Ana səhifə / Bölgələr / Ağstafada vətəndaşları kimlər narazı salıb? – GƏLİŞMƏ

Ağstafada vətəndaşları kimlər narazı salıb? – GƏLİŞMƏ

Möhtəkirlər, vəzifə naminə YAP-a üzv olanlar rayonlara rəhbərlik edəndə təbii ki, vəziyyət bu həddə çatıb, ifadələri, davranışları ixtişaşa səbəb olacaqdı.

İş-gücləri rayonlarda sahibkarlığa maneə, özlərinə isə “obyektlər” açmaqla yekunlaşdığını bilən belə nəsnələr vətəndaşların problemlərinə də yer ayırsaydılar, vəziyyət bu dərəcədə ciddi şəkil almazdı. Üç-beş ziyalı rayon rəhbəri istisna olmaqla, alveri özlərinə ali məqsəd bilənlər təbii ki, “köpəkoğlu” ifadəsini vəziyyət ciddi fazaya daxil olanda “qohumlarıma demişəm”lə əvəzləyəcəkdi, digərləri sahibkarlardan rüşvət toplayıb özünə villalar, obyektlər tikdirib adını da “rayonun abadlaşmasına xərclədim” qoyacaqdı, digəri müşavirədə yatmasına “yorğun və yuxusuz olmuşam, özüm də hiss etmədən belə hal baş verib, hər kəsdən üzr istəyirəm” demək əvəzinə, “tutalım ki, müşavirədə lap yatmışam. Burada nə var? Yəqin yorğun olub yatmışam. Mən də adamam, yata bilmərəm?” cavabını verirsə, açığı bu bir təfəkkür məsələsidir. Digəri Kolumbiya bayrağını Ermənistan bayrağı bilib ayağının altında əzəndə, hardan qavrasın ki, belə səhv dövlətlərarası münasibətlərə xələl gətirə bilər və s.

Əksəriyyət rayon rəhbərləri fikirləşmədilər ki, rəhbərlik etdiyim rayonda tapdaladığım “qırmızı xətt” birbaşa mənə etimad göstərən şəxs(lər)in əleyhinə işləyir. Ömrü boyu bir ədəbiyyat oxumayan belə rəhbərlər düşünə bilməzdilər ki, sərt, anlaşılmaz rəhbər mövqeyi vətəndaşı potensial narazılar ordusuna yönəltmək, siyasi hakimiyyətə zərbə vurmaq əks düşərgəyə xidmətdir. Əksəriyyət icra başçıları sahibkarları rayonlardan didərgin salanda hardan biləydilər ki, qovduqları sahibkarlar dövlət iqtisadiyyatına töhvələrini verməyəndə, respublikanın iqtisadi qüdrəti aşağı düşür, ixrac balansı pozulur, idxaldan asılı vəziyyət yaranır. Savadsız və mütaliyyəsiz nəsnələrlə işləyəndə, belə vəziyyətin yaranması qaçılmaz idi. Pendir, bilet, satan ofsiant işləyən və s. bu qəbildən olan şəxslər icra başçıları olanda, onlar rayonlarda vətəndaşlara da alver predmeti kimi yanaşacaqdılar.

Ağstafada vətəndaşları kimlər narazı salıb, bəzi səbəblər…

Müzakirə mövzusu olan Ağstafa rayonuna son 20 ildə rəhbərlik edən şəxslər də bu kateqoriyadan olub. Rayona bu illərdə Cümşüd Musayev, Elxan Usubov, Goranboy rayonunun hazırkı icra başçısı Məhərrəm Quliyev rəhbərlik edib. Heç biri ziyalı olmayan hər üç şəxsin rəhbərliyi heç nəyi dəyişməyib, əksinə, rayon əhalisinə çoxsaylı problemlər yaradıb. Saymaqla qurtarası olmayan talançılıq siyasətinə – Ağstafa rayonunda hərrac keçirilmədən 2007-ci il tarixindən əvvələ saxta sənədlər əsasında rəsmiləşdirilən yüzlərlə həyətyanı sahələri, rayonun kəndlərindən keçən neft-qaz boru kəmərlərinə görə sakinlərə verilməyən, mənimsənilən milyonlar da aiddir.

Həmçinin, sonradan boru kəmərlərinə görə, verilən kompensasiyalardan çoxları məhrum oldu və ya məbləğlərini icra hakimiyyəti ilə bölüşməyə məcbur edildilər. Bəzi kənd sakinlərinin islahat yolu ilə əldə etdikləri pay torpaqlarının ikinci şəxslərə satılması, qaz, su boru xətlərinin doğratdırılaraq qara bazarda satdırılması, ünvanlı sosial yardımların verilməsində mənimsənilən milyonlar, eləcə də ünvanlı sosial yardım üçün kənd icra nümayəndələrinin verdikləri arayış qarşılığında aldıqları 50 manat rüşvət son illər ağıstafalıların əsəblərini tarıma çəkmişdi. Təkcə bu rayondan edilən birinci və təkrar şikayətlərə görə, Ağstafa Prezident Administrasiyasının yaydığı məlumatda birinci olurdu.

Boru xətlərinin keçdiyi hektarlarla dəmyə torpaqlara bələdiyyə və kənd icra nümayəndələri tərəfindən saxta arayışlar verməklə tərtib olunan sənədlərə narazılıq edən, haqqı tapdalanan onlarla şəxs bu gün də hüquq mühafizə orqanlarına şikayət edirlər. İçməli və suvarma suyuna olan təlabatı yerinə yetirmək üçün kəndlərdə vurulmalı olan onlarla subartezyan quyuları rüşvət müqabilində kəndlərdən 2-3 kilometr kənarda şəxsi təsərüffat sahibləri üçün vurulub. Ağstafa RİH-nin təzyiqi nəticəsində bələdiyyə və kənd icra nümayəndələri arayış veriblər ki, kənddə içməli və suvarma suyu var. Bununla subartezyan quyularının təyinatı üzrə vurulma sahələrini dəyişdiriblər. Bütün bunlar Ağstafa RİH-də vəzifəli şəxsin rəhbərliyi altında həyata keçirilib.

Bələdiyələrə verilmiş dotasiyalar, taxıl əkilmiş sahələrin bir neçə dəfə şişirdilərək mənimsənilməsinə dair yüz minlər, bəzi kəndlərdə örüş yerləri torpaqlarının hektarı 100 AZN-dən satılması bu gün də mübahisə predmeti olaraq qalır. Rayonun vəzifəli şəxslərindən alınan yüz min manatlarla rüşvət, onlardan alınan aylıq haqq və s. özbaşınalıqlar son dörd ildə kuliminasiya nöqtəsinə çatmışdır. Saxta diplomlu 5-6 kənd icra nümayəndəsini RİH-dəki şöbə müdirləri o qədər “səxavətlə” müdafiə etdilər ki, bu şəxslər icra nümayəndəliyində işləyən xidmətçilərin, digər işçilərin, məktəblərdə lobarantların, günəmuzd işləyən insanların məvaciblərini mənimsədilər, kəndlərdə suvarma suyuna müdaxilə etdilər, hətta ailələrinin gündəlik qənd-çay ehtiyacını ödəmək üçün Kür çayından balıq tutanlardan da haqq aldılar.

Təbii bu özbaşınalıqları bilirdilər. Ağstafadan olunan saysız-hesabsız şikayətlərin nə səbəbdən olduğunu ən azından müəyyənləşdirməmiş üstündən ötməzdilər. Ölkə rəhbərindən gizlədilmə ehtimalı çox olan şikayətləri Prezident Administrasiyasında da bilməmiş deyildilər. Saymaqla bitməyəcək özbaşınalıqların qarşısını DTX-nın rayonda apardığı əməliyyatlardan sonra dayandı. Ötən həftə isə Ağstafaya yeni icra başçısı təyin olundu.

Seymur Orucovla bağlı “yaddaşlarda ilişib qalanları” ümumiləşdirmək

Seymur Orucov Ağstafa RİH-yə təyin olunan kimi bəzi tanınmış şəxslər tərəfindən ictimai rəydə elə qələmə verildi ki, problemlərlə baş-başa qalan rayon qaldı kənarda, Seymur Orucovun təyinatı problem hesab edildi. İlk gündən Afaq Bəşirqızı, sonra hüquqşünas Aslan İsmayılov təyinat məsələsinə münasibət bildirdilər, sonrakı günlərdə saytlarda 17 saniyəlik video yayıldı. Daha sonra, Seymur Orucovu Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı məsələdə ittiham etdilər. Bu günlərdə isə onun xarici dil biliyinə dair İctimai TV-də yayımlanan “3D” verilişində sətiraltı ehyam vuruldu.

Təəssüf doğuran isə odur ki, Ağstafa rəhbərliyinin kimliyi bu qədər maraq doğurursa, niyə illər əvvəl bu rayonda tüğyan edən rüşvət və korrupsiya hallarına dair bir cümlə olsa belə facebook səhifələrində, saytlarda yazılmadı?! Bəlkə rayonda baş verən özbaşınalıqlardan xəbərsiz idilər?! İctimai təsir imkanlarına malik olan ekspert, hüquqşünas, bir çox sayt rəhbərləri mənfi emosiyaların yerriçilik baxımından analizinə niyə indi keçdilər?! Sanki indiyə qədər Ağstafa rayonuna rəhbərlik edən şəxslər ağstafalı imiş, yüksək təşkilatçılıq qabiliyyəti ilə bərabər, ingilis dilini də mükəmməl bilirlərmiş.

Axı bir şəxs milli amal naminə xalqına xidmət etmək istəyirsə, onun ölkə daxilində xarici dili bilməsinə ehtiyac duyulmur. Məgər bu günün özündə Ağstafada vətəndaşların 95 faizi mükəmməl ingilis dili biliciləridir və ya onları Seymur Orucovun dil bilməsi, əvvəlki iş yerində baş verən hadisə maraqlandırır?! Axı Ağstafalı biziksə, bizi özümüzə təqdim etməyin heç bir əsası yoxdu. Ağstafalılar “mütaliəli insanlardır, bu bölgədən çıxan ziyalılar üstünlük təşkil edir, onlar seçilirlər, bu rayona rəhbərlik etmək də asan deyil” kimi fikirlər inkar edilmir. Amma rayona yeni təyin olunmuş gənc bir şəxsin bu fikirlərin fonunda növbəlilik qaydasında müzakirəsinə köklənmək, onun idarəetmə imkanlarının məhdud ola biləcəyini vurğulamaq, Seymur Orucov haqqında “yaddaşlarda ilişib qalanları” ümumiləşdirmək məcburiyyəti qərəzlidir. Bunu ağstafalılar da sezməmiş deyillər. Bu rayonun ziyalısına “səmimiyyət” pərdəsi altında olunan təlqin keçərsizdir. Çünki, Seymur Orucovdan əvvəl daha gənc kadrlar digər rayonlara təyin olunub, Ağstafa hazırda istisnalıq təşkil etmir. Ağstafa əhalisinə illər əvvəl onun problemlərinin ictimailəşdirilməsi lazım idi,bu da olmayıb.

Ağstafalıları hansı məsələlər maraqlandırır

Bir sözlə, Ağstafada vəziyyət diqtə edir ki, RİH-də islahatlar aparılsın, oradan keçmiş icra başçılarının tör-töküntüləri vəzifədən kənarlaşdırılsın. Yeni müavinlər, şöbə müdirləri, bir neçə kənd icra nümayəndələri yenilənsin, çevik idarəetmə mümkünləşdirilsin. Kəndlərdə işıq, qaz, su problemlərinə diqqət yetirilsin. Kəndlərdə iş başına suvarma suyunun idarə edilməsini bilən, kanalların su tutumuna, suyun həcminə uyğun torpaq sahələrinin suvarılma müddətini bilən, növbəlilik qaydalarını pozmayacaq şəxslər gətirilsin.

Bəzi torpaqların əkilməmə səbəbi müəyyənləşdirilsin, torpaq sahiblərinə aqrotexniki məsləhətlər vermək iqtidarında olan, bol məhsuldarlıq əldə etmək üçün torpaqdan istifadədə dəyişkənlik prinsiplərini bilən kadrlarla işlənilsin. Hər bir kəndin coğrafi mövqeyi nəzərə alınmaqla, ucqar kəndlərdən rayon mərkəzinə gəlib məhsulunu satmaq üçün ictimai nəqliyyat vasitələrinin intervalı təkmilləşdirilsin. RİH-nin rəhbər şəxsləri növbəlilik qaydasında kəndlərdə şikayətlərin təhlilinə vaxt ayırsın. Bəzi kəndlərdə zəbt olunmuş örüş torpaqları problemi həllini tapsın, özünə ev tikmək istəyən şəxslərdən rüşvət istənilməsin, ünvanlı sosial yardıma həqiqi ehtiyacı olanlar müəyyənləşdirilsin, mövsümi işlərə cəlb olunan şəxslərin əmək haqlarına “müdaxilələr” olunmasın, mümkün hallarda iş yerlərinin açılması üçün rayona investisiya cəlb edilsin, əhalinin məşğulluğu təmin olunsun və s.

Ağstafalıları bu kimi məsələlərin həlli maraqlandırır. Rayona yeni təyin olunan icra başçısından bunu gözləyirlər. Bunun üçün müəyyən vaxtın lazım olduğunu, müsbət dəyişikliklərin baş vermədiyi halda, Seymur Orucovu tənqid edəcəklərini də bilirlər.

Fuad İsgəndərov
Faktinfo.az

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …