Kəndlilərin vacib problemlərindən biri onları ətrafdan təcrid edən
nəqliyyatsızlıqdır. Nəqliyyatın olmaması onların kənd təsərrüfatı ilə
məşğul olmalarına da əngəl yaradır. Kəndlilər nə heyvandarlıqla, nə də
əkinlə məşğul ola bilirlər. Çünki məhsullarını bazara çıxarıb satmaq
üçün nəqliyyat yoxdur.
“Ümumi yola çatanadək xeyli əziyyət çəkirik”
Kənd
sakini Xəyalə Quliyeva danışır: “Həm bizim, həm də qonşuluğumuzdakı bir
neçə kəndin sakinləri Lənkəran-Lerik yolundan istifadə etmək
məcburiyyətindədir. O yola çıxmaq üçün isə insanlar xeyli əziyyət
çəkməli olur. Düzdür, o yoladək olan məsafəni özümüz tez-tez təmir
edirik, ancaq ictimai nəqliyyat yoxdur, kəndlilər isə çox imkansız
olduqlarından kənddə tək-tük ailənin şəxsi maşını var. Bu səbəbdən də
əsas yola çıxmaq üçün xeyli məsafəni piyada getməli oluruq. Adamlar
yayın istisində, qışın şaxtasında bu yolları gedib-gələ bilmir”.
Kənd
sakinləri nəqliyyat probleminə görə uzun illərdir ki, aidiyyəti
qurumlara müraciət edir, ancaq problem həllini tapmır. Elşən Əsgərov:
“Bunun qocası var, uşağı var, xəstəsi var, əli körpəli qadını var… Bir
də baxırsan ki, xeyli insan qızmar günəşin altında piyada əsas yola
tərəf gedir. Yayın cırhacırında ananın qucağında körpə şığıra-çığıra
qalır. Hələ qışda bağçaya, məktəbə gedən uşaqlıarın əziyyətini görsəniz…
Adamın ürəyi ağrıyır”.
“Piran yoluna çıxıb, ordan mərkəzə taksiylə gedirik”
Hamaratla
Lənkəran-Lerik yoluna qədər məsafə 17 kilometrdir. Sakinlər özləri bu
yolu imkanları daxilində və bacardıqları kimi səliqəyə salırlar: “Əsas
yolu düzəltdilər, ancaq kəndlərə burulan yollara dəymədilər. Biz 17
kilometr piyada yeriyib əvvəl Piran yoluna çıxırıq, ordan da rayon
mərkəzinə getmək üçün taksiyə otururuq, 6-8 manat yolpulu ödəməli
oluruq. Hələ bunun geri qayıtmağı da var. Bir var adamlar çörək, dərman,
odun, su almağa borc pul axtarır, bizim kənddə isə adamlar rayon
mərkəzinə getməyə borc pul axtarır”.
Sakinlərin
deməsinə görə, Hamaratdan Pirandadək arada 6-7 kənd var. Yəni bu
istiqamətdə bir mikroavtobus heç olmasa bir reys etsə, kifayət qədər
sərnişin toplaya bilər. İndi rayon mərkəzinə gedib-gəlmək, ən azı 12-15
manata başa gəlir. Məhz bu səbəbdən kəndlər sürətlə boşalır: “İnsanlar
artıq bu şəraitdə yaşamaq istəmirlər. Hamaratda 50-dən artıq evin
yarıdan çoxu boşdur. Kəndin az qala yarısı Bakının Binə kəndinə köçür.
Xahiş edirik, bizə kömək edin. Bir mikroavtobus nədir ki, onun 10-a
yaxın kəndin sakinlərindən əsirgəyirlər. Belə getsə, bu kəndlərdə adam
qalmayacaq”.
Həmçinin oxuyun
Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO
“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …