Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Lerik kəndlərində yıxılan işıq dirəkləri bərpa olunmur – FOTOLAR

Lerik kəndlərində yıxılan işıq dirəkləri bərpa olunmur – FOTOLAR

Ötən ilin dekabrında və bu ilin yanvarında Lerik rayonunda baş verən güclü küləklər rayonun enerji təsərrüfatına ciddi zərər vurdu. Güclü külək nəticəsində rayonun onlarla kəndi bir neçə gün işıqsız qaldı.

Külək nəticəsində rayonun Dırığ ərazisi sayılan Şinqədulan xəttində 4 dayaq aşdığından, bu istiqamətdə olan 40-dan çox kənd işıqsız qaldı. Xüsusən də hündür ərazilərdə yerləşən işıq dirəkləri küləyin gücünə dözməyərək aşaraq sıradan çıxıb. İşıq dirəklərinin bir çoxunun ağacdan olması səbəbindən enerji təsərrüfatına daha çox ziyan dəyib.

  • İsfəndiyar Məmmədov: “Hansı evdə yaşayış yoxdursa, həmin evlərin qarşısında yıxılan elektrik dirəkləri bərpa olunmayıb”

Bu arada qəzetimizə daxil olan şikayətdən bəlli oldu ki, aşan elektrik dirəklərinin heç də hamısı bu günə qədər bərpa edilməyib. Bu barədə “Bakı-Xəbər”ə açıqlama verən rayonun Ordahal kənd sakini İsfəndiyar Məmmədovun sözlərinə görə, külək zamanı yıxılan işıq dirəklərinin bəziləri, ümumiyyətlə, ya bərpa olunmayıb, ya da alayarımçıq bərpa edilib: “Bu ilin yanvar ayında baş verən külək çox güclü olduğundan, çoxsaylı işıq dirəyi yıxıldı. Nəticədə bir sıra kəndlərin, o cümlədən, Kuman, Aran, Boykəndil, Kirəvud, Lələdulan, Ordahal, Musavar kəndlərinin elektrik xətlərinə ciddi ziyan dəydi. Günlərlə işıqsız qaldıq. Ancaq elektrik dirəklərinin bərpası alayarımçıq oldu. Yamaq formasında bir sıra elektrik dirəklərini bərpa etdilər ki, o da etibarlı deyil. Ən başlıca problem ondan ibarətdir ki, dirəklərin heç də hamısı bərpa edilmədi. Hansı evdə yaşayış yoxdursa, həmin evlərin qarşısında yıxılan elektrik dirəkləri bərpa olunmayıb. Hansı ki, yayda gəlib dincəlmək istəyənlər olur. İndinin özündə də Kuman, Aran, Ordahal və digər kəndlərdə aşan elektrik dirəkləri var ki, hələ bərpa olunmayıb. Dəfələrlə şikayət etmişik, amma məhəl qoyan yoxdur. Növbəti dəfə külək olsa, o zaman işıq dirəkləri daha çox aşacaq. Ümumiyyətlə, buna əhəmiyyət verən yoxdur. Əslində, işıq dirəkləri betondan olsa, o zaman külək onları aşıra biməz. Bu dövrdə ağacdan işıq dirəyi olar?! Hansı əsrdə yaşayırıq?”.

Külək nəticəsində aşan bəzi elektrik xətlərinin nəyə görə bərpa edilməməsi ilə əlaqədar gün ərzində bir neçə dəfə Lerik Rayon Enerji Şəbəkəsi ilə əlaqə saxlasaq da, buna aydınlıq gətirən olmadı.

Vidadi ORDAHALLI


Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …