Ana səhifə / Bölgələr / “Alimpaşa Məmmədovun Şəmkirdə bu gün də dəstə üzvləri var”

“Alimpaşa Məmmədovun Şəmkirdə bu gün də dəstə üzvləri var”

Şəmkirin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən icra başçısı Alimpaşa Məmmədovun əməllərinin ört-basdır etmək üçün iş aparılır. “Yeni Müsavat”da rayondakı durumla bağlı yayılan məlumatlar sabiq başçının komandasını və hamisi Orxan Mürsəlovu hərəkətə keçirib.

Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, rayondan Prezident Administrasiyasına şikayətlər göndərən vətəndaşlara, onların yaxınları hər vasitə ilə təzyiq göstərilir. Şikayətlərin ünvana çatması Prezident Administrasiyasında Qərb bölgəsinin  kuratoru olan Orxan Mürsəlov tərəfindən alındığı iddia edilir. Şəmkir sakini Sakit İsmayılov bildirib ki, Alimpaşa Məmmədov vəzifədə olduğu dönəmdə müavini Qüdrət Əliyevin vasitəsilə Orxan Mürsəlova hər ay haqq çatdırıb. O bu haqda şikayətlərində də qeydlər edir.

Sonuncu şikayətində Sakit İsmayılov yazır: “Şəmkir xalqının canı Alimpaşadan qurtardı. Onu müdafiə edən müavini, puldaşıyanı Aynur xanımdan Şəmkir xalqının canı nə vaxt qurtaracaq? Aynur xanım deyir ki, Şəmkiri Prezident Administrasiyasından kurator Orxan Mürsəlov idarə edir və mənim arxamda da o durur, mənə heç kim, heç nə edə bilməz. Orxan Mürsəlovun kurasiyasında olan Qərb bölgəsində artıq 2 icra başçısı həbs olunub. Əgər Orxan Mürsəlov öz işinin öhdəsindən gəlsəydi, Alimpaşa Məmmədov Şəmkiri çapıb-talamazdı. Bu adam öz işinin öhdəsindən gələ bilmir. Şəmkirdə təcili yoxlama aparıb Alimpaşadan qalma komandanı tamamilə vəzifədən çıxarmaq lazımdır. Orxan Mürsəlovun əl-ayağını yığışdırmaq lazımdır ki, rayondakı cinayətlər tam şəkildə araşdırılsın”.

“Alimpaşa Məmmədovun Şəmkirdə bu gün də dəstə üzvləri var. 2018-ci ildən bu yana onun Şəmkirdəki cinayətkar fəaliyyəti haqda Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çoxsaylı şikayətlər yazmışam. Məni onun işi üzrə zərərçəkmiş qismində tanıyıblar. Bu gün onun vəzifələrini Fəxrəddin müəllim icra edir. Faktiki isə rayonu Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev idarə edir. Onu da himayə edən Orxan Mürsəlovdur. Bu adam Alimpaşa Məmmədovdan Qüdrət Əliyevin əli ilə hər ay ”haqq” alıb. Ona görə də bu gün də onların cinayətlərinin üstünün açılmasına mane olurlar”.

Sakit İsmayılov deyib ki, bu gün də rayonda bütün idarə və təşkilatların işi Alimpaşa Məmmədovun nəzarəti altındadır. Qüdrət Əliyev onun sağ əli olmaqla, Orxan Mürsəlovdan gələn tapşırıqları yerinə yetirir ki, əvvəlki cinayətlərini ört-basdır etsinlər: “Ona görə də başçını əvəz edən Fəxrəddin müəllimin işini iflic ediblər, onu Orxan Mürsəlova görə sayan yoxdur. Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Memarlıq və tikinti şöbəsinin müdiri İlqar Quliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Yaqub oğlu Mustafayev, başçı köməkçisi Mahir Əliyev və Aynur Abdullayeva onun göstərişləri ilə işləyirlər. Onların əlbir olub törətdiyi cinayətlər haqda yazdığım şikayətlərin bir çoxu bu gün cinayət işinin materiallarına əlavə edilib.

Bu adamların Şəmkirdəki torpaq maxinasiyalarını bilməyən yoxdur. Onlar mənim torpağımı da ələ keçirib Gəncədə işləyən Dilqəm adlı vəzifəliyə satıblar. Dilqəm keçmiş polis polkovnikidir, Gəncədə pasport masasının rəisi idi. Onun burada böyük obyektləri, yeməkxanası, restoranı var. Gəncədən yığdığı pullarla Dağıstanın Məhərrəmli kəndində 10 hektar torpaq alıb. Bələdiyyə sədri Vüqarla həmin 10 hektarda parnik əkirlər. Alimpaşa Məmmədovun Şəmkirdə satmadığı yer qalmayıb. Onun da, bələdiyyə sədri Vüqarın da yaxınlarının, ailə üzvlərinin adına xeyli torpaq, mülk var. Alimpaşa Məmmədov mənim torpağımı 250 min manata satıb, bu gün də onun dəstəsi Şəmkirdə talanla məşğuldur”.

Şikayətçi deyir ki, Alimpaşa Məmmədov vəzifədə olduğu zaman 2 dəfə onunla görüşüb: “Deyirdi ki, məndən şikayət yazma, gəl dost olaq. Dedim, adam cinayətkarla dost olar? Mən Baş Prokurorluğa da dəfələrlə şikayət etmişəm. Şəmkirdə Alimpaşa Məmmədovun dəstə üzvlərinin də, Orxan Mürsəlovun da həbsini istəmişəm. Bu adamlar azadlıqda qalmaqla Alimpaşa Məmmədovun cinayətlərini ört-basdır edir, yeni-yeni cinayətlər törədirlər. Bu işlərə Orxan Mürsəlov rəhbərlik edir. O, Qərb bölgəsinin kuratoru olsa da, faktiki olaraq Qərb bölgəsində baş verən cinayətləri ört-basdır edən biri kimi ad çıxarıb. Çünki bunlar əlbirdilər”.

Təzyiqlərdən çəkinən digər şikayətçilər də qeyd edirlər ki, Alimpaşa Məmmədov həbsdə olsa da, ətrafı vasitəsilə Şəmkirdə istədiyini edə bilir. Onlara yazdıqları şikayətlərə görə təzyiq olunur.

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …