Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Qazaxın Daş Salahlı kəndində çəkilən yeni bulaqdan 200-dən çox ailə istifadə edəcək

Qazaxın Daş Salahlı kəndində çəkilən yeni bulaqdan 200-dən çox ailə istifadə edəcək

Hər kəsə yaxşı məlumdur ki, son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrində, o cümlədən də Qazax rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri ildən-ilə geniş vüsət alır.
Ölkə başçısının verdiyi tapşırıq və tövsiyələri olduğu kimi icra edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən rayonun inkişafı istiqamətində mühüm işlər görür. Son illər rayonda həyata keçirilən abadlıq və quruculuq işləri təkcə şəhər mərkəzi ilə yekunlaşmır, kəndlərdə də aparılır.
Əhalisinin sayına görə rayonun ən böyük yaşayış məntəqəsi sayılan, 10 mindən çox əhalisi olan Daş Salahlı kəndi də özünün intibah dövrünü yaşayır. Müasir yolu, təmirli bağçaları, məktəbləri, xeyli sayda işçi qüvvəsinə malik olan sənaye müəssisələri ilə göz oxşayır.
Bu gün sevindirici haldır ki, rayonda aparılan quruculuq işlərinə sakinlər də öz töhfəsini verirlər. Rayonda, eləcə də Daş Salahlı kəndində aparılan abadlıq işlərini böyük rəğbətlə qarşılayan və görülən işlərə dəstək olmaq istəyən həmyerlilərimizdən biri də İsmayılov Bulud Mikayil oğludur.
Daş Salahlı kəndində doğulub boya-başa çatan bu eloğlumuz respublikamızda, o cümlədən də Qazaxda görülən işləri hər zaman yüksək qiymətləndirdiyini bildirir. Rayonda görülən işlərə dəstək olan, xüsusilə də Daş Salahlı kəndində həmyerlilərinin içməli sudan əziyyət çəkdiyini nəzərə alan B.İsmayılov bu günlərdə nümunəvi bir addım atıb. Dünyasını dəyişən həyat yoldaşının xatirəsini əbədiləşdirmək üçün öz hesabına Daş Salahlı kəndində 200 ailənin istifadə edəcəyi 4 km uzunluğunda içməli su xətti çəkdirib, kənddə yolun kənarında onun adını daşıyan bulaq tikdirib. Həmçinin dağın ətəyində tutumu 180 kubmetr olan anbar inşa etdirib. Bu gün B.İsmayılovun bu nəcib təşəbbüsü sayəsində çəkilmiş həmin xəttin üzərində 3 bulaq yararlanacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bununla əlaqədar Daş Salahlı kəndində olub, B.İsmayılovla görüşüb. Hər bir qazaxlı üçün nümunə olacaq addımına görə kənd sakinləri adından minnətdarlığını bildirib.
B.İsmayılov qeyd edib ki, son illər Qazaxda, o cümlədən də Daş Salahlı kəndində görülən işlər biz sakinləri çox sevindirir. Hər kəs kimi, mən də istədim ki, kəndim, elim-obam üçün nəsə edim. Bu gün qarşısında dayandığımız bu bulaq həyat yoldaşımın xatirəsini əbədiləşdirməklə yanaşı, yüzlərlə insanın içməli sudan istifadə etməsi və onun ruhuna dua oxuması deməkdir.
Kənd sakinləri də ürək sözlərini çatdıraraq hər zaman onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Kəndin eloğlusu kimi bu nəcib addımına görə B.İsmayılova təşəkkürlərini çatdırıblar. GOYEZEN.AZ

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …