Ana səhifə / Bölgələr / Azərbaycanda iki kənd arasında tez-tez qan tökülür, çoxu da ölümlə bitir

Azərbaycanda iki kənd arasında tez-tez qan tökülür, çoxu da ölümlə bitir

Bərdə şəhərinə bitişik Şorəlli və Divanlı yaşayış məntəqələrindən keçən avtomagistral xətt təhlükəli qəzaların baş verdiyi ölüm yoluna çevrilib. İki yaşayış məntəqəsinin arasından keçən magistral yolun işarələnmiş piyada xətti olsa da, əksər sürücülər buna əhəmiyyət vermirlər.

Belə ki, bu yaxınlarda Şörəlli qəsəbəsində təndir çörəyi bişirən xanım axşamçağı işdən çıxıb evinə gedərkən, yüksək sürətlə hərəkət edən avtomobilin ağır zərbəsindən canını qurtara bilməyib.

Ölümlə nəticələnən bu hadisədən az sonra axşam saat 11 radələrində həmin ərazidən sürətlə keçən “Naz-Lifan” markalı avtomobil yolun sağ və sol hissələrini ayıran dəmir cağlara çırpılıb. Zərbədən dəmir cağlar maşını parçalayıb, nəticədə qəza faciə ilə bitib. Avtomobildəki Tərtər rayon sakinlərindən dördündən ikisi həyatını itirib. Digər iki nəfər isə ağır bədən xəsarətləri alıb.

Ölümlə nəticələnən yol hadisələrinin çoxluğu artıq yerli əhalinin ciddi narahatçılığına səbəb olur. Sakinlər öz narahatlıqlarını Spuntik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər.

Divanlı kənd sakini İlqar Quliyev sözügedən ərazidə işıqfor quraşdırılmasını istəyir: “Piyada keçidindən tez-tez istifadə edirik. Amma maşınlar bizə yol vermir. Piyadaların hərəkəti üçün yol nişanları olsa da, sürücülər buna məhəl qoymurlar. Nəticə də isə vaxtaşırı ağır yol nəqliyyat hadisələri baş verir. Ona görə də bura işıqfor qoyulsa, daha yaxşı olar”.

Divanlı kənd sakini İlqar Quliyev
Divanlı kənd sakini İlqar Quliyev

Onun dediyinə görə, kənd bələdiyyəsi sözügedən məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsə də, əfsuslar olsun ki, nəticəsi olmayıb.

Nəsir adlı digər kənd sakini də qəzaların sayının artmasından narahatdır: “Piyada keçidindən mən də mütəmadi olaraq istifadə edirəm. Yolu keçərkən həmişə ehtiyatlı davranıram. Yol hərəkəti qaydalarına arxayın olmuram. Burada nişan olmasına baxmayaraq, özümü gözləyirəm. Buna da səbəb sürücülərin avtomobillərini çox təhlükəli idarə etmələridir. Bəzi sürücülər piyadaları gözləyir, bəziləri yox”.

Divanlı kənd sakini Nəsir kişi
Divanlı kənd sakini Nəsir kişi

Sakinlər hesab edirlər ki, bu tip hadisələrin qarşısının alınması üçün mütləq tədbirlər görülməlidir. Yolun bu hissəsində piyada- avtomobil hərəkətlərini tənzimləmək üçün işıqfor qoyulmalıdır. Avtomobillərin sürət həddini nəzarətdə saxlamaq üçün müşahidə kameraları yerləşdirilməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 13-cu taqımının komandırı Rövşən Albəndov məsələyə münasibət bildirib: “Yol hərəkəti qaydalarına görə, ərazidə piyada keçidi üçün yol nişanının qoyulması düzgün deyil. Yolun döngə hissəsi ilə 100 metr məsafə olduğu halda piyadalar üçün nişan qoyula bilər. Burada isə məsafə azdır”.

“Ancaq iki yaşayış məntəqəsinin arası olduğuna, tez-tez qəzalar baş verdiyinə görə ərazidə işıqforun qoyulması qərarına gəlmişik. Yaxın günlərdə məsələ müsbət həllini tapacaq” – deyə DYP səlahiyyətlisi vurğulayıb.

Ümid edək ki, əlaqədar təşkilatlar sakinlərin həyatına təhlükə yaradacaq halların aradan qaldırılması üçün hərəkətə keçəcək. Ərazidə hərəkətin təhlükəsizliyi üçün işıqfor tez zamanda quraşdırılacaq.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …