Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Bölgələr / Naxçıvanın Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvanın Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2020-ci ilin avqust ayı ərzində müəyyən qərarlar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, 13 avqust tarixində “Əllə toxunmuş xalçaların reyestr sistemi”nə daxil edilməsi nəzərdə tutulan xalçalara dair məlumatlar haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 may tarixli 57 nömrəli Qərarında dəyişiklik edilib.

Nazirlər Kabinetinin 74 nömrəli Qərarına əsasən “Naxçıvan Muxtar Respublikasında yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Həmin sərəncamda qeyd olunur ki, “Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə icrasının təmin edilməsi üçün aidiyyəti qurumlar fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə yarımillik və illik məlumatları hesabat dövrü başa çatdıqdan sonrakı 10 iş günü ərzində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə təqdim etsinlər.

Həmçinin 19 avqust tarixli 143 nömrəli Qərara əsasən “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə Qərar qəbul edilib. Bu qaydaların əsas məqsədi pandemiya ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılan turizm sənayesi subyektlərinin fəaliyyətlərinin bərpası zamanı sanitariya və gigiyena qaydalarına əməl olunmasını təmin etməkdir.

Eləcə də 21 avqust tarixində “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 iyul tarixli 129 nömrəli Qərarında dəyişiklik edilib. Həmin tarixdə “Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi haqqında” Qərar qəbul edilib.

Eyni zamanda “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin və ştat cədvəlinin təsdiq edilməsi haqqında da Qərar qəbul olunub. Qeyd edək ki, cəmiyyətin fəaliyyətinin məqsədi kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqları lizinq yolu ilə satmaq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və tingləri satmaq, onlara texniki servis xidməti və kənd təsərrüfatı sahəsində aqroservis xidmətləri göstərməkdən ibarətdir.

Nazirlər Kabinetinin 26 avqust tarixli 146 nömrəli Qərarına əsasən “Naxçıvan Muxtar Respublikası ərazisində iqtisadi fəaliyyət sahələri üzrə 2021-ci il üçün əmək miqrasiyası kvotası” təsdiq edilib.

Adıçəkilən qərarlarla yanaşı, “Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”nın təsdiq olunması barədə Qərar qəbul edilib. Bu qərar muxtar respublikada informasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydalarını müəyyən edir. Qanunvericiliyə uyğun olaraq informasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Naxçıvan Muxtar Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə və ya qanunvericiliyə uyğun olaraq ekspertin iştirakı ilə həyata keçirilir. İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən muxtar respublika ərazisində yaya bilməz.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 28 avqust tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının Əsasnaməsi” təsdiq edilib. Məlumat üçün qeyd edək ki, əsasnamə Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının fəaliyyətini tənzimləyir. Qanunvericiliyə əsasən Ekspert Şurası informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert rəyindən razı olmayan hüquqi və ya fiziki şəxslərin şikayətlərinə baxır və bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün tədbirlər görür.

149 nömrəli Qərara uyğun olaraq “Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları” təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 aprel tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilib.

“Naxçıvan Muxtar Respublikasında ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş nişanla təltif olunması, ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qərar qəbul edilib. Qərara əsasən ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi tam orta təhsil haqqında fərqlənmə attestatının verilməsi və onların qızıl və ya gümüş nişanla təltif olunması, ümumi orta təhsil səviyyəsində isə nümunəvi davranışı ilə fərqlənənlərin namizədliyi ümumi təhsil haqqında fərqlənmə attestatının verilməsi üçün təqdim edilir.

Nazirlər Kabinetinin 28 avqust tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası” təsdiq edilib. Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Həmçinin oxuyun

Mənşur Gülməmmədli vəzifəsindən azad edildi – Naxçıvan Hava Limanına bu şəxs rəhbərlik edəcək

Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib. TNS xəbər verir ki, bu …