Ana səhifə / Bölgələr / “Tərtər hadisələri”ndə vəhşicəsinə öldürülmüş hərbçimiz yenidən dəfn edildi – FOTO

“Tərtər hadisələri”ndə vəhşicəsinə öldürülmüş hərbçimiz yenidən dəfn edildi – FOTO

“Tərtər hadisələri”ndə vəhşicəsinə öldürülmüş və vətən xaini kimi dəfn edilmiş daha bir hərbçimizə bəraət verilə bilər.
Belə ki, Ordubad rayonunun Darkənd kəndində basdırılan Təmkin Nizami oğlu Quluzadənin nəşi müayinə olunmaq üçün eskumasiya olunub. Bir neçə gün əvvəl isə ədət-ənənəyə uyğun şəkildə kənd sakinlərinin iştirakı ilə dəfn olunub.
Hadisə ilə bağlı T.Quluzadənin müəllimi, jurnalist Vidadi Yusifoğlunun qeydlərini təqdim edirik:
“Ordubad rayonunun Darkənd kəndi. O gün kənddəki məzarlıqda Təmkin Nizami oğlu Quluzadə Tərtər hadisələrinin qurbanı ikinci dəfə dəfn edildi. Birinci dəfni zamanı o ” Vətən xaini “adıyla torpağa tapşırılmışdı. İnsanlarda süni nifrət yaradılmışdı. Az qalırdı ki, hamı dəmir qutu içərisindəki cansız bədənə lənət yağdırsın…

Ancaq bu gün vəziyyət dəyişib, həqiqət şərə, yalana qalib gəlmək üzrədir. Məzarlığa gələnlər sükut və şübhə içində idilər. Hətta dəmir qutunun boş olduğuna inananlar da var idi. Aparılan təhqiqat işinin tələbinə görə prosedur zamanı heç kimi məzara yaxın durmağa icazə vermədilər. Ancaq əldə olunanlar qənaət yaratdı ki, ona çox ağır işgəncə verilib, əzabla qətlə yetiriblər. Mən eşitdiklərimə əsasən deyə bilərəm ki, Təmkini öldürənlər vəhşi olublar, onlara insan demək insanlığı təhqir etmək demək olardı. O cür qəddarlığı həyata keçirənlər inanmıram ki, bizim millətin nümayəndələri olsunlar. Bizdən olsaydılar, həmcinslərinə qarşı elə vəhşilik etməzdilər. Buhenvald həbs düşərgəsində hitlerçilərin istifadə etdikləri ölüm gilyotları insanı bir anda öldürürdüsə, Tərtərdəki “ölüm gilyotları” insan ölümündən həzz ala-ala bu prosesi həyata keçiriblər. Nə qədər anaları gözüyaşlı qoyublar…

Bu gün məzarın açılması, Təmkinin cəsədinin müayinə edilməsi onu bir daha cismən həyata qaytarmayacaq. Ancaq Təmkinin və onun kimilərinin yaxınları o vaxt təskinlik tapacaqlar ki, günahkarlar cəzalarını alsınlar, kimin kim olduğu aşkarlansın. Qanun qanunsuzluq mifinə qalib gəlsin!”.

Qeyd edək ki, “Tərtər hadisələri”ndə 100-dən artıq hərbi qulluqçu (əsgər, çavuş, gizir və zabit heyəti) işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli azadlıqdan məhrum etmə cəzası verilib və 13 nəfər işgəncə nəticəsində vəfat edib.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …