Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Ağdamın icra başçısı ilə həbsdə olan Teylorun nə əlaqəsi? – “Deyib ki, həmin pulu icra başçısına vermişəm”

Ağdamın icra başçısı ilə həbsdə olan Teylorun nə əlaqəsi? – “Deyib ki, həmin pulu icra başçısına vermişəm”

Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Fətişoğlu) cinayət işi üzrə məhkəmə prosesinə hakim Eldar Mikayılov sədrlik edir.

Bu iş üzrə istintaqda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı da dindirilib.

Musavat.com icra başçısı Raqub Məmmədovun istintaqa ifadəsini əldə edib.

Qeyd edək ki, zərərçəkmişlər bildirirlər ki, T.İbrahimovun adamlardan pul alıb aldatmasından icra başçısının da xəbəri olub. Onların sözlərinə görə, T.İbrahimovu dəfələrlə icra başçısının yanında görüblər. Elə İbrahimov da onlara vəd verərkən məsələni başçının köməyi ilə həll edəcəyini deyirmiş.

Bəzi zərərçəkmişlər aldandıqlarını biləndən sonra pullarını geri almaq üçün birbaşa icra başçısının yanına getdiklərini söyləyirlər.

R.Məmmədov istintaqa ifadəsində 2014-cü ildən icra başçısı vəzifəsində işlədiyini deyib və T.İbrahimovu jurnalist kimi tanıdığını deyib.

Qeyd edib ki, Teylor İbrahimov Ağdamda keçirilən ictimai tədbirlərdə jurnalist kimi iştirak edib, bunu saytda yayımlayıb: “Sonradan eşitdim ki, Teylor Ağdam sakinlərini aldadıb, onlara icra başçısı tərəfindən müəyyən vəzifələrə təyin etdirəcəyi haqda vədlər verib, adamlardan müxtəlif məbləğdə pullar alıb”.

R.Məmmədov deyib ki, rayon sakini, zərərçəkmiş İsmayıl Məmmədov T.İbrahimovla birlikdə onun yanına gəlib: “Teylor İbrahimov Ağdamın Güllücə kənd sakini İsmayıl Məmmədovla birlikdə rayon icra hakimiyyətinə gəlmişdi. Teylor İsmayılı anasının qohumu kimi təqdim etdi. Məndən xahiş elədi ki, İsmayılı İmamqulubəyli qəsəbə nümayəndəliyində bir işlə təmin edim. Mən də fikirləşib, İsmayıla dedim ki, onun üçün bir iş taparam. Bir müddət sonra İsmayıl yenə gəldi, məndən iş haqda soruşdu, dedim ki, hələlik rayonda ona münasib vakant yer yoxdur. Amma kimsə təqaüdə çıxsa, onun yerinə təyin edilə bilər. Sonra eşitdim ki, Teylor ondan mənim adımla müəyyən miqdarda pul alıb. İcra hakimiyyətinin binası qarşısında İsmayılı yanıma çağırıb, ətrafdakıların da eşidəcəyi tonda ondan soruşdum ki, “Teylor Fətiş oğluna vəzifəyə təyin olunmaq üçün pul vermisən”? İsmayıl cavab verdi ki, “xeyr”. Xəbərdarlıq elədim ki, əgər sən Teylora və ya başqasına bu məqsədlə pul vermisənsə, heç bir vəzifəyə təyin olunmayacaqsan”.

İcra başçısının sözlərinə görə, bir müddət sonra T.İbrahimovun Ağdamın Üçoğlan kənd sakini Rafil Hətəmovdan da su-kanal idarəsinə rəis təyin etdirmək adı ilə pul aldığını eşidib. Həmin ərəfədə T.İbrahimov saytında Ağdam rayon Su-Kanal İdarəsinin rəisi Vüqar Qəhrəmanov haqda xoşagəlməz məlumatlar yayıb: “Teylor məndən onu su-kanal idarəsinə rəis təyin etməyi xahiş edib. Mən isə ona telefonla dedim ki, həmin idarəyə “Azərsu” rəhbərliyi tərəfindən rəis təyin edilib. Həmin ərəfədə Rafil Hətəmovu icra hakimiyyətinin həyətində qəbul etmişəm. Rafil mənə dedi ki, su-kanal idarəsinə rəis təyin olunmaq üçün Teylor ondan 35 min manat pul alıb. Deyib ki, həmin pulu icra başçısına vermişəm. Məsələyə aydınlıq gətirmək üçün dərhal Rafilin yanında Teylora zəng edib soruşdum ki, Rafili niyə aldatmısan, pulunu səndən geri almaq üçün Bakıya gəlir. Rafilə də məsləhət gördüm ki, hüquq-mühafizə orqanlarına müraciət eləsin, qanuni yolla Teylordan pulunu tələb eləsin. Sonra Teylor mənə zəng eləyib dedi ki, ondan pulu vəzifəyə təyin etdirmək üçün yox, borc alıb. Mənə də yalvarıb xahiş elədi ki, Rafilə deyim, on günə pulunu qaytaracaq. Teylorun dediklərini Rafilə çatdırdım. O vaxtdan da Teylorla münasibətim pisləşib. Teylor haqqında Ağdam rayon prokurorluğuna məlumat vermişəm”.

Əlavə edək ki, təqsirləndirilən T.İbrahimov icra başçısının məhkəmədə də dindirilməsini istəyir. O, məhkəmədə bu haqda vəsatət qaldırıb. Amma icra başçısı teleqram göndərib ki, istintaqdakı ifadəsini təsdiqləyir.

Qeyd edək ki, bu iş üzrə bir neçə zərərçəkmiş var. Onlar işə düzəlmək, həbsdə olan yaxınlarını azadlığa çıxarmaq üçün T.İbrahimova pul veriblər. İsmayıl Məmmədov isə təqsirləndirilən şəxsə 5 min manat verib. Bunun qarşılığında icra nümayəndəsinin müavini təyin olunmalı imiş.

T.İbrahimov sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və 2000-ci ildən Moskvada mühacirətdə yaşayıb.

O, Bakıda Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai RPŞ-ə təhvil verilib.

T.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda törədildikdə) ilə təqsirli bilinir.

Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …