanları öz ictimai nəzarət funksiyasını necə yerinə yetirəcək? Akkreditasiya sistemi olarsa, bu problem yaranmayacaq. Mən iqtisadi yönümlü təşkilatam, təhsil, yaxud səhiyyə iqtisadiyyatı ilə bağlı layihəm var. Gedirəm müvafiq nazirlikdə akkreditasiya olunuram, işləyirəm. Sabah bu sahələrlə bağlı işim olmayacaq, akkreditasiyamı geri götürəcəm. Düşünürəm ki, vətəndaş cəmiyyəti nümayəndələrinə sərbəst iştirakçılıq imkanları yaradılmalıdır”.

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev ictimai şuralarla bağlı mövcud vəziyyəti mübahisəli hesab edir: “Hesab edirəm ki, ictimai şuraların Azərbaycanda tətbiq olunan təcrübəsi yanlış təcrübədir. Bu təcrübənin haradan götürüldüyü də mənə qaranlıqdır. Təcrübə göstərir ki, Azərbaycanda ictimai şuralara seçkilər müvafiq qurumların nəzarəti altında baş tutur, onların istəmədikləri namizədlər şura üzvü ola bilmir”.

A.Mehtiyevin fikrincə, ictimai şuraların effektiv fəaliyyəti üçün media və vətəndaş cəmiyyətinin müstəqilliyi təmin olunmalıdır: “Ölkədə müstəqil peşə birliklərinin formalaşması təmin edilməlidir. Bu şərait təmin edilmədən ictimai şuraların effektiv nəzarəti təmin etməsi real görünmür. İndiki halda ictimai şuraların qanun gərəyi addım kimi icra olunduğu təsəvvürü daha böyükdür. Bu vəziyyəti aradan qaldırmaq üçün ictimai şuralara seçkilərin tam şəffaf keçirilməsi təmin olunmalıdır. Eyni zamanda şura üzvlərinə tələblər dəqiq müəyyənləşməlidir. Hələlik Azərbaycanda mövcud olan mühitdə ictimai şuraların fəaiyyətinin səmərəli olacağını gözləmirəm”.

Son aylarda ictimai şuraları formalaşdırılan qurumlar arasında hökumətin iqtisadi blokuna daxil olan mərkəzi icra hakimiyyəti orqanları da var. Maraqlıdır ki, bu qurumların ictimai şuralarında tanınmış müstəqil ekspertlər də təmsil olunur. Məsələn, Milli İnternet Forumunun prezidenti Osman Gündüz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov, Qarabağ Qaziləri İctimai Birliyinin nümayəndəsi Rey Kərimoğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuranın üzvü seçiliblər. Bugünlərdə isə hökumətin iqtisadi blokunun ən böyük üzvü olan İqtisadiyyat Nazirliyi yanında İctimai Şuraya keçirilən seçkilərin nəticələri açıqlanıb və məlum olub ki, iki tanınmış müstəqil ekspert – Rövşən Ağayev və Rəşad Həsənov seçilənlər arasındadır. Eyni zamanda tanınmış vətəndaş cəmiyyəti nümayəndəsi Əliməmməd Nuriyev də şuraya üzv seçilib.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, müasir sistemlərdə icmanın, vətəndaşın qərarqəbuletmədə iştirakı çox vacib institut hesab edilir: “Günümüzdə bunun müxtəlif mexanizmləri inkişaf edir. İctimai şuralar Azərbaycanda bu sahədə mövcud əməkdaşlıq platformalarından biridir”. Ekspertin İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın fəaliyyətindən bir sıra gözləntiləri var: “Əvvəla, çevik kommunikasiya və yaxud biznesin səsi olmaq – iqtisadi subyektlərin səsini bu istiqamətdə dövlət siyasətinin əsasını həyata keçirən dövlət qurumunun diqqətinə çatdırmaq və sonucu izləmək imkanı; ikincisi, qərarqəbuletmədə bütün maraqlı tərəflərin iştirakı və ən əsası, maraqların tarazlığının təmini istiqamətində əməkdaşlıq imkanı; üçüncüsü isə aşağıdan (vətəndaşdan, biznesdən) yuxarıya (siyasət qurumuna, idarəetməyə) doğru təşəbbüs axını və iqtisadi mühitin təkmilləşdirilməsi gözləntilərinin reallığa çevrilməsində aktiv iştirakdır”.

R.Həsənov hesab edir ki, gözləntilərin reallığa çevrilməsi heç də asan proses deyil: “Bizdə bu o qədər asan proses deyil. Xüsusilə də ictimai şuraların mahiyyəti tam qavranılmadığı qurumlarda. Ümid edirəm ki, İqtisadiyyat Nazirliyində məsələyə daha adekvat baxış var və şuranın öz fəaliyyətini effektiv təmin etməsi üçün bütün imkanlar qanunvericiliyin tələbləri çərçivəsində təmin ediləcək”.

Məlumdur ki, İqtisadiyyat Nazirliyi Azərbaycanda ən çoxfunksiyalı dövlət qurumudur: sahibkarların, istehlakçıların hüquqlarının müdafiəsindən tutmuş, əmlak münasibətləri, vergi, sosial sığorta haqlarının toplanmasına qədər çoxsaylı sahələri əhatə edir. Belə çoxfunksiyalı qurumun fəaliyyətinə nəzarət imkanları nə qədər yüksəkdir? R.Həsənov deyir ki, bu imkanın yaranması üçün bir sıra addımlar atılmalıdır: “Qanunvericiliyə uyğun olaraq şuranın müvafiq məlumatlara çıxışı təmin edilməli, qarşılıqlı müzakirə platformaları mütəmadi şəkildə fəaliyyətini davam etdirməli, təkliflərə və tənqidlərə münasibətdə tolerantlıq olmalı və ən əsası şura ilə nazirlik arasında səmini iş və qarşılıqlı inam mühiti inkişaf etdirilməlidir. Əks halda, formallıq önə çıxacaq”.

Ölkədə müstəqil ekspertləri ictimai şurada görmək istəyən qurumlar çox azdır. Bu baxımdan, müstəqil mövqeli ekspertlərin ictimai şuraya seçilməyi İqtisadiyyat Nazirliyinin ictimai  nəzarətdən çəkinmədiyinin göstəricisi sayıla bilərmi? Ekspert sualın cavabının zamana bağlı olduğu qənaətindədir: “Mən şəxsən öz adımdan bunu müsbət qiymətləndirir və gələcək əməkdaşlıq üçün sağlam əsas hesab edirəm. Ancaq yekun fikir bildirmək üçün çox erkəndir deyə düşünürəm. Bunu zaman göstərəcək. Ümid edirəm ki, həm şura və həm də nazirlik tabuları qıracaq və mövcud şərtlər daxilində səmərəli əməkdalıq nümunəsi göstərəcək”.

Onu da bildirək ki, yaxın vaxtlarda iqtisadi bloka daxil olan digər qurumların yanında da ictimai şuraların formalaşdırılması gözlənilir. Hazırda bir sıra qurumlarda üzvlüyə namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. “Yeni Müsavat”

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …