Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Azərbaycanda heyrətamiz taksi sürücüsü: Ayaqları işləmir, pedalları əllə idarə edir

Azərbaycanda heyrətamiz taksi sürücüsü: Ayaqları işləmir, pedalları əllə idarə edir

İnsanlar çox vaxt sahib olduqları şeylərin dəyərini bilmir, problemlər qarşısında tez ruhdan düşərək geri çəkilirlər. Lakin elə insanlar var ki, ən böyük sərvət olan sağlamlıqlarını itirsələr belə, bütün çətinliklərə sinə gərərək həyata bağlanmağı bacarırlar.

I-ci qrup əlil Elşad Məmmədov

Goranboy rayon Nərimanlı kənd sakini I qrup əlil Elşad Məmmədov da belə insanlardandır. O, 15 il əvvəl hər iki ayağından məhrum olsa da, ruhdan düşməyərək gəncliyindən məşğul olduğu sürücülük peşəsini davam etdirib.

Avtomobili idarə edə bilmək üçün pedalları əllə idarə ediləcək şəklə salaraq taksi fəaliyyəti ilə məşğul olan E.Məmmədov avtomobili sağlam sürücülər kimi idarə edir. Bu yolla həyatına rəng qatmaqla yanaşı ailəsinin dolanışığını təmin edir. O, hətta avtomobildə əksər təmir işlərini də özü aparır.

I-ci qrup əlil Elşad Məmmədov

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində, 57 yaşlı Elşad Məmmədov hər şeyin heç də indi göründüyü kimi asan başa gəlmədiyini söyləyib. 1989-cu ildən səhhətində problemlər başlayan Goranboy sakini bütün müalicələrə baxmayaraq, 2004-cü ildə hər iki ayağını itirməli olub.

E.Məmmədova ayaqlarını itirmək çox pis təsir edib, hər an ölüm haqda fikirləşib: “Ölümü fikrimdən çıxara bilmirdim. Elə hey fikirləşirdim ki, bu gün öləcəm, sabah öləcəm. Sağ qalmağıma inamım yox idi”.

“Sonradan qərara gəldim ki, maşın alım. Maşını aldıqdan sonra onda öz ideyamla əllə idarə etmək üçün düzəlişlər etdim. Yavaş-yavaş bu maşının köməyi ilə bütün problemlərimi yaddan çıxardım. İndi sükan arxasında oturanda özümü sağlam adam kimi hiss edirəm” – həmsöhbətimiz bildirib.

Dediyinə görə, hazırda avtomobili onunçün yaşam səbəbi, həyat mənbəydir: “Maşın mənim həyatımdır. Ana balasız qala bilmədiyi kimi mən də maşınsız qala bilmərəm. Axşamdan hiss edəndə ki, maşında nasazlıq var, həmin gün gözümə yuxu getmir. Sabah olan kimi çayımı içməmiş başlayıram nasazlığını düzəltməyə. Ona görə də 2004-cü ildən sürsəm də, məni yolda qoymayıb, 1 dəfə olsun benzini qurtarmayıb, təkəri belə, buraxmayıb”.

Tək narahatlığının yol hərəkəti qaydalarını bilməyən, sürücülük mədəniyyəti olmayan sürücülər olduğunu deyən E.Məmmədovun müştəriləri də kifayət qədərdir. Qazaxdan tutmuş Şirvanadək bütün ətraf rayonlara hər gün müştəri aparan Goranboy sakini müştərilərin sağlam sürücülərdən daha çox ona etibar etdiklərini bildirib.

Elşad Məmmədovun istəyi fiziki məhdudiyyətli şəxslər üçün hazırlanmış avtomobilə sahib olmaqdır. 1985-ci il istehsalı olan “dəmir” dostunun artıq köhnəldiyindən, bir müddət öncə əlillər üçün nəzərdə tutulmuş avtomobil almaq üçün müraciət edib. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən ona avtomobillərin yalnız Qarabağ və Böyük Vətən Müharibəsi əlillərinə verildiyi bildirilib.

Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …