Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Biləsuvar baytarları prezidentə şikayət etdi: – “Kömək edin…”

Biləsuvar baytarları prezidentə şikayət etdi: – “Kömək edin…”

Biləsuvar rayon Baytarlıq İdarəsinin direktoru rəhbərlik etdiyi kollektivdən qanunsuz pul yığır.

Sözü gedən idarənin kollektivi bu barədə ölkə Prezidenti İlham Əliyevə ünvanladığı məktubda qeyd edib. Kollektivin bildirdiyinə görə, Biləsuvar rayon Baytarlıq İdarəsinin müdir əvəzi Əli Əliyevin əməlləri barəsində dəfələrlə Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Xidmətlər Agentliyinə məlumat verilsə də, onun əməlləri barəsində heç bir tədbir görülməyib:

“Hörmətli Prezident! Avqustun 1-dən Biləsuvar rayon Baytarlıq İdarəsinə təyin olunan müdir əvəzi Əli Əliyevin əməlləri bizi məcbur etdi ki, Sizə müraciət edək. Onun əməlləri ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Xidmətlər Agentliyinə dəfələrlə müraciət etsək də, heç bir tədbir görülməyib. Əksinə, onu deyil, bizi Bakı şəhəri, Aqrar Xidmətlər Agentliyinə çağırıb onunla bağlı etdiyimiz şikayətə görə izahatlar aldılar. Əli Əliyev Biləsuvar rayon Baytarlıq İdarəsinə müdir əvəzi gəldiyi gündən bu günə kimi kollektivlə yola getmir, münaqişələr yaradır. O öz şəxsi mənafeyi üçün işləyir, müxtəlif bəhanələrlə biz kollektivdən təsərrüfat xərclərinə görə qanunsuz pul yığır. Yeddi aydır bizə zəhərli maddələrlə işlədiyimizə görə verilən xama məhsulunu vermir”.
Kollektiv məktubda Əli Əliyevin Biləsuvar rayon Baytarlıq İdarəsində iki vəzifədə işlədiyini qeyd edib:

“O, həm Baytarlıq İdarəsinin rəisi, həm də epizodik həkim vəzifəsində işləyir. Kollektivi lazım oldu-olmadı işdən ayırıb idarəyə çağırır, üstümüzə çığırıb-bağırır, bizi təhqir edir, nalayiq sözlər, ifadələr işlədir, söyüşlər verir. Hər dəfə bizə qarşı bu münasibətində təkrar edir ki, “nə qədər Aqrar Xidmətlər Agentliyində cənab Seymur Mövlayev rəis işləyəcək, mən bu vəzifədə olacağam və sizin gününüz qara olacaq, sizi at kimi çapacağam”, – deyə bizə hədə-qorxu gəlir”.

Kollektiv ölkə Prezidenti İlham Əliyevdən kömək istəyib:

“Hamımız Azərbaycan vətəndaşlarıyıq və bizim konstitusion hüquqlarımız var. Hörmətli cənab Prezident! Biz Sizlərə çox inanırıq və güvənirik. Sizdən artıq dərəcədə xahiş edirik üzləşdiyimiz bu problemin həllində bizə köməklik edəsiniz və Əli Əliyevlə bağlı lazımi tədbir görülməsinə göstəriş verəsiniz”. Qaynarinfo

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …