Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / İlham Əliyevin kəndləri dirçəldən proqramı Ermənistanla sərhəddə mənzərəni dəyişir

İlham Əliyevin kəndləri dirçəldən proqramı Ermənistanla sərhəddə mənzərəni dəyişir

Gədəbəy rayonunun Ermənistanla sərhəd Şınıx bölgəsinin 13 kəndini birləşdirən avtomobil yollarının asfalt örtüyü vurulmaqla yenidən qurulması işləri başa çatmaq üzrədir.

Avtomobil Yolları Dövlət Agentliyi Novosaratovka-Qaravəllər avtomobil yolundan ayrılan və Şınıx bölgəsinin 27 kəndindən 13-nü əhatə edən həmin yolların çəkilişinə 2019-cu ilin yaz aylarından başlayıb. Yol çəkilişini podratçı qismində “1 saylı Yol İstismar İdarəsi” MMC həyata keçirir.

Bölgənin Qasımağalılar, Dördlər, İsalı, Arabaçı, Zamanlı, Mor-Mor və digər bir neçə kəndini birləşdirən torpaq yolun yenidən qurulması  işlərinə çoxsaylı texnika və işçi qüvvəsi cəlb olunub. Ümumi uzunluğu 24 kilometrdən çox yolun qrunt örtüyünün vurulması tamamilə başa çatdırılıb, asfalt işləri isə yolun üçdə ikisindən çox hissəində artıq görülüb. 4-cü texniki dərəcəyə uyğun yol layihəsi üçün 10 milyon manata yaxın vəsait ayrılıb, işlər yüksək keyfiyyətlə görülür, ikiqat asfalt örtüyü vurulur, zəruri yerlərdə suötürücülər qoyulur. Habelə bir körpü əsaslı təmir edilib, iki yeni körpü inşa olunub. O cümlədən Zamanlı kəndinin orta məktəbinə gedən və əsas kənd yolundan ayrılan 2 kilometrlik yol da şagirdlərin dərsə rahat gedib-gəlişi üçün yenidən qurulmaqdadır. İşlərin yaxın 1-2 aya tamamilə başa çatması gözlənilir.

Gədəbəy rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev virtualaz.org-a bildirib ki, həmin yol layihəsi rayonda 2019-cu il ərzində həyata keçirilən ikinci kənd yolu layihəsidir və sakinlərin gediş-gəlişini xeyli asanlaşdırmaqla bərabər rayonun turizm potensialından daha yaxşı istifadə üçün də imkanlar yaradacaq.

“Bəlli olduğu kimi prezident İlham Əliyev tərəfindən respublikada kənd yollarının yenidən qurulması proqramı irəli sürülüb və bu proqram çərçivəsində təkcə 2018-ci ildə 600-dan yuxarı kəndi birləşdirən, ümumi uzunluğu 2 min kilometrdən çox olan yollar təmir edilib, asfaltlanıb. Əsasən il ərzində hər rayonda prioritet olaraq bir kənd yolu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur, amma sakinlərin, rayon rəhbərliyinin  müraciətləri əsasında,  Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşməsi, strateji əhəmiyyəti də nəzərə alınaraq rayonda iki kənd yolu layihəsi təsdiqləndi. Bunlardan biri başlanğıcını strateji əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolundan götürən, ümumi uzunluğu 23 kilometrə yaxın olan Arıqdan-Söyüdlü-Soyuqbulaq avtomobil yolu, digəri isə Novosaratovka-Qaravəllər avtomobil yolundan ayrılan və Şınıx kəndlərini əhatə edən həmin yol layihəsidir”,-icra hakimiyyətinin başçısı bildirib.

İbrahim Mustafayev qeyd edib ki, ötən il Şınıx bölgəsinin kəndlərinin qazlaşdırılması mürəkkəb dağlıq relyefə, hava şəraitinin qeyri-sabit keçməsinə baxmayaraq tamamilə başa çatdırılıb. Hazırda rayonda kəndlərin qazlaşdırılması işləri davam etdirilir.

“Gədəbəy rayonunda qazlaşdırmanın səviyyəsi hazırda 70 faizdən yuxarıdır. Bu da rayonun mürəkkəb dağlıq relyefi nəzərə alınarsa kifayət qədər yüksək qazlaşdırma səviyyəsidir. Yol infrastrukturunun yenidən qurulması, qazlaşdırma rayonun turizm potensialından istifadə, yeni investisiyaların cəlb edilməsi və ümumilikdə sosial-iqtisadi inkişaf üçün fundamental şərtləri təmin edəcək”,-İ.Mustafayev əlavə edib.

Qeyd edək ki, Şınıx kəndlərinin sakinləri yolsuzluq problemi ilə əlaqəli ötən il prezident İlham Əliyevə, o cümlədən Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədova həm də saytımız vasitəsilə müraciət etmişdilər. Göründüyü kimi sakinlərin müraciəti qısa vaxtda nəzərə alınıb və artıq Ermənistanla sərhəd bölgədə asfalt yolların çəkilməsi başa çatmaq üzrədir. Bu yol layihəsinin əhəmiyyəti həm də ondadır ki, ordumuzun bölmələrinin Ermənistanla sərhədin həmin istiqaməti boyu yerləşən döyüş mövqelərinə də hərbi təyinatlı avtomobil nəqliyyatının hərəkəti asanlaşacaq. Başqa sözlə, İlham Əliyevin kənd yollarının yenidən qurulması proqramı ən ucqar bölgələrdə, o cümlədən düşmənlə təmas xətti boyu kəndlərdə mənzərəni dəyişir, iqtisadi inkişaf və rifah gətirir. Virtualaz.org

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …