Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Azərbaycanlı düşməndən aldığı “hədiyyə”lərdən muzey yaratdı (FOTOLAR)

Azərbaycanlı düşməndən aldığı “hədiyyə”lərdən muzey yaratdı (FOTOLAR)

Müharibə dövründə sərhəd bölgəsində yaşayan insanların da özlərinə xas məşğuliyyəti olur. Kimi atəşkəsin pozulduğu tarixlərin qeydiyyatını aparır, kimi də döyüşən əsgərlərə aid olan hər hansı əşyaları yığaraq saxlayır. Tovuz rayonunun Ermənistanla ən yaxın təmas xəttində yerləşən Əlibəyli kənd sakini Ədalət Rzayevin də məşğuliyyəti insanlarda maraq doğurur.

O, münaqişənin başlandığı gündən bu yana evinə düşən müxtəlif çaplı mərmi və güllə ucluqlarını qoruyub saxlayır.

Onun bildirdiyinə görə, təpənin ətəyində yerləşən və bir baş qarşı tərəfin döyüş postlarına açılan pəncərələr hər işıq gəldiyində atəşə tutulub. Erməni hərbçilərinin dinc sakinlərə qarşı törətdiyi təxribatların izləri onun yaşadığı evin divarlarında, peyk antenası çanağında bu gün də qalmaqdadır.

Maraqlı məqam odur ki, Ə.Rzayev bu mərmi və güllələri atəşkəs elan olunandan sonra yığmağa başlayıb. Hazırda onun kolleksiyasında evinin divarlarından topladığı 200-dək güllə ucluqları yer alır. Kənd sakini topladığı mərmilərin çoxunu istifadəyə qismən yararlı olduğu üçün tullamaq məcburiyyətində qaldığını söyləyib:

“2011-ci ildən 2016-cı ilin yayına qədər evimə düşən güllələri yığmışam. Hazırda saxladıqlarım evimə tökülən güllə və mərmilərin cüzi bir hissəsidir. Ucu partlayıcı olan güllə ucluqlarını yığıb atmışam ki, təsadüfi təmasda ziyan verməsin. Çünki onların başlığı salamat olanda hər an partlaya bilər”, – deyə məlumat verib.

Ə.Rzayev topladığı mərmilər içərisində tank və digər iriçaplı silahların mərmilərinin, eyni zamanda qadağan olunmuş 5,45 mm kalibrli avtomat güllələrinin də olduğunu bildirib.

“Atışmanın gedişatından asılı olaraq müxtəlif çaplı silahlardan atəş açılırdı. Atışma intensiv olan vaxtlar hətta tank və PDM mərmiləri atılıb. Güllələrin içərisində isə qadağan edilmiş 5,45 mm kalibrli avtomat güllələrindən daha çox istifadə edilib. Bu güllələr öldürücü olduğundan onların belə müharibələrdə istifadəsi beynəlxalq aləmdə qəbul olunmur”, – deyə Əlibəyli sakini bildirib.

Ədalət Rzayevin bu mərmiləri toplamaqda həvəsdən başqa, xüsusi məqsədi də var. O, topladığı sursat qalıqlarını bölgəyə səfər edən “Qırmızı xaç” komitəsi kimi təşkilatların əməkdaşlarına da göstərərək dinc sakinlərin evlərinin atəşə tutulmasının dayandırılmasını istəyir./sputnik.az

Azərbaycanlı düşməndən aldığı "hədiyyə"lərdən muzey yaratdı - -ŞƏKİLLƏR
Azərbaycanlı düşməndən aldığı "hədiyyə"lərdən muzey yaratdı - -ŞƏKİLLƏR
Azərbaycanlı düşməndən aldığı "hədiyyə"lərdən muzey yaratdı - -ŞƏKİLLƏR
Azərbaycanlı düşməndən aldığı "hədiyyə"lərdən muzey yaratdı - -ŞƏKİLLƏR

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …