Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Ensiklopediyanın 5 cildi plagiatdır”

“Ensiklopediyanın 5 cildi plagiatdır”

Xəbər verdiyimiz kimi, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov heç bir əsas olmadığı halda Azərbaycan jurnalistlərinin ünvanına təhqirlər yağdırıb. Akademikin ziyalıya yaraşmayan bu hərəkəti ciddi etirazlar doğurub. Hətta Ramiz Məmmədovun işinə AMEA Rəyasət Heyətinin iclasında da baxılacağı elan olunub. AMEA prezidenti Akif Əlizadənin də bu məsələyə sərt reaksiya verdiyi bildirilir.

Bəs biz elm adamı, ziyalı, akademik niyə bu qədər məsuliyyətsiz çıxışlar edir? Bunun səbəbi nədir? Bu suallar ətrafında təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevləsöhbətləşdik.

– Etibar müəllim, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri tənqid etməsinə münasibətinizi bilmək istərdik. Sizcə, ziyalının, bir akademikin bu qədər aqressiz olmasının səbəbi nədir?

– Mən Ramiz müəllimi ciddi alim və mədəni insan kimi tanıyıram. Vaxtilə biz bir institutda işlədiyimizdən qənaətim budur. Yəqin ki, jurnalistlə danışanda emosiyalarını cilovlaya bilməyib. Müsahibələrlə bağlı yaranan insidentlərdə çox vaxt jurnalistlər müdafiə olunurlar. Bizdə sahə jurnalistikası inkişaf etmədiyi üçün müxtəlif sahələr üzrə mütəxəssislər və alimlərlə müsahibələr alınmır. Ali təhsilli jurnalist fizikdən, rektordan, yaxud həkimdən müsahibə götürməzdən öncə hazırlaşmalıdır. Bizdə belə şey yoxdur. Bir çox hallarda jurnalistlər özlərini alimdən üstün tuturlar. Qarşı tərəf jurnalistin hazırlıqlı olmasından ruhlanmalıdır. Dünyanın aparıcı elmi jurnallarına və qəzetlərinə diqqət etsəniz bu tendensiyanı görərsiniz. Jurnalistlər alimləri potensiallarını açmağa məcbur edirlər. Yaxşı, Ramiz Məmmədovdan əvvəl müğənni Ədalət Şükürov jurnalistə “zurnalist” dedi. Onda ölçü götürmək üçün Nuşirəvan Məhərrəmliyə niyə məktub yazmadılar? Televiziyalar Ədalət Şükürovu, Namiq Qaraçuxurlunu cəmi alimlərimizdən çox verilişlərə dəvət edirlər. Bəla burasındadır.

– Amma gərək alim də danışmağa meyilli olsun ki, jurnalist də onu danışdırsın da…

– Haqlısınız. İndi təsəvvür edin Azərbaycan Milli Elmlər Akademiyasının 73 həqiqi üzvü, 113 müxbir üzvü var. Onların böyük əksəriyyətini Azərbaycan cəmiyyəti tanımır. Tanımaq üçün onlar danışmalı və məşğul olduqları elm sahələri üzrə yazmalıdırlar. Azərbaycan alimləri müqayisədə dünyanın ən passiv alimləridir. Heç bir məsələdə alim münasibətinə rast gələ bilməzsən. Yadınızdadırmı, İlham Mirzəyev adlı birisi televiziyada psixoterapevt qismində uzun müddət insanları müalicə etməyə çağırırdı. Bir psixoloq, yaxud psixoterapevt çıxıb ona demədi ki, ay kişi, sən bu sahənin adamı deyilsən axı? Yenə sağ olsunlar, hüquq-mühafizə orqanları tədbir gördü. Elm cəmiyyət üçün maraq kəsb etmir. Televiziyalarda dini verilişlərə elmi verilişlərdən çox vaxt ayrılır. Rusiyada elm sahəsində “V mire nauki” adlı məşhur bir jurnal dərc olunur. Bu jurnalın hər nömrəsində tanınmış almlərlə dəyirmi masa keçirilir. Cəmiyyəti, dövləti maraqlandıran problemləri müzakirə edirlər. Bizdə 3 alimi bir yerə yığmaq mümkün deyil. Hərə öz monoloqunu deyir. Uzun müddət danışmayan və dindirilməyən alimlər jurnalistlə üzləşəndə çaşbaş qalırlar. Alimlər universitetlərdə rektordan, Akademiyada isə Akademiya rəhbərliyindən icazə almamış danışmırlar.

– Etibar müəllim, bizim alimlərin elmin populyarlaşdırılması, ensiklopediyaların tərtibatı sahəsində işləri də zəifdir. Halbuki, elə ensiklopediyalar jurnalistlər üçün də yaxşı mənbə ola bilər.

– Maraqlı sualdır. AMEA-nın rəhbərliyi heç bir lüzum olmadan Elmin populyarlaşdırılması İnstitutu yaradıb. Əslində hər bir sahə institutunun özü elmin populyarlaşdırılması istiqamətində çalışmalıdır. Bu elmi tədqiqatlar qədər vacib işdir. Fizika İnstitutu fizika elminin, Botanika İnstitutu botanika elminin və s. populyarlaşdırılması ilə məşğul olmalı idi. Bir institut bütün elmlərin populyarlaşdırılması ilə məşğul ola bilməz. O ki qaldı ensiklopediya məsələsinə, ensiklopediya hər bir xalqın elmi potensialının güzgüsüdür. Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin sədri Prezident İlham Əliyevdir. Prezident bütün dünyada ensiklopediya işinin nə dərəcədə əhəmiyyətli bir iş olduğunu bilən şəxsdir. Və bu məqsədlə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaratdı və Ensiklopediyanın Redaksiya heyətinin sədri kimi məsuliyyəti üzərinə götürdü. Ancaq bunun müqabilində akademiklər nə etdi? Plagiat ensiklopediya tərtib etməyə başladılar. İndi çapdan çıxan Milli Ensiklopediyanın 5 cildi plagiatdır. Bu çox böyük biabırçılıqdır . Mən bu barədə Milli Ensiklopediyanın Redaksiya Heyətinin sədrinin birinci müavini akademik Ramiz Mehdiyevə məlumat vermişəm. Düşünürdüm ki, ciddi tədbirlər görüləcək. Ancaq təəssüflər olsun ki, bu böyük rüsvayçılığın qarşısının alınması istiqamətində heç bir tədbir görülmədi. (AzPolitika.info)

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …