Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Azad olunan torpaqlarda hansı işlər necə gedir?

Azad olunan torpaqlarda hansı işlər necə gedir?

44 günlük Vətən müharibəsindən sonra erməni işğalından azad olunan ərazilərin sakinləri səbirsliklə öz torpaqlarına qayıtmağı gözləyirlər. Məcburi köçkünlər ermənilərin xarabazara çevirdiyi kəndlərinə, obalarına baş çəkir, “Böyük Qayıdış”ın planını cızırlar.

Azərbaycan hökuməti elə müharibənin gedişindəcə bölgədə ən zəruri infrastruktur təminatının formalaşdırılmasına başlayıb. Qısa müddətdə Şuşa şəhərinə yol salınıb, daha geniş yolun inşasına başlanıb. Eyni zamanda Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarında sərhədlərimizi qoruyan hərbçilərimiz üçün 4 ay ərzində 700 kilometrdən çox torpaq yol çəkilib. Ötən ilyarım ərzində azad olunan ərazilərin enerji, yol, su və sair təminatı üçün onlarla böyük layihənin icrasına başlanılıb.

Hazırda işğaldan azad olunan torpaqlarda intensiv işlər gedir. Artıq məlum olduğu kimi, Şuşa, Ağdam, Füzuli şəhərlərinin baş planı təsdiq olunub, onların icrası istiqamətində işlərə başlanıb. Azərbaycan azad olunan əraziləri ən müasir prinsiplər əsasında bərpa etməyi hədəfləyir: bölgə tamamilə yaşıl enerji ilə təmin ediləcək. Burada biznesin fəaliyyəti üçün hər cür rahat şəraitin yaradılması, kənd təsərrüfatının müasir texnologiyaların tətbiq əsasında inkişaf etdirilməsi nəzərdə tutulur. Bu cür texnologiyaların tətbiqi ilə yaradılan ilk “Ağıllı kəndə” – Zəngilan rayonunun Ağalı kəndinə əhalinin yaxın vaxtlarda köçürülməsinə başlanacaq. Bu barədə Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında məlumat verib: “Yaxın zamanlarda Azərbaycan işğaldan azad etdiyi torpaqlarda ilk məskunlaşma prosesinə start verəcək. Zəngilan rayonunun Ağalı kəndlərində inşa edilən ilk ”Ağıllı kənd”ə əhalinin köçürülməsi üçün hər şey hazırdır. Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik”.

Dövlət başçısı həmçinin vurğulayıb ki, üç məktəbin inşası bu il başa çatmalıdır: “Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və qeyd etdiyim kimi, Şuşa şəhərində məktəb. Hər üç məktəb 960 yerlikdir”. Dörd xəstəxana inşa edildiyini bildirən Prezident İlham Əliyev əlavə edib ki, Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.

Böyük Qayıdış Zəngilandan başlayır – Ağalı kəndi sakinləri qəbul etməyə  hazırdır!

Qeyd edək ki, Zəngilan rayonunun II Ağalı kəndi ərazisində inşa edilən “Ağıllı kənd”də 200 fərdi ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird üçün nəzərədə tutulan məktəb və 60 yerlik uşaq bağçasının tikintisi başa çatıb.

İndi əsas iş və öncəlik ərazilərin minalardan təmizlənməsi, kommunikasiyaların qurulması, yolların çəkilməsi, enerji şəbəkəsinin qurulması, su təhcizatının yaradılması, əkinə yararlı münbit torpaqların ləngidilmədən istifadə olunmasıdır. Eyni zamanda işğaldan azad olunan ərazilərdə hava limanlarının, hərbi hissələrin inşası, Azərbaycan ordu hissələrinin həssas nöqtələrdə möhkəmlənməsidir. Böyük qayıdış həm də böyük məsuliyyət deməkdir. Qarabağdan qaçqın düşmüş insanların yurda qayıdışı onlara təkrar əziyyət və qorxu hissini yaşatmamalı, tam əksinə, rahatlıq və qürur gətirməli, həyatlarını yaxşılığa döğru dəyişdirməlidir.

Buna görə də ermənilərin tamamilə dağıtdığı kəndlər, şəhərlər, infrastrukturlar yenidən yaradılmalı, Qarabağ ləyaqətli və yaxşı yaşayışın ünvanına çevrilməlidir.

Azad olunan ərazilərdə iki mühü sənaye əhəmiyyətli layihə icra olunmaqdadır.  Bunlardan birincisi Ağdam sənaye parkıdır. Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Sənaye Parkından verilən məlumata görə, 190 hektar sahəni əhatə edən Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Yaxın vaxtlarda Sənaye Parkında rezidentlərin istifadəsi üçün infrastruktur sisteminin qurulması işlərinə başlanılacaq.

Ağdam Sənaye Parkının inşasına başlanılıb FOTO - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Qeyd edək ki, hazırda Ağdam Sənaye Parkında 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bununla yanaşı, hazırda da Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinə layihələr təqdim olunur və həmin layihələr agentlikdə təhlil edilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun verdiyi məlumata görə, indiyədək KOBİA-ya təqribən 1100-ə yaxın müraciət daxil olub ki, onların 390-a yaxını xarici şirkətlərdən olan müraciətlərdir: “Qarabağ bölgəsinin işğaldan azad edilməsi də ölkəmizdə bizneslərin inkişaf üçün əlavə mənbələr açmış oldu. Hamımız üçün bəllidir ki, Qarabağ ərazisi zəngin təbii və faydalı resurslara malik bir yerdir. Regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxarılması böyük perspektivlər vəd edir”.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangının verdiyi məlumata görə isə işğaldan azad olunan ərazilərdə turizm, kənd təsərrüfatı, səhiyyə xidmətləri sahəsində ümumi dəyəri 5 mlrd. dollar təşkil edən layihələrin icrasına hazırlıq işləri aparılır. Onun sözlərinə görə, layihələrin icrasına bu ilin sonuna start verilə bilər, lakin ilk növbədə baş plan təsdiq olunmalıdır: “Türkiyə şirkətləri hazırda infrastruktur layihələrə cəlb olunublar. Qarabağda ən vacib infrastruktur layihələri yol, körpü, viaduk (körpü tipli nəqliyyat infrastrukturu red.), su, elektrik enerjisi və internetdir. Bu gün orada fəaliyyət göstərən 10 şirkətin üzərində olan böyük məsuliyyətli işlər bunlardır. İnfrastruktur olmadan heç bir inkişaf ola bilməz. Məhz bu səbəbdən ilkin olaraq bu işlər öz həllini tapmalıdır. Ərazi bildiyiniz kimi minalanıb. Sərbəst getmək də olmur. Gələcəkdə inkişaf proqramları və baş plan ortaya çıxandan sonra yeni bir mərhələ başlanacaq”.

Prezident və xanımı Ağdamda açılışlar etdi - Foto

Prezident İlham Əliyev Ağdam şəhərinin baş planı ilə tanış olarkən bütün işlərin Azərbaycanın öz hesabına həyata keçirildiyini qeyd edib: “Bu işlər bir daha onu göstərir ki, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start vermişik, siyasi iradə ortaya qoymuşuq, bütün maliyyə və texniki imkanlarımızı, kadr potensialımızı səfərbər etmişik. Bütün bu işləri biz özümüz görürük, öz vəsaitimiz hesabına, büdcəmiz hesabına, heç kimdən yardım istəmədən, heç bir kredit almadan. Bunu Azərbaycan vətəndaşları edir. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Bu şirkətlərin sayı artmaqdadır. Mən çox şadam ki, həm yerli şirkətlər, həm xarici şirkətlər azad edilmiş torpaqlarda işləməyə can atırlar, maraq göstərirlər və biz bunu alqışlayırıq.

Qarşımızda böyük işlər vardır. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün əlbəttə ki, düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib”.

Azərbaycanın dövlət büdcəsindən 2021-ci ildə azad olunan ərazilərin bərpasına 2,2 milyard manat, 2022-ci ildə isə daha bir o qədər məbləğ ayrılıb. Maliyyə naziri Samir Şərifov birinci rübün yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən ayrılmış 2,2 milyard manatın birinci rüb ərzində 346 milyon manatı, yaxud 16 faizə yaxın hissəsi artıq icra olunub.

Azərbaycan azad olunan ərazilərin bərpasına xarici kredit vəsaitlərinin cəlbinə ehtiyatla yanaşır. Ümumiyyətlə, ölkə prezidentinin tapşırığına əsasən 2018-ci ildən bəri xarici dövlət borcunun azaldılması üçün dövlət zəmanəti ilə xarici kreditlərin alınması prosesi sərtləşdirilib, belə kreditləri götürən dövlət qurumlarına nəzarət gücləndirilib.

Prezidentin bu yaxınlarda imzaladığı sərəncama əsasən, ümumi dövlət borcunun ortamüddətli dövrdə ÜDM-in 20 faizi səviyyəsində saxlanılması, xarici dövlət borcunun ortamüddətli dövrdə 15 və uzunmüddətli dövrdə 10 faizə endirilməsi nəzərdə tutulur. Xarici borclanma üzrə müəyyənləşmiş  çərçivə əsasında ümumi borclanma növbəti üç il üçün 4,3 milyard manat məbləğində nəzərdə tutulur. Mövcud borcların yenidən maliyyələşdirilməsi ilə birlikdə 8,3 milyard manat həcmində borcun cəlb edilməsi planlaşdırılır. Maliyyə nazirinin dediyinə görə, yeni cəlb ediləcək borcun 1,3 milyard manatlıq hissəsini bu günədək imzalanmış kreditlər üzrə əldə edəcəyimiz vəsaitlər təşkil edəcək.

Hazırda əksər beynəlxalq təşkilatlar azad olunan ərazilərdəki bərpa işlərinə kredit ayırmağa həvəs göstərirlər. Halbuki dünya təcrübəsindən çıxış etdikdə, bu qurumların Azərbaycana borc deyil, dağıdılmış ərazilərini bərpa etməsi üçün əvəzsiz yardım etməsi lazım idi. İndi Avropa İttifaqı 2 milyard avro məbləğində borc vermək istəyir. Bu borcu iki bank vasitəsilə – Avropa Yenidənqurma və İnkişaf Bankı, eyni zamanda Avropa İnvestisiya Bankı vasitəsilə verməyə hazırdır. Dünya Bankı da yenidənqurma işlərində təcrübələri çox olduğunu əsas gətirməklə görə öz kredit xətlərini təklif edir. Asiya İnkişaf Bankı da Azərbaycan hökumətinin təqdim etdiyi proqramlar əsasında kifayət qədər böyük həcmlərdə borc ayırmağa hazırdır. Bu Azərbaycana daha əlverişli şərtləri təklif edənlə razılaşmaq, yəni seçim imkanı verir. Lakin aydın məsələdir ki, azad olunan ərazilərdə kütləvi bərpa işlərinin başlanması üçün ilk növbədə onların ermənilər tərəfindən basdırılmış minalardan təmizlənməsi lazımdır. Bu istiqamətdə də Azərbaycan beynəlxalq qurumlardan gözlədiyi dəstəyi ala bilmir. Prezident İlham Əliyev açıq şəkildə bəyan edib ki, ölkə minatəmizləmə üçün zəruri avadanlıq və texnikanı özü alır, lakin onları işlədərək əraziləri təmizləyəcək mütəxəssislər baxımından ciddi çətinlikləri var. Bu sahədə böyük təcrübəsi olan beynəlxalq təşkilatlar mütəxəssis ayırmaq məsələsində də Azərbaycana qarşı açıq xəsislik nümayiş etdirirlər.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan vətəndaşlarını öz yurdlarına qaytaracaq. Ərazilər ən yüksək texnologiyaların tətbiqi ilə bərpa ediləcək, məskunlaşacaq…

“Yeni Müsavat”

Həmçinin oxuyun

Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …