Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Bölgələr / İcra başçısı tərəfindən evi əlindən alınan Lerik sakinindən etiraz: “Özümüzü Prezidenti Administrasiyasının qarşısında yandıracağıq”

İcra başçısı tərəfindən evi əlindən alınan Lerik sakinindən etiraz: “Özümüzü Prezidenti Administrasiyasının qarşısında yandıracağıq”

Lerik rayon sakini, II qrup əlil Kazımova Gülbehişt Kəlbi qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Milli Məclisinin sədri Oqtay Əsədova və Baş prokuror Zakir Qaralova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər bir vətəndaşın mülkiyyət hüququ vardır. Həmin maddənin 4-cü bəndində təsdiq olunur ki, heç kəs məhkəmə qətnaməsi olmadan vətəndaşı mülkiyyətindən məhrum edə bilməz. Konstitusiyamızın 33-cü maddəsinə əsasən isə, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallarda və məhkəmə qətnaməsi istisna olmaqla mənzildə yaşayan sakinlərin iradəsinin ziddinə olaraq heç kəs mənzilə daxil ola bilməz.

Konstitusiyamızın 68-ci maddəsinə əsasən, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığını istisna edən vicdanlı davranışına hüququ vardır. Həmçinin, həmin maddənin 3-cü bəndinə əsasən hər kəsin dövlət orqanlarının və yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Konstitusiyamızda qeyd olunur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını qorumaq və gözləmək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Daha sonra sizə bildirmək istəyirəm ki, “İnsan Hüquqları və Azadlıqları haqqında” Konvensiyanın 2 saylı Protokolunun 1-ci maddəsinə görə, vətəndaşın mülkiyyət hüququ toxunulmazdır və hər kəsin mülkiyyət hüququ qorunmalıdır. Bu müddəaya görə, mənzil hüququ ilə bağlı Konstitusiyada da öz əksini tapıb. Mənim isə mənzilimin zorla əlimdən alınması, onun içərisindəki əşyaların qanunsuz olaraq müsadirə edilməsi halı Lerik rayonunda baş verib. Hətta 1976-cı ildən yığdığımız əmlakdan xəbərimiz yoxdur. Bunlarla əlaqədar mən aşağıdakıları bildirmək istəyirəm:

1. Həyat yoldaşım İbadov İlham Mürvət oğlu bu ilin sentyabr ayının 24-də Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda olub. Xatırladım ki, qəbul günün 2-ci yarısında olub və həyat yoldaşım qaş qaralanda evə gəlib çıxıb. Cənab nazirə Lerik rayonunda baş verən rüşvət və korrupsiya hərəkətləri haqqında geniş və ətraflı məlumat verib. Daha sonra ona “Relax” İstirahət Mərkəzində baş verən qanlı olayların təfərrüatları, törəmə səbəbləri haqqında geniş söhbət açıb. Elə həmin günün səhəri intiqam hissi ilə çağlayan Lerikin İcra başçısı bir qrup özünə tabe olan şəxslərlə və polisin köməyilə bizim evin qapısını qırdırmış və evimizə özünün əlaltısı olan bir “qadını” salmışdır. Bu, Müstəqil Azərbaycan Respublikasının hansı qanunu ilə həyata keçirilib?

2. Lerikin İcra başçısı Prezident Administrasiyasına və müraciət etdiyimiz informasiya orqanlarına yalan məlumat verərək bildirir ki, guya “Üçəm” uşaq doğmuş anaya bizim evi verib. Yenə də sual olunur: O qadın uşaqları harada qazanıb, harada doğub? Hələlik mən məlumat verim. Həmin uşaqlar Rusiya Federasiyasında doğulub. Sonradan Azərbaycana gəliblər. Hal-hazırda 10-cu sinif şagirdləridir. Bu boyda ağ yalanı ölkə ictimaiyyətinə sırımaq olarmı? Mən kimsənin ev almasına etirazım yoxdur, paxıllıq da etmirəm. Ancaq qisasçılıq, intiqam və qəzəb ruhlu İcra başçısı haqqında tədbir görülməsini Müstəqil Azərbaycan Respublikasının xanım vətəndaşı olaraq xahiş və tələb edirəm.

3. Evimizdəki əşyalarımızdan da xəbərimiz yoxdur. İcra başçısına bu boyda özbaşınalıq səlahiyyətini verən kimdir? Axı, cənab Prezident, Siz nazir və komitə sədrlərini bölgələrə vətəndaşları qəbul etməyə göndərirsiniz. Vətəndaşlara qarşı bu qədər sərt və qəddar hərəkət nə deməkdir? Belə çıxır ki, biz heç kəsə şikayət etməyək, heç kəsə dərdimizi deməyək. Xahiş edirəm ki, bu faktın araşdırılmasını nəzarətə götürəsiniz.

4. Biz 2009-cu ildən aldığımız və yaşadığımız evə elektrik xətti, qaz xətti, telefon xətti çəkdirmişik. Hətta 2-ci mərtəbədə yaşadığımızdan həyətdəki anbarla yanaşı çardaqda da özümüzə yer ayırmışıq. Bütün bunlar orada yaşadığımızı sübut etmirmi? Hələ su çənini demirəm.

5. Həyat yoldaşım məhkəmə qətnaməsi vasitəsilə işinə qayıtmışdı. İcra başçısı qərəzkarlıq edərək onu aldatmış və Milli Məclisin deputatı İqbal Məmmədovun adamını onun yerinə verməsini bəhanə edərək, bu günə kimi həyat yoldaşımı işsiz saxlayıb. Mən özüm 2-ci qrup əlil və onkoloji xəstəyəm. Həyat yoldaşım mənim iynə-dərmanımı zorla, qonorar hesabına, günəmuzd işlərdə çalışmaqla ödəyir. İcra başçısının ürəyi məncə, insan ürəyi deyil, dəmir parçasıdır. Bu, belə deyilmi?

Mən və bizim ailə üzvləri həmişə dövlətə və dövlətçiliyə sadiq olmuşuq. Amma Lerikin İcra başçısının və onun hərəkətlərinə göz yuman Azərbaycan Respublikasının Baş Prokurorluğu bizləri zorən müxalifət olmağa məcbur edir. Bu hərəkətlərin bizə və yaxud sizə qarşı olduğunu bilmirəm. Ancaq bu qərara gəlmişik ki, etiraz əlaməti olaraq özümüzü Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının qarşısında yandırıb intihar edək.

Yuxarıda qeyd etdiklərim ölkə vətəndaşlarının konstitusion hüquqlarıdır. Siz isə deyirsiniz ki, İcra orqanlarının rəhbərləri vətəndaşların qayğıları ilə yaşamalıdırlar. Lerik rayonunda isə İcra başçısı vətəndaşların hüquqlarını pozmaqla, onları gözümçıxdıya salmaqla məşğuldur. Tədbir görməklə məni qəbul etməyinizi xahiş edirəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.org//

Həmçinin oxuyun

Naxçıvanda əhalinin sayı bir ilə 2 min 862 nəfər artıb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətən 0,6 faiz artıb.Bu barədə Muxtar Respublikanın …