Ana səhifə / Bölgələr / Gədəbəy möcüzəsi: istəyəndə xalqa xidmət etmək olurmuş…

Gədəbəy möcüzəsi: istəyəndə xalqa xidmət etmək olurmuş…

…DTX xüsusi təyinatlıları fevralın 20-də daha bir rayonun İcra Hakimiyyətinin binasında göründü. Bundan əvvəl Ağstafa və Yevlax başçılarını prezidentin işsizlikdən əziyyət çəkən aztəminatlı vətəndaşlara  dəstək kimi irəli sürdüyü sosial proqramı-ödənişli ictimai iş yerlərinin yaradılması layihəsini vicdansızcasına varlanmaq mənbəyinə çevirdikləri, digər başqa korrupsiya və rüşvət əməlləri ilə məşğul olduqları üçün qandallayan DTX əməkdaşlarının Neftçala rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat barədə ictimaiyyət artıq məlumatlandırılıb.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən vətəndaşlara xidmət üçün deyil, varlanmaq üçün istifadə edən məmurlara qarşı bu cür sərt addımların davam edəcəyi gözlənilən idi. Çünki prezident İlham Əliyevin həyata keçirdiyi və idarəetmə sahəsini də əhatə edən islahatlar sistemin bu cür idarəçilik üsullarından təmizlənməsini nəzərdə tutur. Təsadüfi deyil ki, Prezident son zamanlar yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edərkən onların necə işləməli olduqlarını dəqiq göstərir, eyni zamanda “yolunu azanları” sərt cəzaların gözləyəcəyi haqda xəbərdarlıq edir.

Bu baxımdan yeni nəsil icra başçılarının idarəçilik metodlarını necə dəyişdiyinə dair müsbət nümunələr özünü çox gözlətmir. Yerlərdə insanlar artıq tutduğu vəzifəni məhz vətəndaşlara xidmət vasitəsi kimi istifadə edən rəhbərlər görməyə başlayırlar. Azərbaycanın ucqar dağ rayonlarından olan Gədəbəydə icra hakimiyyətinin başçısının dəyişməsindən sonra tətbiq edilən idarəçilik üslubu da məhz belə nümunələrdən hesab edilməlidir. Çünki rayonda vətəndaş-məmur münasibətlərində və insanlara göstərilən xidmətlərin təkmilləşdirilməsində sözün əsl mənasında inqilabi yeniliklər tətbiq olunmaqdadır.

Qeyd edək ki, Gədəbəyin icra hakimiyyətinin başçısı İbrahim Mustafayevi də yeni nəsil rayon başçıları sırasına aid etmək olar. O, həmin vəzifəyə ölkədə siyasi, sosial və iqtisadi islahatların yeni mərhələsinin başladığı vaxtda-2018-ci ilin avqustunda təyin olunub. Onun təyinatından sonra rayonda təşkil edilmiş,  Gədəbəyin turizm potensialının ilk dəfə ölkə və dünya miqyasında tanıdılmasına xidmət edən Milli Yaylaq Festivalının necə geniş rezonans doğurduğu haqda ötən il əməkdaşlarımızın reportajlarında bəhs edilmişdi. Lakin yenilik təkcə milli və yerli adət-ənənələrin təbliğinə bu yeni yanaşma ilə yekunlaşmır. Gədəbəydə idarəçiliyin innovativ forması tətbiq edilməyə başlayıb və vətəndaşlara xidmətlərin göstərilməsi tamamilə şəffaflaşdırılıb. Başqa sözlə, Gədəbəydə bir növ “ASAN Xidmət” modelinə əsaslanan xidmət tətbiq olunur ki, bu da ölkənin rayonları arasında ilk belə təcrübədir, innovativ yanaşmadır.

Belə ki, 2019-cu il fevral ayının 15-dən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşlara rahat, daha məsuliyyətli, aşkarlıq şəraitində və vaxt itkisi olmadan xidmət göstərmək üçün Operativ Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz öz işində Prezident İlham Əliyevin müəllifi olduğu və Azərbaycanın milli brendinə çevrilən ASAN Xidmətin iş metodlarını, fəaliyyət üslubunu tətbiq etməkdədir. Başlıca ideya və məqsəd rayon icra hakimiyyətinin səlahiyyətlərinə şamil olunan xidmətin və fəaliyyətin optimallaşdırılmasını, effektivliyini təmin etmək, vətəndaş müraciətlərinin operativ formada həllinə nail olmaqdır.

Operativ Xidmət Mərkəzinin fəaliyyətini təmin etmək üçün rayon icra hakimiyyəti yaxınlığında yeni bina inşa olunub. Müasir üslubda dizayn edilən, bütün zəruri maddi-texniki təchizatla, avdanlıqla təmin olunan bina 625 kvadratmetr sahəyə malikdir. Burada məlumat masası, server otağı, böyük monitor, ATS, 8 nəfərlik “dəyirmi masa”, növbəliliyi təyin edən terminal, ödəmələrin həyata keçirilməsi üçün “Milli Ön” aparatı, 9 kompüter dəsti mövcuddur. Rahat gözləmə zalı yaradılıb.

İcra hakimiyyətinin başçısı İbrahim Mustafayev deyir ki, əslində mərkəzin yaradılması ideyası Prezident İlham Əliyevin vətəndaşlara vaxtında və operativ xidmət, məmur-vətəndaş münasibətlərinin yüksək səviyyədə qurulması, şəffaflıq prinsiplərinin təmin edilməsi və insanların problemlərinə diqqətlə yanaşılıb onların vaxtında aradan qaldırılması barədə qarşıya qoyduğu vəzifələrdən irəli gəlir.

“Prezidentin digər tələbi isə bu prosesdə ənənəvi üsullardan deyil, məhz müasir metodlardan, innovativ təşəbbüslərdən bəhrələnməkdir. Hamımızın qarşısında Prezidentin rəhbər kimi ortaya qoyduğu örnək fəaliyyət var. Hər bir məmur Prezidenin iş üsulunu nümunə götürsə vətəndaşlara uğurla xidmət göstərə bilər”,-o sözlərinə əlavə edir.

Operativ Xidmət Mərkəzinin fəaliyyəti sayəsində yerlərdə son zamanlara qədər az qala ənənəvi hal almış süründürməçiliyi, süni bürokratik maneələri  Gədəbəydə aradan qaldırmaq mümkün olub, korrupsiya hallarının qarşısı alınıb. Eyni zamanda müxtəlif məsələlərlə bağlı müraciət edən sakinlərin eyni vaxtda və vahid məkanda rayon icra hakimiyyətinin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edilib.

Elə statistika da mərkəzin fəaliyyətinin müsbət nəticələrini ortaya qoyur. Operativ Xidmət Mərkəzinə 2019-cu il ərzində 1200 (memarlıq sahəsi – 537, hüquq sahəsi – 218, iqtisadiyyat sahəsi- 319, humanitar sahə – 56, ərazi idarəetmə sahəsi – 70) müraciət daxil olub. Müraciətlərin 1188-i, yəni 99 faizi müsbət həll edilib, qalan 12-sinin isə müvafiq sənədləri uyğun gəlmədiyinə görə icrası mümkün olmayıb.

İbrahim Mustafayev bildirir ki, rayon sakinləri artıq Mərkəzin fəaliyyətinin səmərəsini görüb və aparılan monitorinqlərə əsasən hələ heç kim göstərilən xidmətdən narazı qalmayıb.

İbrahim Mustafayev deyir: “Mərkəz yaradılana qədər  hansısa sakin, həmçinin ucqar dağ kəndində, rayon mərkəzindən xeyli uzaqda yaşayan vətəndaş müraciətinin həlli məqsədilə icra hakimiyyətinə qəbula gəldikdə, müvafiq inzibati mərhələləri keçməli idi. Yəni müraicət bir neçə şöbə tərəfindən öyrənilməli, fərqli şöbələrdən müvafiq razılaşdırılma əldə olunmalı, qərar verilmə anınadək xeyli vaxt keçməli və sakin dəfələrlə rayon icra hakimiyyətinə gəlib-getməli olurdu. İndi isə mərkəzə müraciət edən vətəndaş bir gün ərzində, vaxt itkisi olmadan, icra hakimiyyəti aparatının bütün şöbələri ilə dərhal birbaşa əlaqə yarada bilir və müraciəti anındaca nəzarətə götürülərək müvafiq cavab verilir. Xüsusi diqqət ayırdığımız məsələlərdən biri də əhali ilə təmasda yüksək alicənablığın, mədəniyyətin və dözümlülüyün təmin edilməsidir”.

Operativ Xidmət Mərkəzi Azərbaycan Respublikası Mülkü Məcəlləsinin, Ailə Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də digər qanunların və “Yerli icra hakimiyyətləri haqda Əsanamə”nin tələblərinə uyğun olaraq 41 xidmət sahəsini əhatəe dir.

Bunlara memarlıq və tikinti məsələləri üzrə 16 xidmət, hüquq məsələləri üzrə 10 xidmət,, sosial-iqtisadi məsələlər üzrə 7 xidmət, İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərə və bələdiyyələrə aid məsələlərə dair 8 xidməti əhatə edir. Mərkəzdə rayon icra hakimiyyəti başçısının aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işçi olmaqla cəmi 7 əməkdaş vətəndaşlara fasiləsiz xidmət göstərir.

Mərkəzə müraciət edən vətəndaşlara hazır sənədlər qanunvericilikdə nəzərdə tutulmuş vaxtdan 15-25 gün əvvəl təqdim edilir. Əgər qanunvericilikdə sənədin verilmə müddəti 30 gündürsə bu müddət hətta 3 günə qədər azaldıla bilər.

Mərkəzdə quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilib. Burada əhalinin problemlərinin operativ həlli üçün həm də “qaynar xətt” (164) yaradılıb. Vətəndaşların “qaynar xəttə” daxil olan müraciətləri dərhal araşdırılır və onların həlli üçün lazım olan işlər görülür.

Mərkəzdə görmə qabiliyyəti olmayan şəxslərin rahat hərəkəti üçün də imkan yaradılıb. Binaya daxil olan görmə əngəlli şəxslər sarı zolaqla hərəkət edərək həm gözləmə məntəqəsində əyləşə, həm də növbəsi çatanda əməkdaşlara rahat şəkildə yaxınlaşıb sənədlərini təqdim edə bilir.

Operativ Xidmət Mərkəzi həftənin iş günləri saat 09:00-18:00-dək vətəndaşlara fasiləsiz xidmət göstərir. Hər bir əməkdaş telefon və bilgisayar dəsti ilə təchiz edilib, həmçinin mərkəzdə yaradılan server otağı vasitəsilə yüksəksürətli internetə çıxış təmin olunub.

Mərkəzdə xidmətlərdən istifadə qaydaları da kifayət qədər rahatdır, “ASAN Xidmət” mərkəzlərində tətbiq edilən yanaşmaya əsaslanır. Belə ki, mərkəzdə avtomatik növbəlilik müəyyən edən xidmət terminalı quraşdırılıb, məlumat masası yaradılıb. Növbəsi çatan vətəndaş müvafiq xidmət masasına dəvət olunur, orada onun sənədlərini yoxlayıb qəbul edirlər və müraciətin həlli üçün qanunvericiliklə nəzərdə tutulan minimum müddəti nəzərə çatdırırlar.

Xidmətin əməkdaşı həmin sənədin icra müddətini müəyyən etdikdən sonra sənədlərin üzərinə özünəməxsus qısa lövhədə onun götürülmə tarixinı qeyd edir, imzasını atır və sənədlərı “sənədlərin qəbulu və verilməsi” masasına təqdim edir. Əgər sənədin alınması üçün dövlət rüsumu tələb olunursa, vətəndaşa şifrə verilir və vətəndaş mərkəzin nəzdindəki “Milli Ön” aparatında ödəniş edərək çeki əməkdaşa təqdim edir.

1 nömrəli masada əyləşən məsul işçi sənədin qeydiyyatını apararaq vətəndaşa sənədin verilməsi tarixi barədə məlumat verir. Qeyd olunan tarixdə (saat-gün) sənəd vətəndaşa (mərkəzə daxil olduğu anda bir dəqiqə ərzində) təqdim olunur. Xidmət bütövlükdə videolentə alınır və gün ərzində göstərilən xidmətlərin statistikasının serverdə avtomatlaşdırılmış qeydiyyatı aparılır.

Operativ Xidmət Mərkəzin həm də könüllük işini vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı kimi qəbul edir. Azərbaycanda son illərdə könüllülər hərəkatının geniş vüsət aldığı, 2020-ci ilin ölkədə “Könüllülər ili” elan edildiyi bir vaxtda bu təsadüfi deyil. Mərkəzdə fəaliyyət göstərən 10 könüllü öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verir, xidmətin daim təkmilləşdirilməsində əvəzsiz rol oynayırlar.

Mərkəzdə fəaliyyət göstərən 10 könüllünün gündəlik iş prosesi də müəyyənləşdirilib. Könüllülər vətəndaşların qarşılanmasını və onları narahat edən məsələlərin dinlənilməsini həyata keçirir, müraciət edən vətəndaşlara düzgün izah verilməsini və aidiyyəti üzrə istiqamətləndirilməsini təşkil edirlər.

Mərkəzdə fəaliyyət göstərən könüllülərə iki aydan sonra sertifikat verilir.

İcra Hakimiyyətinin başçısı vurğulayır ki, vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmət təqdim edən mərkəzin fəaliyyəti sayəsində əhalinin icra strukturuna inamı yüksəlir və tərəflər arasında anlaşılmayan məsələ qalmır: “Bu isə əlbəttə ki, Prezidentin qarşıya qoyduğu ən başlıca  tələblərdən biridir”.

İbrahim Mustafayev Operativ Xidmət Mərkəzinin fəaliyyəti ilə yanaşı, digər uğurlu təşəbbüslərin də həyata keçirildiyini, Gədəbəydə vətəndaş məmnunluğunu yüksəldəcək yeni layihələrin üzərində işlədiklərini də deyir. Bildirir ki, idarəçiliyə yeni yanaşma, müasir və innovativ metodların tətbiqi Prezidentin indiki islahatlar kursunun əsas tələbləridir və rayon rəhbəri kimi bu islahatların nəticələrini ucqar dağ rayonunun sakinlərinin bilavasitə öz həyatlarında hiss etməsi üçün əlindən gələni edəcək.

Gədəbəydə idarəçiliyə yeni yanaşma  rayonda biznes mühitinin yaxşılaşmasında da özünü göstərir. Bəlli oluğu kimi bundan əvvəl Gədəbəydən  sahibkarların  sıxışdırıldığı, onlardan müxtəlif adlar altında haqq yığıldığı barədə çoxsaylı şikayətlər eşidilirdi. İndi isə belə hallar istisnadır.

Gədəbəy mürəkkəb coğrafi şəraitə malik dağ rayonudur, burada biznes qurmaq, inkişaf etdirmək elə də asan deyil. Bu coğrafi çətinliklərə məmurların yaratdığı əngəllərin də əlavə olunduğunu nəzərə alsaq indiyədək  rayonun sosial-iqtisadi inkişafdan geri qalması təəcüblü görünmürdü. Lakin hazırda vəziyyət kökündən dəyişib.

“Mən bu rayona təyin olunan gündən sahibkarları inandırmağa çalışıram ki, uzun illər vərdiş etdikləri məmur-sahibkar münasibətləri artıq sona çatıb. Ona görə də gərək bizneslərini genişləndirsinlər, yeni iş yerləri açsınlar. Rayonda kiçik emal müəssisələrinin yaradılmasına, turizm obyektlərinin tikilməsinə böyük ehtiyac var. Ötən ilki Milli Yaylaq Festivalında bizim əsas çətinliyimiz qonaqların qalması üçün yerlərin xeyli məhdud olması idi. Gədəbəyə turist axınının ilbəil artacağını gözləyirik və sahibkarlara müraciət edirik ki, bu sahəyə yatırım qoysunlar. Onlar tam əmin ola bilərlər ki, Gədəbəydə biznesin, sahibkarlığın inkişafının qarşısında artıq heç bir süni maneə yoxdur, ola bilməz”,-icra başçısı fürsətdən istifadə edib bu çağırışı da edir. Virtualaz.org

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …