Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Viləşçay Su Anbarının mühafizə zolağı satılıb – FHN əməkdaşı ittiham olunur

Viləşçay Su Anbarının mühafizə zolağı satılıb – FHN əməkdaşı ittiham olunur

Viləşçay Su Anbarının mühafizə zolağının ərazisi ayrı-ayrı şəxslərə satılıb. Belə ki, rayon sakinlərindən AzToday.az-a daxil olan şikayətə görə, su anbarının mühafizə zolağının İsi kəndinə yaxın ərazisi qanunsuz olaraq zəbt olunub. Mühafizə zolağının satılmasında Viləşçay Su Anbarı İstismarı İdarəsinin hansısa rolunun olub-olmadığını dəqiq demək olmur. Amma idarənin çay üzərində tikiləcək yeni su tutarının ərazisinin satılmasına niyə səssiz qaldığı ilginc məqamlardan xəbər verir.

Məlumata görə, su anbarının mühafizə zolağının satılmasında fəal iştirak edənlərdən biri də Fövqəladə Hallar Nazirliyinin Cənub Regional İdarəsinin əməkdaşı Mirxezer Hüseynov olub. Sakinlər bildirir ki, mühafizə zolağında torpaq alanlar sonradan aldadıldığını və dələduzluqla üzləşdiyinin fərqinə varıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı ASC əməkdaşlarının yoxlamaları nəticəsində su anbarının mühafizə zolağının ayrı-ayrı şəxslər tərəfindən istismar olunduğu üzə çıxıb. Dövlət qurumlarının hansı cəza tədbirləri gördüyü hələlik məlum deyil…

Qeyd edək ki, Masallı rayonunda mövcud olan 24 min 964 hektar əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay su anbarı əvəzsiz rol oynayır.

Rəsmi məlumata görə, hazırda Viləşçay Su Anbarı İstismarı İdarəsinin balansında əlavə olaraq 2 ədəd kiçik su tutarı, uzunluğu 498 kilkometr olan açıq torpaq suvarma kanalları, 72 müxtəlif növ hidrotexniki qurğular, 40 kilometr uzunluqda magistral yeraltı təzyiqli su kəmərləri, 5360 hektar ərazidə isə uzunluğu 917 kilometr olan müxtəlif diametrli qapalı boru kəmərləri mövcuddur.

Hazırlanan yeni layihəyə görə, Viləşçay su hövzəsinin həcminin 132 milyon kubmetrə çatdırılması nəzərdə tutulub. Amma su hövzəsinin genişləndirilməsi işlərinin görülməsi üçün ciddi maneələr var. Ümid edirik ki, aidiyyati qurumlar qurumlar su anbarının ərazisinin mənimsənilməsi istiqamətində ciddi tədbirlər görəcəklər…
Mövzunu araşdırmaqda davam edirik, rəsmi qurumların da mövqeyini öyrənməyə çalışacağıq.

Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …