Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Azərbaycanda heç bir zaman təqib edilməyən xalqın bayramı – Roş-Ha-Şana

Azərbaycanda heç bir zaman təqib edilməyən xalqın bayramı – Roş-Ha-Şana

Azərbaycanın bir çox rayonlarında azsaylı xalqların nümayəndələri yaşayırlar. Azsaylı xalqların yaşadığı ən məşhur yerlərdən biri də Qubanın Qırmızı Qəsəbə adlanan ərazisidir.

Qırmızı Qəsəbədə yəhudilər kompakt şəkildə məskunlaşaraq, yaşayırlar. Bəzi məlumatlarda onların  Azərbaycana XVI əsrdə İrandan gəldikləri qeyd olunur. Yəhudilər Azərbaycana köçdükləri dövrdən sonra da öz adət-ənənələrini qoruyublar, dini ayinlərini icra edirlər.

Qubanın Qırmızı Qəsəbə adlanan ərazisi

Qubanın Qırmızı Qəsəbə adlanan ərazisi

Yəhudilərin ən məşhur bayramlarından biri də Roş-Ha-Şana hesab edilir. Bu bayram dağ yəhudiləri üçün yeni ilin gəlişi deməkdir. 3 gün davam edən bayramda hər bir yəhudi ailəsində süfrələr açılır, müxtəlif təamlar hazırlanır. 3 gündən sonra yəhudilərin ibadət yeri olan sinaqoqda 7 gün ərzində dini ayinlər icra olunur. Ənənəvi olaraq bu il də Qırmızı Qəsəbədə bayram yüksək əhval-ruhiyyə ilə qeyd olunur.

Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı Qəsəbə üzrə nümayəndəsi Pisak Pisakov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bayramla əlaqəli maraqlı məlumat verib: “Tişri” ayında keçirilən bu bayram bizim üçün çox müqəddəsdir. Biz bu bayramı 10 gün qeyd edirik. Bizim üçün yeni il bayram axşamından başlayır, yəni sentyabrın 29-dan. Bu il də 3 gün məclis təşkil etdik və bu məclisdə süfrələrdə bütün təamlar öz əksini tapdı. Bizim üçün ən maraqlısı da odur ki, süfrədə alma, nar və bal mütləq olmalıdır. Çünki alma, nar və bal bayramın simvolları hesab edilir. Bayramın ənənəvi qaydası almanın dilim-dilim doğranıb, bala batırılıb yeyilməsidir. Bu da ona işarədir ki, gələcəkdə işlərimiz bal kimi şirin, alma kimi təravətli olsun”.

Yəhudi sinaqoqu

Yəhudi sinaqoqu

Pisak müəllim bayramdan sonrakı dini ayinlərin icra olunma qaydasından da söhbət açdı.

“3 gündən sonra hamı hər gün sinaqoqa gedir, tanrıya ibadət edib, günahlarının bağışlanılmasını diləyir. İnsanlar həm də yeni ildə sinaqoqda mənəvi saflıq tapmaq, yeni ilin uğurlu olması üçün çoxlu dualar edirlər. İbadət saatları əsasən səhər tezdən və axşam saatlarında olur. Axşamlar evlərdə demək olar ki, adam tapmaq mümkün deyil. Həmin saatlarda hər kəsin sinaqoqa axışdığının şahidi ola bilərsiniz. Roş-Ha-Şana bayramında Allah insanlara imkan verir ki, onlar etdikləri pis əməlləri düşünsünlər və mütləq şəkildə pis əməllərdən əl çəksinlər. Dini adətlərimizə görə, oktyabr ayının 9-na kimi, yəni bayramın son gününə kimi sinaqoqlarda şəkil çəkdirmək, şamlar yandırmaq, maşına minmək, çəkiliş etmək qəti qadağandır. Bayramın 10-cu günündə sinaqoqda qoç buynuzundan hazırlanan “Yom-Kippur” adlanan şeypur vasitəsilə “şofa” səslənir. Demək olar ki, bu günlərdə hamı həmin “şofa”ya qulaq asır. Və həmin gün insanlar bir sutka ərzində oruc tuturlar. Həmin gün kimin evində “Tövrat” kitabı varsa, sinaqoqa gətirir. Hamı istəyir ki, dini kitabların altından keçsin, əlini vursun və bacaranlar onu tribunada oxusun. Düzü bu hamıya nəsib olmur. Çünki əhalimiz çoxdur, amma kitablarımız azdır”, – deyə icra nümayəndəsi bildirir.

 Yəhudilər Azərbaycana köçdükləri dövrdən sonra da öz adət-ənənələrini qoruyublar, dini ayinlərini icra edirlər.

Yəhudilər Azərbaycana köçdükləri dövrdən sonra da öz adət-ənənələrini qoruyublar, dini ayinlərini icra edirlər.

O, bu bayramın ölkəmizdə qeyd edilməsinin mühüm tərəflərindən də söz açır: “Bizim yəhudilər Azərbaycanda məskunlaşdığı dövrdən bu yana hər zaman yerli camaat ilə dost olublar. Bunun bariz nümunəsi də bizim bayramlarda yerli icra nümayəndələrinin, idarə rəhbərlərinin, rayon camaatının və Bakıdan təşrif buyuran qonaqların bizimlə bərabər yüksək səviyyədə bayramı qeyd etməsidir. Bilirsiniz ki, cənab Prezidentimiz İlham Əliyev hər il bayramımızı təbrik edir. Bu da Prezidentimizin bizə hörmət və ehtiramından irəli gəlir. Biz inanırıq ki, hər zaman yerli əhali ilə belə mehriban yaşayacağıq. Hər zaman ölkəmizdə sülh, əmin-amanlıq və bayramlar olsun”.

Onu da qeyd edək ki, Qubanın icra başçısı Ziyəddin Əliyev rayonda və dünyada yaşayan bütün yəhudiləri milli bayramları münasibətilə təbrik edib. O, Quba ərazisində 20-dən artıq millətin nümayəndəsinin yaşadığı bir tolerant rayon olduğunu bildirib. Sputnik

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …