Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Bölgələr / “Elə bilirəm ki, qapını döyüb içəri girəcək…” – Şəhid anası

“Elə bilirəm ki, qapını döyüb içəri girəcək…” – Şəhid anası

Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. 30 il həsrətlə gözlədiyimiz qələbə sevncini Azərbaycan əsgəri öz qanı bahasına bizə yaşatdı.

Bu gün İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan şəhid Fərəc Məmmədovun anası Həbibə Məmmədova ilə həmsöhbət olduq. Şəhid anamız Yenisabah.az-a oğlunun həm dünənindən, həm də yarımçıq qalan arzularından danışdı:

“Oğlum Ucar rayonunda 1995-ci il iyunun 22-də anadan olub. Videoperator idi, texnikadan da yaxşı başı çıxırdı, ancaq Allah onu bizə yaraşdırmadı. Əsgərliyini 2014-cü ildə Ağdamda başa vurub. Həmin vaxt da çətin idi, əsgərdən sonra xəstləndiyi üçün bir az müalicə aldı”.

Həbibə Məmmədova oğlunun yenidən əsgər getməsi məsələsinin onun üçün tam aydın olmadığından bəhs edib:

“Düzü, mən onun könüllü gedib-getmədiyini tam bilmədim. Deyirlər könüllüləri müharibə başlayandan sonra apardılar, amma mənim oğlumu sentyabrın 21-də əsgər getdi, snayper idi. Çox vətənpərvər oğlan idi. 

Hətta Aprel döyüşləri zamanı o təzədən əsgər getmək istəmişdi. Sadəcə mən ona ailəmizin tək ümidi olduğunu izah elədim. Çünki yoldaşımın ayağında dəmir var, işləyə bilmir. Evimizin dirəyi oğlum idi. Həmin vaxt ona, “Sən olmasan mən nə edərəm?”,-dedim. Onda o mənə baxıb, “Ana, indi evin dirəyiyəm, amma sonra vətənin dirəyi olacam”,-dedi. O cümləni tez-tez işlədirdi və o, elə-belə deyilən bir söz deyildi. O söz hər yadıma düşəndə sakitləşirəm. Elə bil özü bilib məni sakitləşdirib. 

Ailəli deyildi, amma deyəsən, ürəyində kimsə vardı. Məni yeni ildə sevindirəcəyini deyirdi. Gözləyirdi ki, müharibə, koronavirus bitsin. Lakin qızla məni tanış eləməmişdi. Həmişə mənə deyirdi ki, “Ana, biz niyə kasıb olmuşuq? İndiki qızlar ayrı evdə yaşamaq istəyirlər”. Mən də həmin vaxt yaxşı ki, onun könlünü xoş elədim. “Dədə, ayrı ev almağa imkanımız olmasa da, biz gedib Ucarda qardaşıngillə bir yaşayarıq, bu evi sənə verirəm, xoşbəxt yaşayarsız”,-dedim. Oxumasa da, çox hərtərəfli uşaq idi”.

Şəhid anasının oğlu ilə son telefon danışığından da söz açıb:

“Sonuncu dəfə oktyabrın 5-də telefonla danışmışdıq. Füzulidə idi, oranın camaatından çox razı olduğunu, insanların onlara çox qayğı göstərdiklərini dedi. Ancaq füzuliləri təriflədi. Sonda mənə, “Ana mən hazıram, sən də hazır ol, yaxşımı?”,-dedi. Mən də “Yaxşı” dedim. Amma nəyi nəzərdə tutduğunu başa düşməmişdim. Şəhid olandan sonra nə demək istədini başa düşdüm. Oktyabrın 9-u şəhid oğlum dəfn edildi”.

Həbibə ananın sözlərinə görə, Rəcəb hələ uşaq yaşlarından rəsm həvəskarı olub:

“Həmişə ağlına rəsmlə bağlı ideyalar gəlirdi. Çəkməyi də yaxşı bacarırdı. Lakin evin bütün yükü onun çiyinlərində olduğu üçün işdən rəsm çəkməyə çox vaxt ayıra bilmirdi. Adətən ideyalarını bacısı Aytən reallaşdırırdı. Qızımın çəkdiyi bütün rəsmlərdə oğlumun fikrinə yer verilib. Ayətn hələ 15 yaşından rəsm çəkməyə başlayıb. Həvəsi var idi ki, məşhurların rəsmini çəksin. Amma qardaşı müğənnilərə görə ona boya almayacağını deyirdi. Ondan şəhidlərimizin şəklini çəkməsini istəyirdi. Deyirdi ki, əsas şəhidlərimizin xətri əziz olsun. 

Maaş alan kimi qızıma, qələm, karandaş, boya alıb gətirirdi. Aytənə həmişə vətənpərvər olmağı aşılayırdı. Aytən Raquf Orucovun, Fərzəli Fərzəliyevin, Vaqif Əsədovun, Ziba Qəniyevanın və generalımız Polad Həşimovun rəsmini çəkib. İndi qızımın 17 yaşı var. Rəsm təhsili almaq istəyirdi, amma peşə məktəbinə qəbul ola bilmədi. Düzü, qabiliyyət imtahanının hər üçündən keçib. Lakin məktəb qiyməti aşağı olduğu üçün qəbul ola bilmədi. Sadəcə bu yöndə dövlətin yardım göstərməsini istəyərdim. Başqa nəsə xahişim yoxdur. Pul, ya başqa heç nə istəmirəm, mənim övladım vətən yolunda canından keçib. Sadəcə istəyirəm ki, Rəcəb kimi digər övladımın da təhsildə problemi olmasın”.

Həmsöhbətimiz bəzi insanların şəhid adından istifadə etməyə çalışdığını vurğulayıb:

“Tanıdığım-tanımadığım nə qədər adam zəng vurub baş sağlığı verir. Amma heç kim gəlib baş çəkmir. Belə olanda mən inciyirəm. Bəzi adamların hərəkəti məni o qədər incidir ki… Çünki  mənim şəhid oğlum vasitəsilə özlərini reklam etməyə çalışırlar. Mən demişəm heç kimin heç nəyi lazım deyil. Mənim o boyda oğlum bu dünyadan gedib. Dövlətim mənlə maraqlanır, o, bəsimdir. 

Bəzən adi adamlar zəng vurub məndən nəyə ehtiyacımın olub-olmadığını soruşurlar. “Sənə tozsoran, paltaryuyan alacam”,-kimi mənasız ifadələr işlədirlər. Ayıbdır. Onlar mənim oğlumdan istifadə edib özlərini reklam etməyə çalışırlar, bu mənim qəlbimi yandırır axı… 

Biri var həqiqətən, ürəklərindən keçdiyi üçün maraqlanalar, biri də var reklam xatirinə bu şeylərə əl atalar. Dövlətim mənim oğlumdan xəbərdardır. Nəsə edib-etməmək onun işidir. Mən hələ də oğlumun öldüyünə inana bilmirəm. Elə bilirəm ki, nə vaxtsa, qapını döyüb içəri girəcək…”.

“Elə bilirəm ki, qapını döyüb içəri girəcək...” – Şəhid anası
“Elə bilirəm ki, qapını döyüb içəri girəcək...” – Şəhid anası
“Elə bilirəm ki, qapını döyüb içəri girəcək...” – Şəhid anası
“Elə bilirəm ki, qapını döyüb içəri girəcək...” – Şəhid anası
“Elə bilirəm ki, qapını döyüb içəri girəcək...” – Şəhid anası
“Elə bilirəm ki, qapını döyüb içəri girəcək...” – Şəhid anası
“Elə bilirəm ki, qapını döyüb içəri girəcək...” – Şəhid anası
“Elə bilirəm ki, qapını döyüb içəri girəcək...” – Şəhid anası

Həmçinin oxuyun

Naxçıvanda əhalinin sayı bir ilə 2 min 862 nəfər artıb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətən 0,6 faiz artıb.Bu barədə Muxtar Respublikanın …