Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / BDU-nun yeni rektoru kimdir? – Sabiq nazirin oğludur…

BDU-nun yeni rektoru kimdir? – Sabiq nazirin oğludur…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Elçin Səfəralı oğlu Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru idi.

E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.

Prezidentin bu sərəncamını gözlənilməz adlandırmaq olar. Əvvəla, BDU-ya rektor təyinatı məsələsi demək olar ki, gündəmdə deyildi. Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən ilin 15 noyabrında akademik Abel Məhərrəmovu vəzifəsindən kənarlaşdırdıqdan sonra təhsil nazirinin müavini Firudin Qurbanov rektor əvəzi təyin olunmuşdu. Gözlənilirdi ki, elə F.Qurbanov özü rektor təyin olunacaq və ya ən azı bir xeyli müddət rektor səlahiyyətlərini icra edəcək.

İkincisi, BDU rektoru vəzifəsinə potensial namizədlər arasında E.Babayevin adı heç vaxt çəkilməmişdi. Ümumiyyətlə, kifayət qədər əhəmiyyətli vəzifə tutmasına baxmayaraq, cənab Babayev bugünkü təyinata qədər cəmiyyətdə tanınan fiqur deyildi.

Bəs Elçin Babayev kimdir və BDU rektoru kimi strateji posta kimin, hansı hakimiyyətdaxili qruplaşmanın dəstəyi sayəsində təyin olunub?

“AzPolitika” bu istiqamətdə kiçik araşdırma aparıb və dəqiqləşdirib ki, E.Quliyev Naxçıvanda kifayət qədər tanınmış və nüfuzlu ailənin övladıdır. Atası Səfəralı Babayev uzun illər yüksək vəzifələrdə – Naxçıvanda maarif naziri, Nazirlər Soveti sədrinin müavini və sair kimi vəzifələrdə çalışıb, MR-in deputatı olub. Dövlət işindən ayrıldıqdan sonra isə Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, dekan vəzifəsini tutub. MR əhalisi arasında böyük nüfuz sahibi olan S.Babayev mərhum prezident Heydər Əliyevlə çox yaxşı şəxsi münasibətlərə malik olub. Yəni E.Babayev hakim ailənin şəxsən tanıdığı ailənin övladıdır.

E.Babayev hər hansı hakimiyyətdaxili qruplaşmanın üzvü deyil və sırf öz bacarığına, yüksək intellektinə görə önə çəkilib. O, həmçinin kifayət qədər təmiz reputasiyalı, yüksək əxlaqlı və yüksək mədəniyyətli bir şəxsdir. Bunları da yeni rektoru yaxından tanıyan mənbələr deyir.

Ümid edirik ki, E.Babayev BDU-nun Abel Məhərrəmovdək və xüsusən də onun dövründə kirlənmiş reputasiyasını təmizləyə, bu ali təhsil ocağının itmiş nüfuzunu özünə qaytara biləcək.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …