Ana səhifə / Bölgələr / Azərbaycanda ilk- Lənkəranda çay, şəltik və sitrus meyvələri bayramı keçiriləcək

Azərbaycanda ilk- Lənkəranda çay, şəltik və sitrus meyvələri bayramı keçiriləcək

Xan Lənkərandan foto-reportaj.

Bu dünyada əsl Cənnəti görmək və tanrının bəxş etdiyi nemətləri dadmaq istəyirsinizsə, yolunuzu xan Lənkərandan salın. Bu il dekabrın 19-da,səhər saat 11 radələrində şəhərin mərkəzi Heydər Əliyev xatirə parkında Azərbaycanda ilk dəfə olaraq məhz bu rayonda “Çay ,çəltik və sitrus meyvələri “ festivalı keçiriləcək.
Lənkəran şəhər icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Məhsul bolluğu”bayramının ilk dəfə niyə məhz Lənkəranda,həm də bu fəsildə keçirilməsində isə heç bir qəribəlik yoxdur.Ötən əsrin 70-ci illərində Lənkəranda start götürən və sonradan bütün ölkəyə yayılan,90-cı illərin sonuna kimi hər ilin elə bu vaxtları keçirilən məhsul bayramının pionerləri də məhz lənkəranlılar olub.Bir dəki, Azərbaycanda Lənkəran kimi çox nemətli, bol sərvətli,həm də fusunkar bir diyar harda var?Təbiət həm gözəllik,həm bərəkət süfrəsini bu yerdə sərib.Lənkəranın iqlimi,torpaqları burada hər cür nemət yetişdirməyə imkan yaradır.

Taxıl,çəltik,tərəvəz,bostan bitkiləri,sitrus meyvəçilik,çayçılıq ,heyvandarlıq Lənkəranda iqtisadiyyatın aparıcı sahələridir. Hazırda əksər sahələrdə məhsul yığımı başa çatdığından,indi bayram düzənləmək üçün əsl vaxtdır!Ürəyinizdən Sədri,Haşimi,Akulə düyülərindən hazırlanmış plov keçirsə,narahat olmağa dəyməz.Festival günü təzə emal olunmuş Lənkəran düyüsündən 50 növ plov bişiriləcək və cənub mətbəxinin növbənöv ləziz təamları ilə gələn qonaqlara təqdim olunacaq.O qonaq siz də ola bilərsiniz-hər bir azərbaycanlıya,xarici qonağa süfrələr açıq olacaq.Əsl lənkəranlı qonaqpərvərliyinin şahidi olub,cənub mətbəxinin dadına özünüz qiymət verəcəksiniz.Ləvəngi cücə,ləçəngi balıq,çöl quşlarından fisincan,kükü-adını sadalayıb günaha batmaq istəmirəm.Ən yaxşısı,özünüz gəlib, özünüz dadın.Bayram süfrəsində növbənöv kabablar da olacaq-təşkilatçılar deyir.
Şirniyyat sevənləri də sürpriz gözləyir.Lənkəran xanımlarının hazırladıqları şirniyyatları bu qədər çeçiddə festivaldan başqa heç yerdə dada bilməzsiniz,doğru sözümdür.
Məhsul bolluğu bayramı həm də Lənkəranda hasilə gələn məhsullara baxış olacaq. Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bayram ab-havasında bəzədilən parkda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi – ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və s. adlı örtülü pavilyonlar quraşdırılacaq və bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək. Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəstgahı təşkil ediləcək.
Çay demişkən,həmin gün qonaqlara təqdim edilən ekoloji cəhətdən tam təmiz,ətirli,dadlı Lənkəran çayı olacaq-Lənkəran limonu ilə.
Bayram təkcə yemək deyil,həm də istirahətdir,əyləncədir.Bütün bunlar hamısı təşkilatçılar tərəfindən nəzərə alınıb.Lənkəranlı musiqiçilərlə yanaşı,ölkəmizin tanınmış sənət adamları bayramda iştirakları,musiqi töhfələri ilə festivala bir şuxluq,bayram əhval ruhiyyəsi qatacaqlar.Payızın və istirahətin dadını çıxarmaq istəyənlər,yolunuzu həmin gün Xan Lənkərandan salın-xanlara layiq süfrəmiziu,qonaqpərvərliyimizi görüb bu yerlərdən bir ürək dolusu xatirə aparacaqsınız-növbəti bayramlara yetəcək qədər!

Esmira İsmayılova-Lənkəran

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …