Ana səhifə / Bölgələr / Gəncədə 103 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi

Gəncədə 103 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi yaşayış kompleksindən alınmış 103 mənzili bu kateqoriyadan olan vətəndaşlara təqdim edib.

Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Erməni faşist hərbi birləşmələrinin Gəncə şəhərinin dinc sakinlərini qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində həlak olmuş həmvətənlərimizin xatirəsi də anılıb, qanlı terror hadisəsinin baş verdiyi əraziyə gül dəstələri qoyulub.

S.Babayev 2020-ci ildə Azərbaycanın şanlı tarixinin yazıldığını, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm Zəfər əldə etdiyini, 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr vurulduğunu, doğma torpaqlarımızın erməni faşizminin işğalından azad edildiyini vurğulayıb.

O bildirib ki, qələbə əhvali-ruhiyyəsinin hökm sürdüyü ölkəmizdə eyni zamanda, cənab Prezidentin tapşırığı ilə şəhidlərimizin ailə üzvlərinin, müharibə iştirakçılarının, yaralanmış hərbçilərin, onların ailələrinin sosial dəstəklə təmin olunması üçün işlər aparılır. Son bir ayda artıq 5 300-dən çox bu kateqoriyalardan olan vətəndaş bu dəstək tədbirləri ilə əhatə olunub. Onlara müvafiq sosial ödənişlərin təyinatı, məşğulluq məsələlərinin həlli, özünüməşğulluq proqramına cəlb olunaraq ailə təsərrüfatlarını yaratmaları, sosial-psixoloji yardım və s. istiqamətlərdə dəstək göstərilib və bu işlər davam edir.

S.Babayev şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinin də gücləndirildiyini, o cümlədən onlara yönələn sosial ödənişlərin dəfələrlə artırıldığını deyib. O, həmçinin şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirlərinin bu il də yüksək səviyyədə davam etdirilməklə, bu mühüm sosial proqramların xeyli genişləndiyini vurğulayıb. Qeyd edib ki, bu il şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1300-dən çoxu verilib. İndiyədək isə 9000-ə yaxın mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilib. Həmçinin bu il 400 avtomobilin müharibə əlillərinə verilməsi işləri aparılıb və artıq böyük əksəriyyəti verilib. Bu vaxta qədər isə Nazirlik müharibə əlillərinin 7050-dən çox minik avtomobili ilə təminatını həyata keçirib.

Nazir yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə əlillərini bu münasibətlə təbrik edib, onlara xoş arzularını çatdırıb.

N.Bayramov şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin qayğı ilə əhatə olunması üçün Gəncə şəhərində də məqsədyönlü işlərin aparıldığını diqqət çatdırıb. Bütün bu işlərin, daim genişlənən sosial müdafiə proqramlarının Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısının təzahürü olduğunu qeyd edib.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …