Ana səhifə / Bölgələr / İcra başçısı qovulan “firon”un kadrlarına vəzifələr paylayır – Şok detallar…

İcra başçısı qovulan “firon”un kadrlarına vəzifələr paylayır – Şok detallar…

Azərbaycanın dövlət rəhbərliyi büdcə oğrularına qarşı bir səfərbərlik elan edib. Güc strukturları, hüquq-mühafizə orqanları siyasi rəhbərliyin tapşırıqlarından irəli gələrək korrupsiya ilə mübarizəni sərtləşdirib.

İqtidar xalqın və dövlətin vəsaitlərini talan edən qudurğan, harın məmurları bağışlamır. Onların millətdən və büdcədən çırpışdırdığı milyardların qaytarılması istiqamətində konkret addımlar atılır.
Lakin təftiş və güclü nəzarət sisteminin yerli idarəetmə orqanlarında da həyata keçirmək hava-su qədər mühüm, təxirəsalınmaz tədbir olmalıdır.
Bununla bağlı mediadakı müfəssəl informasiyalar, vətəndaşların haray səsləri, şikayət və narazılıqları, həyəcan təbili çalması əsas verir ki, dövlətinə malına göz dikən, dədə-baba payı kimi yağmalayanlar icra hakimiyyəti məmurlarının cəzalandırılması üçün daha real fəaliyyətə keçirilməlidir.
GundemXeber.Az-ın müşahidələri, elektron media üzərindən apardığı araşdırmalar, gələn ayrı-ayrı informasiyalar bu qənaəti yaradır ki, həmin bölgələrdən biri Ağstafadır.

Qara işlər görənlər İH-ə qaytarılıb

Ağstafa Rayon İcra Hakimiyyəti (RİH) rəhbərliyində edilən kadr dəyişikliyi gözləntilər yaratmışdı ki, idarəçilik modeli, yanaşma dəyişəcək, vətəndaşlara müraciətlərinə münasibət fərqlənəcək.
Habelə İH-də əyri-üyrü, qara işlərin, qeyri-rəsmi oyunların, rüşvət və maliyyə maxinasiyalarının kökünün kəsiləcəyinə, yerli məmurların özlərini ağa kimi aparmasına son qoyulacağına ümidlər bəslənirdi.
Çünki bir çox rayonlarda, o cümlədən Ağstafa İH-də vəzifə tutan çinovniklər, müavin və şöbə müdirləri özlərini elə aparır ki, hansısa dövlət qulluqçusu deyil, bölgənin padşahlarıdırlar.
Prezident isə dəfələrlə həm xəbərdarlıq edib, həm göstərişləri qulaqardı edənləri cəzalandırıb ki, digərlərinə görk olsun.
Amma Ağstafa İH-də gedən proseslər, idarəçilikdə ikitirəlik, vaxtilə özbaşınalıq və rüşvətxorluq əməllərinə görə cəzalandırılmış məmurların təzədən vəzifələrə gətirilməsi həm rayonda narazılıq doğurur, həm də idarəçilikdə müsbət irəliləyişləri tormozlayır.
Nəticədə Ağstafa nəinki inkişaf etmir, günbəgün geriləyir, vətəndaşlarla İH-nin münasibətlərində yaxşılığa doğru pozitivlik müşahidə olunmur.
Bu da səbəbsiz deyil. Hazırkı icra başçısı Seymur Orucov rayonu təkbaşına idarə etmir, yaxud idarə edə bilmir.
Belə ki, son 30 ildə Ağstafa rayonuna kimin rəhbər təyin olunmasından asılı olmayaraq rayonu iki şəxs idarə edib.
Belə iddialar səslənməkdədir ki, hər iki şəxs bütün cildlərə girməklə çirkin planlarını gerçəkləşdiriblər, rüşvət yığıb, rəhbəri razı salıblar.
Ona görə də bu hər iki “rəhbəri” rayon rəhbərləri nə işdən çıxarır, nə də onlara “qaşın üstə gözün var” deyir.

Şaiq Qurbanovun “firon”luğu, şantajı…

GundemXeber.Az-ın əməkdaşlarının rayonda apardığı araşdırmalardan məlum olub ki, həmin məmurlardan biri RİH-də Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutmuş Şaiq Qurbanovdur.
Yerli sakinlər deyir ki, Ş.Qurbanov Ağstafada kəndlərə bələdiyyə sədrlərini, kənd ərazi inzibati icra nümayəndələrini təyin etdirmək, onları işdən aza etdirmək hüququna malik olub.
Rayonun “fironu” kimi davranmış Ş.Qurbanovun bu illər ərzində işi aylıq rüşvət yığmaq, onları Ağstafaya başçılıq etmiş rəhbərlərə çatdırmaq, pulun 20 faizini isə özünə götürməkdən ibarət olub.
Ağstafanın ikinci adamı sayılan Ş.Qurbanov tabeliyində olan şəxslərə məcburiyyət qarşılığında sənədləri imzalatdırırmış, 30-40 min manatlıq yeyinti sənədini imzalamayanlar isə şantaj olunurmuşlar.
Bu məsələlər vahimə doğurmaya bilməz və birbaşa hüquq-mühafizə orqanlarının Ş.Qurbanov haqda araşdırma aparmalı olduğu iddialardır.
Bildirilir ki, Qurbanovun rayonda qurbanları çoxdur və onlar bu məmura qarşı kin və düşmənçilik hissləri ilə yaşamaqdadırlar.
Ağstafadan gələn xəbərlərə görə, hazırda İH başçısı Seymur Orucovun tabeliyində işləyən kadrların 95 faizi Ş.Qurbanovun təyin etdiyi şantajyorlardır. İddialara görə, onlar verdikləri gizli rüşvət müqabilində icra hakimiyyətində rəhbər şəxslər tərəfindən himayə olunurlar.

İH-dən qovulmuş “rüşvət maşını” kimdir?

Çox maraqlıdır ki, heç bir icra başçısının vəzifəsindən çıxara bilmədiyi Ş.Qurbanovla yalnız Nizaməddin Quliyev bacarıb. Ağstafaya bir neçə aylıq rəhbərlik etmiş N.Quliyev onu işindən kənarlaşdırıb.
Sabiq başçı rayona rəhbər təyin ediləndə öyrənib ki, Ş.Qurbanov Ağstafanın “rüşvət maşını” missiyasını yerinə yetirir.
Həmin zaman N.Quliyevə məlum olub ki, Ş.Qurbanov aldığı rüşvətlərdən əlavə, kənd icra nümayəndələrini, o cümlədən bələdiyyə sədrlərini müxtəlif bəhanələrlə öz kabinetinə çağırırmış.
Sonra onlara bağırır, qəzəblənir, əsəbləşirmiş, hətta bu obrazda peşəkar aktyorluğu davam etdirərək əlindəki ucuz telefonu divara çırpırmış.
Onun yerli məmurları danlaması qarşılığında rəhbər şəxsə 300-500 manat civarında telefon belə aldırdığı iddiaları dolaşır.
Bu minvalla bir neçə telefon aldıran Ş.Qurbanov Ağstafa İH-ni hörmətdən salmasına rəğmən ailə üzvlərinin telefonunu təzələyirmiş.
Bütün baş verənlərə etiraz etmiş N.Quliyev onu İH-dən qovub. Eyni zamanda bir neçə il qabaq Poylu qəsəbəsində yol təmirinin nəticəsində pay torpaqlarının bir hissəsi zəbt edilib.
Sakinlərin sözlərinə görə, bu işdə Şaiq Qurbanovun əli var imiş. Amma S.Orucovun rəhbərliyi dönəmində vəzifələrdə qurbanovçular çalışır.
Belə məlumatlar gəzir ki, onlar Qurbanovun nəzarətindədirlər. O halda S.Orucov rayonda nə kimi yeniliklərə nail ola bilər? Həmin icra nümayəndələri, bələdiyyə sədrləri köhnə üsullarla işləməyə vərdiş edib.
O zaman Ağstafada Prezidentin etimadını necə doğrultmaq olar? İcra başçısının həmin şəxslərə vəzifələr pay-püş etməsi çox qəribədir.

Qurbanov -Tatarov tandemindən qalma kadrlar

GundemXeber.Az məlumat verir ki, İlqar Hacıyev, Sənan Mustafayev, Lalə Eyyubova, I müavin Müşviq Hüseynov, Vüqar Tağıyev məhz Qurbanov komandasına daxil məmurlardır. Həmçinin, onlar rüşvətlə həbs edilmiş keçmiş I müavin Ramiz Tatarovun “əlindən su içib”lər.
S.Orucovun Qurbanov-Tatarov tandemindən qalma kadrlarla hansı islahatlar aparacağı maraq doğurur. O, həqiqəti bilmək istəyirsə, Ağstafa kəndlərinə baş çəksin, oradakı insanlarla şəxsən söhbətləşsin.
Yeri gəlmişkən, Ağstafanın İH başçısı o dərəcədə səriştəsiz addımlar atır ki, hətta sabiq icra başçısı N.Quliyevin şəxsi ev əşyalarını geri qaytarmaqdan imtina edib.
Bu xəbər rayonda gülüş predmetinə çevrilib. Başqasına məxsus inventarları qaytarmamaq icra başçısına heç yaraşmır. İnandırıcı gəlmir ki, Orucovun burada hansısa məqsədi olub.
Bundan əlavə, Ağstafada danışırlar ki, rayonda hansı daşı qaldırırsan, altından keçmiş birinci müavin, hazırda həbsdə olan Rmiz Tatarovun əməlləri çıxır.
Yeri gəlmişkən, mətbuatda gedən yazılarda deyilir ki, vaxtilə Şaiq Qurbanov onu işdən çıxarmaq istəyən Məhərrəm Quliyevə “Onun buna nə gücü, nə də hünəri” çatmaz mesajını göndəribmiş. Amma bu məsələləri növbəti araşdırmalarımızda təqdim edəcəyik.
S. Orucovun Ağstafadakı qanunsuz hərəkətləri, rayonu bərbad günə qoyması haqda tədqiqatları davam etdiririk.
Bütün bu iddialarla bağlı yazıda adı keçən tərəflərin hər birinin mövqeyini işıqlandırmağa, müsahibəsini dərc etməyə hazırıq.

GundemXeber.Az

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …