Biləsuvar rayon sakini Xudaverdi Allahverdi oğlu Bədirov yerli məmurlardan narazıdır.
“Cümhuriyət”
qəzetinə müraciət edən X.Bədirov kommunal xidmət orqanlarının xüsusi
göstərişlə ona səbəbsiz olaraq borc yazmasından şikayətlənib. Şikayətçi
problemlə bağlı dövlət orqanlarına müraciət edib. Müraciətdə deyilir:
“Mən
2005-ci ildə adıma həyətyanı torpaq sahəsi götürmək üçün Bəydilli kənd
bələdiyyəsində qeydiyyata alınmışam. Mənə qeydiyyata alınmağım haqqında
şənəd verilib. Bu məqsədlə dəfələrlə Biləsuvar rayon İcra Hakimiyyətində
oldum. O vaxtdan bu günə qədər bir neçə İcra Hakimiyyəti başçısı
dəyişib. O zamandan bu günə qədər mənim torpağımı verməyiblər.
Oğlanlarım hərbi xidməti başa vurub qayıtdıqdan sonra 4 uşağı yerbəyer
etmək çətinləşdi. Mən torpağımı almaq üçün rəsmi dövlət qurumlarına
şikayət etdim. Mənə kömək etmələrini istədim. Buna görə də Biləsuvar
rayon İcra Hakimiyyətindən məni müxtəlif formalarda sıxışdırmağa
başladılar. Rayonda su sayğacları qoyulan zaman mənim sayğacıma 80
manatdan çox borc yazdılar. Guya mən sayğac quraşdırılmamışdan əvvəl
səyyar şəkildə yığılan su haqqını ödəməmişəm. Mən də əlimdəki ödəniş
qəbzləri ilə vaxtilə “su pulu” yığan Yavər adlı əməkdaşı çağırtdırıb
ödəniş etdiyimi söylədim. Yavər dedi ki, guya mən yarısını ödəmişəm.
Lakin mən ödəniş qəbzləri ilə su pulunu tam ödədiyimi sübut etdim. Su
sayğacı quraşdırılandan sonra həmin borc mənim ödəniş kartıma vuruldu.
Mən yenidən su idarəsinə müraciət edib səbəbsiz borc vurulduğunu
bildirəndə, müdir dedi ki, hamı necə sən də elə. Dedim ki, necə yəni
hamı necə mən də elə? Müdir dedi ki, bu borc hamının “ayağına vurulub”.
Bundan sonra su idarəsindən gəlib mənim su sayğacımı qurdalayır,
aparatla mənə məlum olmayan işlər görürdülər. Bir gün mən balans kartına
3 manat pul yüklədim. Lakin su gəlmədi. Su idarəsinə müraciət edəndə
Fürsənd adlı əməkdaş dedi ki, get, 3 manat da yüklə, su gələcək. Mən
yenə 3 manat yüklədim, lakin 6 manat deyil, 3 manatlıq su verdilər.
Növbəti dəfə 5 manat yüklədim. Lakin bu dəfə 5 manat tamamən silindi.
Mən yenə su idarəsinə müraciət edəndə orada işçi olan bir xanım mənə
acıqla dedi ki, sənin pulunu hardan tapım, peykə çıxım?”
X.Bədirov
deyir ki, bu təzyiqləri ona bilərəkdən edirlər: “Bütün bu oyunlar mənim
başıma ona görə gətirilir ki, mən dövlətin vətəndaşlara verdiyi pay
torpağımı tələb edirəm. Məqsəd mənim başımı qatmaqdır. Bu yolla
sıxışdırırlar ki, öz haqqımdan vaz keçim. Dövlət heyvandarlığın inkişafı
üçün subsidiyalar ayırır, sakinlərə saxlamaq üçün heyvan paylayır. Mən 4
övladım üçün 200 baş qoyun saxlayıram, amma Biləsuvar rayon İcra
Hakimiyyəti heç olmasa pay torpağımı vermir ki, birləşdirib
təsərrüfatımı inkişaf etdirəm. Əlaqədar qurumlardan xahiş edirəm ki,
şikayətimin dəqiqliyini yoxlasınlar. Əgər mən nəsə əsası olmayan şikayət
edirəmsə, dövlət qanunu ilə cəzalandırsınlar”.
Həmçinin oxuyun
Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir
Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …