Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / BEYLƏQANLILARI MƏYYUS EDƏN BAŞÇI – Asif Ağayev cənab Prezidentin etimadını doğrultmur

BEYLƏQANLILARI MƏYYUS EDƏN BAŞÇI – Asif Ağayev cənab Prezidentin etimadını doğrultmur

Rayon əhalisi haqlı olaraq Beyləqanı bəxtsiz bölgə adlandırır. Rayon əhalisinin belə rəyə gəlməsinin ciddi əsasları var. Çünki ölkəmiz müstəqillik qazandığı 28 il ərzində rayona təyin olunmuş bütün icra başçılarından elə biri yoxdur ki, o, şəxsi qazancı və yuxarıda əyləşən, doymaq hissini itirmiş havadarların mədəsini və cibini doldurmaq üçün rayon əhalisinə qarşı hər cür qanunsuzluğa, hətta cinayətə və əxlaqsızlığa əl atmasın. İcra başçısı vəzifəsindən qanunsuz və əxlaqsız hərəkətlərinə görə, ölkə Prezidenti tərəfindən ötən il sentyabr ayında qovulmuş Vaqif Abdullayevdən sonra rayon əhalisi, nəhayət rayona normal rəhbərlik etmək bacarığına malik başçı təyin olunacağı qənaətində idi, lakin..
Şamaxıda fəaliyyətdə ciddi qüsurlara yol verməsi ilə ölkə mediasında gündəmi zəbt etməsi, rayon əhalisi və Şamaxıdakı yaxın mənbələrdən əldə etdiyimiz informasiyalardan xarakteri və əməli ilə Vaqif Abdullayevdən heç geri qalmayan, əksinə, ondan daha çox tamahgir, SOCAR-ın “yetişdirməsi” Asif Ağayevin Beyləqana icra başçısı təyin ediləndə, beyləqanlılara yazığım gəldi. Bir daha Beyləqan rayonunun “bəxtsiz” rayon olması barədə xalqın işlətdiyi ifadəyə haqq qazandırdım.
Asif Ağayev artıq bir ildir Beyləqanda icra başçısı vəzifəsində işləyir. Gəlin, ötən bir ildə rayonda gördüyü işlərə diqqət yetirək: hər həftə rayonun yaşayış məntəqələrində əhali ilə görüşüb, yalan vəd verib, kadr təyinatlarını rüşvət hesabına aparıb (İcra Hakimiyyətinin Humanitar şöbəsinə, Rayon Təhsil şöbəsinə, Meşələrin Mühafizəsi idarəsinə, ƏƏSMN Beyləqan şöbəsinə, Beyləqan Şəhər üzrə Ərazi nümayəndəliyinə, Mənzil İstismar İdarəsinə (JEK), “Dostluq” Dövlət Damazlıq Birliyinə, bir sözlə, rayondakı bütün vəzifələrə olan təyinatlar rüşvətlə aparılıb), rayonun dövlət və özəl idarə, müəssisə, təşkilatlarda çalışan məmurları işdən ayırıb, onları qanunsuz məcburi əməyə cəlb edib. Bu məqsədlər üçün rayona dövlət büdcəsindən ayrılmış pul vəsaitini Şəhər İcra nümayəndəliyi, Komunal Xidmət müəssisəsi, rayona kənardan cəlb etdiyi asfalt zavodları vasitəsilə mənimsəyib.
Son bir ildə rayonda elan olunmuş bütün tenderdə özünə sərf edən, pul üçün əvvəlcədən sövdələşdiyi təşkilatları qaib elan edib. Ölkə Prezidentinin rayona ayırdığı milyonları bu yolla mənimsəyib. Onu da bildirim ki, yazıda qeyd etdiyim faktların hər biri icra hakimiyyətində çalışan etibarlı mənbələrdən əldə olunub. Mənbədən daxil olan məlumata və əhalinin nümayəndələrinin təsdiqinə görə, əslən rayonun Eyvazallar kəndindən olan, rayonun mal-qara bazarının sahibi və eyni zamanda bir neçə illər öncə, Eyvazallar kəndində ailəsi olduğu halda, Səhiyyə Naziri Oqtay Şirəliyevin yaxın qohumlarından biri ilə evlənən, bu evlilikdən sonra Oqtay Şirəliyev tərəfindən nazirliyin Təmir-tikinti şöbəsinin müdiri vəzifəsinə gətirilən Qəhrəman Qəhrəmanovun vasitəsilə icra başçısı Asif Ağayev rayonda yuxarıda qeyd etdiyim qanunsuz əməllərin əksəriyyətini həyata keçirdiyi bildirilir. Asif Ağayev icra başçısı təyin olunduqdan sonra bir müddət kirə evdə yaşayıb. Lakin az əvvəl Qəhrəman Qəhrəmanov dindarların etirazına baxmayaraq, sabiq icra başçısı Vaqif Abdullayevdən “əldə etdiyi” Məscid binası üçün ayrılmış ərazidə tikdirdiyi üç evdən birini “hədiyyə” olaraq Asif Ağayevə “”bağışlayıb” və orderi ona təqdim edib.
Rayondan daxil olan yeni xəbərdə qeyd olunur ki, Asif Ağayev SOCAR oluqarxları ilə əlbir olaraq, Beyləqan şəhərində olan 4 və 1 saylı bağçaların binalarını sökərək, həmin binaların yerində hündürmərtəbəli çoxmənzilli binalar tikib, pul qazanmaq eşqinə düşüb. Valideynlərin və bağçada çalışan işçilərin etirazlarına baxmayaraq, icra başçısı qanunsuz fikrindən dönməyib, 4 saylı bağçanın binası söküldükdən sonra, hazırda 1 saylı şəhər bağçasının binasını sökmə əməliyyatına start verib. Beyləqan şəhərində olan cəmi 7 bağçadan 2-ni sökdürən, yerində yaşayış binası tikdirib pul qazanmaq istəyən şəxsin icra başçısı vəzifəsində işləməyə haqqı çatmır düşüncəsindəyəm!
Rayonda baş verən rüşvətxorluq, dağıdıcılıq əməllərlə Asif Ağayevin Beyləqanda başladığı qanunsuz, ölkə Prezidentinin bölgələrdə həyata keçirdiyi quruculuq proqramına tam zidd hərəkətlərinə aid sadaladıqlarım hallar icra başçısının rayonda həyata keçirdiyi bəd əməllərin yalnız kiçik bir hissəsidir…
Oxucularıma bildirirəm ki, Beyləqanın icra başçısı, hüquq-mühafizə orqanları və digər rəhbər vəzifəli şəxslərin rayonda qazanc və tamah məqsədilə törətdikləri qanunsuz, xalqı hakimiyyətdən narazı salan əməlləri barədə ölkə Prezidentini və ictimaiyyəti vaxtaşırı məlumatlandırmaq haqqını bundan sonra da davam etdirəcəyəm.

Tapdıq ABBAS

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …