Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Rayondan Bakıya gələn sərnişin avtobusunda əsl macəra – VİDEO

Rayondan Bakıya gələn sərnişin avtobusunda əsl macəra – VİDEO

İctimai nəqliyyat sistemindəki problemlər yəqin ki, hər kəsə məlumdur. Və bu problemlər hər keçən gün daha da artmaqda davam edir. Belə ki, sürücülərin avtomobilləri qeyri-qanuni, təhlükəli, başdansovdu idarə etməsi, sərnişinlərlə kobud rəftarı, musiqi mərkəzlərinə yüksək səs verərək sərnişinləri hövsələdən çıxaran bayağı musiqilər, filmlər və konsertlərə baxmaları həmin nəqliyyat vasitələrindən gündəlik istifadə edən sərnişinləri narahat etməklə yanaşı, həm də hövsələdən çıxarır və əsəb gərginliyi yaradır.

Təbii ki, sürücülərin səhlənkarlıq və məsuliyyəsizliyi təkcə Bakı və paytaxtətrafı ərazilərdə müşahidə olunmur. Çünki bölgələrdən paytaxta sərnişin daşıyan nəqliyyat vasitələrində də sürücülərin səhlənkarlığına dəfələrlə rast gəlmək mümkündür.

Uzun illərdir bölgələrdən paytaxta sərnişin daşıyan nəqliyyat vasitələrindən istifadə etdiyim üçün, bu təhlükələrin və səriştəsizliyin dəfələrlə şahidi olmuşam. Bu günlərdə sürücü kobudluğunun nə qədər şiddətli, nə qədər təhlükləli olmasını bir daha müşahidə etdim.

Belə ki, Ağdaş rayonunun Ləki kəndindən, daha dəqiq desəm, “Ləki dördyolu” adlanan ərazidən Bakıya getmək üçün nəqliyyat vasitəsi gözləyirdim. Qeyd edim ki, “Ləki dördyolu” adlanan ərazi ölkənin əsas gediş-gəliş yollarından biri olduğu üçün, bu ərazidən həm də dayanacaq kimi istifadə olunur.

Sözügedən dayanacaqda yeni dayanmışdım ki, qarşımda ön pəncərəsinə “Bakı-Qazax” yazılan bir avtobus dayandı və müştəri görən sürücülərəxas təkidlə avtobusa əyləşməyimi xahiş etdi. Mütəmadi olaraq bu yollardan istifadə etdiyim üçün, avtobus sürücülərinin ədəbsizliyini az-çox bilirəm. Lakin sürücünün uzun sürən təkidlərinə dözməyərək, bu avtobusa əyləşdim və böyük bir peşmançılıqla üz-üzə qaldım.

Belə ki, avtobusa əyləşəndən sonra gedəcəyim ünvana çatana qədər digər sərnişinlər kimi, tamamilə hövsələdən çıxdım. Sürücünün 2 saat 30 dəqiqəlik məsafəni 3 saat 30 dəqiqəyə qət etməsi bir yana, bu vaxt ərzində mübahisə etmədiyi və dava-dalaş salmadığı sərnişin qalamdı. Sürücü sərnişinlərlə gedişhaqqını həll edə bilmir, paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri kimi hər dayanacaqda dayanır və sərnişin götürməyə çalışır, təbii ki, hər sərnişin götürdükcə də avtobusdakı digər sərnişilərlə mübahisə edir və hər kəsi hövsələdən çxarırdı.

Digər sərnişinlərin dediklərinə görə, avtomobil ta Qazax rayonundan hərəkətə düşəndən sürücü sərnişinlərlə dalaşmağa başlayıb. Təbii ki, bu da avtomobili idarə etməkdə sürücüyə müəyyən çətinliklər yaradır və qəza vəziyyəti meydana gətirirdi. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, belə məqamlarda rayondan dincəlib qayıdan, ruh yüksəkliyi ilə yeni iş həftəsinə başlamaq istəyən vətəndaşlar da bu bir neçə saat ərzində əsəb və gərginliyə məruz qalır və istirahət burunlarından tökülür.

Sürücünün sərnişinlərlə etdiyi mübahisənin pik nöqtəsi isə, “Goran dairəsi” adlanan ərazidə avtobusa minib, Hacıqabul rayonunun Muğan qəsəbəsinə gedən sərnişinlə baş verdi. Sərnişinin idddiasına görə, sürücü iki nəfər üçün sərnişindən 8 manat gedişhaqqı almaq əvəzinə, 16 manat gedişhaqqı alıb və pulun qalığını geri qaytarmır. Sərnişinlərin canını boğazına yığan uzun mübahisədən sonra, sürücü sərnişinə qaytaracağı qalığın bir hissəsini geri qaytardı və mübahisə yenidən alovlandı. Sərnişin yenidən iddia etdi ki, sürücü bu dəfə də onun 2 manatını mənimsəyib. Təbii ki sürücü ilə sərnişininin şiddətli mübahisəsi bir neçə dəfə qəza vəziyyətinin yaranmasına da səbəb oldu.

Ənənəyə sadiq qalaraq, rayondan paytaxta hərəkət edən nəqliyyat vasitələrinin fasilə üçün əsas dayanacaq vasitəsi olan Kürdəmir rayonunda sürücü avomobili saxladı. Elə bununla da mübahisənin 2-ci hissəsinə start verildi. Nəhayət, uzun sürən qalmaqaldan sonra sərnişin sürücüdən 2 manatanı almağa nail oldu. İşin ən təhlükəli tərəfi isə o idi ki, 2 manata görə bütün sərnişinlər təhlükə altında idilər. Təbii ki, Bakıya çatana qədər sürücü digər sərnişinlərlə də mübahisəsini davam etdirdi. Nəhayət, ümidimiz az olsa da, sağ-salamat ünvana gedib çata bildik.

Maraqldır, Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) bölgələrdən paytaxta sərnişin daşıyan sürücülərə lisenziyanın hansı şərtlərlə verir? Yaxud, sürücülərlə bağlı müəyyən reydlər və ya təlimatlar olurmu?

Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova da AYNA-ya açıqlamasında sürücü səhlənkarlığından əziyyət çəkdiklərini deyib: “Təəssüflər olsun ki, burda böyük boşluqlar var və biz də həmin boşluqlardan əziyyət çəkirik. Belə ki, biz xidmətə daşıyıcı ilə, yəni sahibkarla çıxırıq. Sahibkar isə işəgötürəndir. Yəni sahibkar Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsini işə götürdüyü sürücü ilə özü bağlayır. Bizim isə sürücünü seçmək şanısmız yoxdur”.

“Dövlət Avtomobil Nəqliyyatı Xidməti təlim-tədris mərkəzinin strurkturu tam dəyişir. Lakin yeni sürücülər, onlara sertifikatlar verilməsi halları da olacaq. Amma bütün bunlar bizim gələcək planlarımıza daxildir. Qanunda göstərilən isə hələlik budur ki, sürücünü daşıyıcı şirkətinin sahibkarı işə götürür və kriteriyaları o, müəyyən edir. Biz yalnız reysqabağı sürücünün tibbi müayinəsinin təşkilinə nəzarət edirik. Nəzarət edəndə isə, biz onun sərnişinlərlə necə rəftarı edəcəyini bilmirik. Təbii ki, şikayət daxil olanda da daşıyıcıya xəbərdarlıq edirik”, – DANX sözçüsü bildirib.

Allahyoravanın sözlərinə görə, sürücülərlə mütəmadi görüşlər keçirilir: “Hazırda bizim təlim-tədris mərkəzində cənab Prezidentin avqust sərəncamına əsasən, beynəlxalq daşımaları olan sürücülərə setifikatlar verilir. Amma yerli daşıyıcıların sürücüləri ilə bağlı təəsüf ki, belə bir qərar yoxdur. Bununla bağlı hökumətə müraciət də etmişik ki, həmin sürücülər təlimlərə cəlb olunsun. Ondan sonra yəqin ki, problemlər tədricən həll olunacaq. Buna baxmayaraq, şikayət daxil olanda biz dərhal reaksiya veririk. Lakin sərnişin şikayət etmədiyi təqdirdə, biz belə hallardan xəbərsiz oluruq və belə hallar da davam edir. Artıq avtobusların əksəriyyətinə kameralar yeləşdirilib ki, bu da baş verən hadisələri təsdiq edir. Lakin elə avtobuslar var ki, onlarda heç kamera da yoxdur və bu səbəbdən də belə problemlərlə üz-üzə qalırıq”.

“Bütövlükdə ölkə üzrə vahid bilet sisteminə keçidlə bağlı DANX sistem hazırlayır. Vahid bilet sisteminə keçdikdə və nəğd hesablaşmalar tamamilə aradan qaldırılandan sonra bu məsələ tam şəkildə öz həllini tapacaq. Əslində sürücü yalnız sükanı idarə etməkdə məsuldur. Ona görə də nəğd hesablaşma və vahid bilet sisteminə keçdikdən sonra belə hallar tam şəkildə öz həllini tapacaq”, – o vurğulayıb.

Xidmətin nümayəndəsinə sözügedən avtobus və onun sürücüsü barədə konkret sual ünvanladıq. Aldığımız cavab belə oldu: “Sözügedən avtobus bizim nəzdimizdə fəaliyyət göstərən nəqliyyat vasitəsi deyil. Bu, qeyri-qanuni fəaliyyət göstərən avtobusdur və bizim də ən çox əziyyət çəkdiyimiz, qarşısını ala bilmədiyimiz gediş-gəliş xətlərindədir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin qeyri-qanuni daşımalara qarşı tədbir görmək səlahiyyəti yoxdur. Yəni ki, bu, bizim əsasnaməyə daxil deyil. Əgər bu, bizim müntəzəm daşıma xəttimiz olsaydı, biz dərhal daşıyıcı ilə əlaqə saxlayıb həm sürücünü, həm də sahibkarı cəzalandıra bilərdik. Buna qarşı yalnız aidiyyəti qurum tədbir görməlidir”.

Bəs, aidiyyəti qurum hansıdır? N.Allahyarova bu barədə açıqlama vermək istəmədi. Mövzunu araşdırmağa davam edəcəyik.

Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …