Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Fuad Poladovun son rolu…

Fuad Poladovun son rolu…

O heç vaxt yaddaşımızda xəstə, üzgün, nicatsız mərəzin çəngində naçar qalan kimi canlanmayacaq”. 
Bu sözləri millət vəkili Rafael Hüseynov dünyasını dəyişən xalq artisti Fuad Poladov haqda deyib. R.Hüseynov bildirib ki, Fuad Poladov özü buna imkan vermədi.
Özü buna imkan vermədi. İstəmədi ki, onu heysiz, üzülmüş, sınıxmış görək. Və ürək yaddaşımıza əbədilik həkk olunan Fuad öz yerində, amma göz yaddaşımızda da o, həmişəki şax yerişi, məğrur duruşu, işıqlı çöhrəsi ilə qalacaq. Bu da onun bizə son yaxşılığı oldu. Heç birimizə fürsət vermədi ki, ömrünün son aylarında onu görək. …Necə Vaqif Səmədoğlu, elə də Fuad Poladov.
Hər ikisi məşum xərçəngi mərd-mərdanə qarşıladı və ölümün labüd gəlişi, lap yaxından hiss olunan soyuq nəfəsi qətiyyən onları sarsıtmadı, müvazinətdən çıxarmadı. Vaqifin vəfatından bir az əvvəl Nizami muzeyində onun yaradıcılıq gecəsini keçirmişdim, bütün baş verənləri, söylənənləri də başdan-sona lentə almışdıq.
Həmin gecədən ayrıca veriliş də hazırladım, həm İctimai Televiziyada, həm AZTV-də bir neçə dəfə nümayiş etdirildi. Birincisini ekranda görmək Vaqifin özünə də nəsib oldu. Həm gecənin özü, həm efirdəki təqdimatı onu ruhən xeyli dirçəltmişdi.O gecənin iştirakçılarından bir də əziz Fuad idi.
Zəng gurub dəvət edəndə dərhal: “Hər nə işim olsa da, mütləq gələcəm”, — demişdi
Vaqifi çox sevirdi.
Gözəl danışmışdı, Vaqifin 2 şeirini də əla oxumuşdu.
Səhhətində narahatlıqlar yaranan ilk vaxtlarda ürəyimdən keçdi ki, muzeydə Fuadın da belə bir gecəsini təşkil edim, lentə alaq, ən azı xatirə olaraq qalsın.
Çox tərəddüd eləyirdim ki, necə deyim qəlbinə dəyməsin, bu müraciətim onun bəlkə də xəstəliyin xofu ilə üşənən ürəyinə əlavə nisgil xalı salmasın. Hər halda özümü vadar eləyib dedim. Hələ səsi yerində idi.
Dedi: “Bir az gözlə, babatlaşım, baxaq”.
İnad etmədim.
Amma gərək edəydim!..
Axı acı təcrübələrdən bilirdim ki, bu şoğəribə düçar olanların gün ötdükcə daha artıq haldan düşməsi, mərəzin bir az da dərinlərə işləməsi, asta-asta bədəndən canı sovurması qaçılmazdır.
Və ən faciəlisi də odur ki, xərçəng Fuadın ən böyük gücündən – səsindən yapışdı.
Özündən əvvəl səsini bizdən aldı.
Fuad mətin, iradəli, dözümlü adam idi.
Fuad qeyrətli adam idi, kişi adam idi.
Lap bu xəstəlik olmasa belə hər bir kəsin qismətində olan ölümün haçansa onun da qapısını döyəcəyi həqiqətindən, Fuad, təbii ki, agah idi.
Və əslində o, ölüm, əbədi gediş üzərində qələbəsini çoxdan çalmışdı.
Radio və teletamaşalarda, səhnədə yaratdığı surətlərin hamısı olmasa da, bir xeylisi lentləşib, tarixləşib.
Qalır və qalacaq.
Bədii filmlərdəki təkrarasız obrazları gələcək onillər boyu min dəflərlə baxılacaq.
Və o vəsiləylə Fuad bizə yaşatdığı hissləri ən qadir bir diri kimi sabahın insanlarına da yaşadacaq.
…Adətən Fuadın yaratdığı surətlərin əksərinə dərin psixologizm xas idi.
Fuad həm Milli Dram Teatrında oynayırdı, həm Səməd Vurğun adına Rus Dram teatrının səhnəsində çıxış edirdi.
Bu elə məqamdır ki, o dili və bu dili yaxşı bilmək hələ azdır.
(Hərçənd bu dildən o dilə keçmək, bir səs aparatından digərinə asudəcə adlamaq, zahirən eyni olan səslərin fərqli dillərdəki başqalaşan məxrəclərinə tam uyğunlaşmaq sadəcə dil bilgisi məsələsi deyil.
Asan iş olsaydı, başqa neçə aktyorumuz da belə edərdi.
Fuad hər istedadlı aktyora belə müyəssər olmayanları edə bilən nadirlərdən idi).
Səhnədə bu gün Azərbaycan dilində, sabah rus dilində ürəyin istəyən kimi, inandıraraq oynaya bilməkçün gərək həmin anda həmin dillə yaşaya biləsən, o dilin stixiyasında olasan.
Məhz həmin anda səsləndirdiyin dilin ruhunun fəzasında uçasan!
Fuad bunu misilsiz istedad və ustalıqla bacarırdı!
…Fuaddan bizə çox yadigarlar qalır.
Və həmin yadigarlardan birinin yaranmasında mənim də təsirim olub.
Dahi rübai ustası Ömər Xəyyamın aşiqlərindən olan ədəbiyyat məftunu Əli Polad Vahabzadə şairin seçmə rübailərini bir neçə dildə, ayrıca kitablar halında çox nəfis halda nəşr etdiridi. Mən də bu nəcib işlərdə ona bacardığım köməyi göstərirdim və həmin nəşrlərin farscasında, ingilscəsində, ruscasında, türkcəsində Xəyyam haqda yazım da gedib.
Belə qət edilmişdi ki, farsca nəşrində olduğu kimi rübailərin Azərbaycan nəşrinə də əlavə ediləcək disk buraxılsın.
Şeirlər musiqinin müşayiəti ilə aktyorların ifasında səslənməli idi.
Əli bəy özü bu işə Cənubi Azərbaycandan da çox təsirli səs sahibi və heç aktyor olmayan maraqlı insanları taparaq cəlb etmişdi. Mən təklif etmişdim ki, bu qiraətlərə Fuad Poladov mütləq qatılsın.
Çünki filosof Xəyyamın dərin, bir neçə məna qatlı şeirlərini məhz Fuad kimi sadəcə yaxşı aktyor deyil, həm də dərin təfəkkür yiyəsi duyğun insan qəlbəyatan tərzdə canlandıra bilərdi.
Cəmlənmiş rübailər müxtəlif dövrlərin, müxtəlif Azərbaycan şairlərinin tərcümələri idi. Heca ilə çevrilmişləri vardı, əruzda olanları vardı. Əruzdakıları Fuadçün oxumuşdum ki, vəzn baxımından axsamalar, xətalar olmasın.
Fuad oxumuşdu, disk qalır və bu sadəcə qiraət deyil.
Fuad ölməz Ömər Xəyyamın həyat, insan və dünya haqqında düşüncələrinə özünü də əlavə edərək oxuyub həmin şeirləri.
Məhz özünü əlavə edərək, o şeirlərə misra-misra, söz-söz qovuşaraq, əriyib həmin düşüncələrə qatışaraq oxuyub!
Fuad Poladovun səsində dinləyirəm Xəyyamı:
Dünən meyxanədə mən bir qocadan,
Soruşdum ki, gedib bu qədər insan,
Onlardan xəbər ver! Dedi: “Şərab iç,
Gedənlər qayıtmaz bir də heç zaman!”.
Əzizim Fuad! Gedənlərin qayıtmaması gerçəyi sənin kimi möcüzə yaratmağı bacaranlara aid deyil.
Sən həmişə qayıdacaqsan, həmişə bizimlə olacaqsan, dəyərli dost, böyük sənətkar!
…Fuad Poladovu dinləyirəm, qoca Xəyyamın müdrik qəmə bələnmiş misralarını səsləndirir:
Sadəlövh könlümdən mən cana gəldim,
Cəfakeş dünyadan fəğana gəldim,
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba nə üçün cahana gəldim?!
Bu həqiqət ağrılıdır, qardaşım Fuad!
Dünyanın işi bizsiz keçib, keçir, bizsiz də keçəcək.
İnsanlar gəlir, yaşayır, gedir, dünyasa sonsuz gərdişindədir.
Amma sənin kimi bənzərsizlərin dünyaya gəlişinin bir ayrı ali mənası da var.
Bu sual sənə aid deyil ki, niyə dünyaya gəlmişdin.
Sən həyata bəlli təyinatla gəlmişlərdən idin!
Dünyaya gəldin, yaşadın və elə etdin ki, dünya sənə qədər olduğundan daha gözəl oldu!
Gəldin, gözəlliklər yaratdın, ruhumuzu gözəllik üstündə köklədin və heç vaxt sönməyəcək gözəllik saçan ruhunu millətinə, bu dünyaya, insanlara ərməğan edib getdin.
Tənhalığa çəkilərək, öz içərisinə qapılaraq ölümə və heç nəyə əyilməyən, ən dar macalda da təmənnasızlığını hifz edən, nəfsini tox, vüqarını uca saxlayan mərd Fuad Poladov obrazı həyatının axırıncı bir neçə aylıq parçasında sənin oynadığın son ən möhtəşəm rolun idi!
Bu Gündən həm o, həm bu dünyada yeni yolların başlanır.
Əziz qardaş, əgər orda Haqq dünyasında şeir varsa, dil varsa, şeiri, sözü dinləmək eşqi varsa, orda da sənə hökmən ehtiyac olacaq, arayacaqlar səni!
Allah o dünyanı versin!
Bu dünyadakı ömrünün məhəbbətlərimizdə davam edəcək yeni başlanğıcı mübarək olsun! (Moderator.az)

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …