Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Biləsuvarda ŞOK ÖZBAŞINALIQ

Biləsuvarda ŞOK ÖZBAŞINALIQ

Məlumdur ki, Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev 2020-ci il aprelində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Və sonda məhkəmənin hökmü ilə Mahir Quliyev 11 il azadlıqdan məhrum olunub.
Fikir verdinizsə, Mahir Quliyevə qarşı Cinayət Məcəlləsinin 4 maddəsi ilə hökm oxunub.
Axı, sabiq icra başçısı Mahir Quliyev “əjdaha” da olsa belə bu boyda cinayət əməllərini təkbaşına törədə bilməzdi.
Deməli, onun cinayət ortaqları, cinayət şərikləri var.
Sabiq icra başçısı Mahir Quliyevin cinayət əməllərinə ortaq olan şəxslərdən biri də rayonun Ağalıkənd bələdiyyəsinin sədri Bağırov Ülfət Cahangir oğludur.
Rayonun Ağalıkənd sakini Əliyev Yaşar Məri oğlunun Gündəlik-Bakıya dediklərinə görə, kəndin bələdiyyə sədri Ülfət Bağırov ona məxsus 9 hektar torpaq sahəsinin bir hissəsini, daha dəqiq desək 2.8 hektarını Yusif adlı şəxsə 3 min 300 manata satıb.
Birincisi, bələdiyyə sədri Ülfət Bağırov cinayət əməlinə yol verərək vətəndaşa məxsus torpağı rüşvət alaraq başqa şəxsə satıb.
İkincisi, şikayətçi Yaşar ƏIiyevin dediklərindən bəlli olur ki, torpağı satıldığı Yusif adlı şəxs Ağalıkənd sakini deyil, başqa bələdiyyənin, Yuxarı Ağalı bələdiyyəsinin sakinidir.
Görəsən, Ülfət Bağırova kim icazə vermişdi ki, bir bələdiyyənin torpağını başqa bələdiyyənin sakininə satsın.
Əlbəttə, rüşvət bələdiyyə sədrinin gözünü örtmüşdü.
Yaşar Əliyevin dediklərindən məlum olur ki, şikayət ehtimalının olmasından ehtiyat edən bələdiyyə sədri Ülfət Bağırov qanunsuz satılan 2.8 hektar torpaq sahəsini qanuni sahibinə qaytarıb. Amma…
Əmması odur ki, torpaq satmağa öyrəşmiş bələdiyyə sədri Ülfət Bağırov bu dəfə həmin 2.8 hektar torpağı Yuxarı Ağalı bələdiyyəsinin sakini olan Rəhman Əliyevə satıb.
Bu məqamda bilirsiniz nə yada düşür..?
Bakıda bəzi dələduz MTK sədrləri tikdikləri binadakı mənzilləri müxtəlif şəxslərə sataraq cinayət əməlinə yol verirlər, həm də vətəndaşları üz-üzə qoyurlar…
Eyni əməlləri Biləsuvarda bələdiyyə sədri olan Ülfət Bağırov törədir.
Şikayətçi Yaşar Əliyevin dediklərinə görə, kəndin ümumi istifadəsində olan 5 hektar fond torpağı idman meydançası üçün istifadə edilib.
Hazırda bələdiyyə sədri Ülfət Bağırov həmin meydançanın 3 tərəfindən torpaqları kəsib fərdi ev tikintisi üçün müxtəlif şəxslətə satıb.
Və nəticədə o boyda meydançadan ortada cəmi 0.75 hektar torpaq qalıb.
Görəsən fond torpağını ev tikmək üçün vətəndaşlara satmağa Ülfət Bağırova kim icazə verib..?
Əlbəttə, rüşvətin qarşılığında Ülfət Bağırov bütün qanunları saymayıb.
İdman meydançasını satıb doymayan Ülfət Bağırov sonra da Yuxarı Ağalı kəndi ilə sərhəddə olan kənd təsərrüfatı təyinatlı təxminən 7 hektar torpaq sahəsini də fərdi ev tikintisi üçün sakinlərə satıb.
Sözün qısası, Ülfət Bağırov əsl torpaq maklerinə çevrilib. Və vətəndaşlara məxsus qanuni pay torpaqlarını sataraq külli miqdarda pul qazanıb. İndi isə həmin pay torpaqlarının sahiblərinə deyir ki, gəlin sizə örüş sahəsindən torpaq verim.
Biz yazının girişində əbəs yerə yazmadıq ki, sabiq icra başçısı Mahir Quliyev “əjdaha” olsa belə təkbaşına bu boyda cinayətləri törədə bilməzdi.
Bəli, istintaq zamanı Ülfət Bağırov icra başçısının üzünə at kimi dirənib ki, aldığım pulları ona vermişəm.
Yaxşı görəsən sabiq icra başçısına 11 il hökm oxunanda niyə Ülfət Bağırov da layiq olduğu cəzanı almadı..?
Bunun harası ədalətli oldu..?
Bütün bunları bəlkə də harasa yazmaq olardı. Amma…
Əmması odur ki, kənd sakini Yaşar Əliyevin müxbirimizə dediklərindən bəlli olur li, o boyda kəndin bələdiyyə sədri Ülfət Bağırov həm də əxlaqi cəhətdən problemli imiş.
Belə ki, içki məclislərində başda oturan, sakinlərdən yığdığı pulları saga-sola xərcləyən bələdiyyə sədri həm də qumarbaz imiş.
Əliyev Yaşar konkret bildirir ki, mən dəfələrlə qumar masasında Ülfət Bağırovla bir ələ qumar oynamışıq və külli miqdarda pul udmuşuq, hətta yeri gələrsə qumar oynadığımız gözdən uzaq yerləri də göstərə bilərəm.
Söhbət zamanı şikyətçinin dediklərindən o da bəlli oldu ki, bələdiyyə sədrinin heç dipolmu yoxdur, hər yerdə deyir ki, mən MAHİR universitetini bitirmişəm.
Ən maraqlısı o oldu ki, sən demə, bələdiyyə sədri hər ay həbsxanada olan keçmiş şefi Mahir Quliyevə baş çəkir, yardım edir.
Deyəsən, bələdiyyə sədri Kürdəxanı üçün bərk darıxıb.
Yazı çapa hazırlanarkən Ülfət Bağırova dəfələrlə zəng açıb, mövqeyini açıqlamağı istəsək də bütün cəhdlərimiz boşa çıxdı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …