Ana səhifə / Bölgələr / İmişlidəki otlaq sahələrini ”Azəravtoyol”un məmuru zəbt edir? – Açıqlama

İmişlidəki otlaq sahələrini ”Azəravtoyol”un məmuru zəbt edir? – Açıqlama

İmişlinin Bəcirəvan kəndi sakini Tarverdiyev Elxan Abış oğlu kənd camaatına aid otlaq sahələrinin zəbt olunmasından şikayət edir. Ölkə başçısına ünvanladığı müraciətin bir nüsxəsini də “AzPolitika.info”ya göndərən E.Tarverdiyev qanuni yolla istifadə etdikləri 10 hektarlarla ərazinin əllərindən alındığını bildirir.

Şikayətçi iddia edir ki, istifadələrində olan otlaq sahələri müxtəlif bəhanələrlə onlardan alınaraq, İmişli RPŞ-nin rəis müavini olmuş polis polkovnik-leytenantı Habil Ağayev və ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti İdarəsinin rəisi Şükür Aslanovun ixtiyarına verilir: “İmişlinin Bəcirəvan kəndinin sakinlərinin qanuni istifadəsində olan otlaq yerlərinin bir hissəsi hələ 2 il əvvəl pambıq əkini adıyla əllərindən alınıb. İndi isə İmişli RPŞ-nin rəis müavini olmuş polis polkovnik-leytenantı Habil Ağayev və ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti İdarəsinin rəisi Şükür Aslanov otlaq sahələrinin qalan hissəsini də tələb edirlər. Onlar şəxsi bizneslərinin bir qolu olaraq iri əkinçilik və heyvandarlıq təsərrüfatlarının yaradılmasını əsas gətirirlər. Kəndin ümumi otlaq sahəsində 70 hektar yerim var idi. İki il əvvəl traktorları saldılar sahəyə, 40 hektarını şumladılar. Dedilər, Prezidentin göstərişi var, pambıq əkilməlidir. Qaldı 30 hektar. Ötən yaz gəlib əlavə 10 hektar da götürdülər, qaldı 20 hektar… İndi də deyirlər ki, yazadək yığışdır fermanı burdan, torpaqların qalanını da ver Habil Ağayevə və Şükür Aslanova. Onlar buralarda əkin sahələri, heyvandarlıq kompleksi yaradır. 40 hektar məndən, 30 birindən, 20 birindən… Beləcə, kənddə azı 30-40 adamın otlaq yerinin çox hissəsini şumlayıb götürdülər, az hissəsini saxladılar. İndi o az hissələrə də göz dikiblər.”

E.Tarverdiyev qeyd edir ki, kənd camaatından pambıq əkini adı altında alınan torpaqlarda sonradan taxıl, arpa və s. əkilib: “Onsuz da iki il əvvəl torpaqların bir qismi əlimizdən alınanda heyvanların sayını azaltmaq məcburiyyətində qalmışdıq. Bu da bizi xeyli zərərə saldı. İndi isə baltanı kökündən vurmaq qərarına gəliblər. Deyirlər ki, gedin özünüzə başqa iş tapın, heyvandarlıq da, əkinçilik də bizlikdir. Mənə maraqlı odur ki, əgər iki il əvvəl torpaqların bir qismini əlimizdən dövlət proqramı adıyla – pambıq əkmək üçün almışdılarsa, niyə pambığı ləğv edib sahələri taxıl, arpa əkininə çevirdilər? Torpağı pambıq əkmək adıyla şumlayıb sonradan taxıl əkdilər. İndi də göl qazırlar ki, ərazidə suvarma sistemi qursunlar, özləri əkin işlərini genişləndirsinlər, heyvandarlıq kompleksi tiksinlər. Və açıq-aşkar da deyirlər ki, bu işin başında ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti İdarəsinin rəisi Şükür Aslanov dayanıb.”
Şikayət məktubunda yuxarıda adları çəkilən Habil Ağayev və Şükür Aslanovun quda olduğu bildirilir və onların İmişlidə bir çox qanunsuzluqlara yol verdikləri iddia edilərək, ölkə başçısından kənd camaatının bu probleminin həllinə köməklik göstərməsi xahiş olunur.

AzPolitika.info saytı ilə əlaqə saxlayan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə şikayət məktubunda yazılanların böhtan olduğunu bildirdi: “Əvvəla, araşdırdıq, nə İmişli rayonunun Bəcirəvan kəndində, nə də ümumiyyətlə respublika ərazisində Tarverdiyev Elxan Abış oğlu adlı bir şəxs yoxdur. İkincisi, İmişli RPŞ-nin keçmiş rəis müavini kimi təqdim olunan polis polkovnik-leytenantı Habil Ağayev elə indi də həmin rayonda Polis Şöbəsinin rəis müavinidir. Nə onun, nə də onun qudasının yazılanlarla heç bir əlaqəsi yoxdur. Yəni, müəllif anonim olduğu kimi, yazdıqları da böhtandır, şantaj xarakterlidir. Məqsəd insanları ləkələməkdir”.

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …