Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Bölgələr / “190 manat aldığı üçün ictimai işlə təmin oluna bilməz…” – Göygöl İcra Hakimiyyətinin şəhid ailəsinə cavabı

“190 manat aldığı üçün ictimai işlə təmin oluna bilməz…” – Göygöl İcra Hakimiyyətinin şəhid ailəsinə cavabı

11.05.2020-ci il tarixdə “Az.Politika.info”-da Göygöl rayon Firuzabad qəsəbə sakini Cabbarov Mirhəbib Oktay oğlunun şikayət məktubu əsasında dərc olunmuş “İcra başçısı ”pulunuz yoxdursa, ev yoxdur” deyir” başlıqlı yazı ilə bağlı Göygöl rayon İcra Hakimiyyəti adından saytımıza açıqlama daxil olub.

Xatırladaq ki, həmin yazıda şikayətçi şəhid ailəsi olduqlarını bildirmiş, lakin rayon icra hakimiyyəti başçısının ağır sosial durumda olan ailənin ehtiyaclarına biganə yanaşdığını, çoxsaylı müraciətlərinə məhəl qoyulmadığını, evlə, torpaqla və ictimai iş yeri ilə təmin olunmadığını qeyd etmişdi.

Şəhid ailəsinin ittihamlarına cavab verən Göygöl rayon İcra Hakimiyyəti isə açılqlamasında bildirir ki, şikayətdə göstərilənlər həqiqətə uyğun deyil, ailə üzvlərindən M.Cabbarov 190 manatlıq birdəfəlik yardım aldığı üçün ictimai işlə təmin oluna bilməz.

Ev məsələsi icra hakimiyyətinin səlahiyyətində deyil, ailənin istədiyi torpaq sahəsini isə ona vermək mümkünsüzdür: “Mirhəbib Cabbarov anası ilə birlikdə Göygöl rayonu Firuzabad qəsəbəsində xüsusi mülkdə yaşayır. Həmin mülk anası Cabbarova Fikriyyə Qubad qızının adınadır. Şəhid ailəsi statusu Fikriyyə Cabbarovaya verildiyindən və onun adına mülk olduğundan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq o, Göygöl Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə uçota alınmamışdır. Onu da bildiririk ki, Qarabağ Müharibəsi Əlilləri və Şəhid ailələri üçün mənzillərin tikilməsi və paylanılması Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Həyətyanı torpaq sahəsi ilə təmin olunması ilə bağlı bildiririk ki, M.Cabbarovun yaşadığı Firuzabad qəsəbəsi Üçtəpə bələdiyyəsinin inzibati ərazisini əhatə edir. Bələdiyyənin qəsəbədə yalnız bir yerdə 0.07 ha həyətyanı torpaq sahəsi istisna olunmaqla perespektiv inkişaf fond torpağı olmadığından həmin torpaq sahəsi Üçtəpə bələdiyyəsi tərəfindən kommunikasiya xətləri təmin edilməklə Fikriyyə Cabbarovaya təklif edilmişdir. Lakin, onlar verilmiş təklifdən imtina edərək özlərinin istədikləri ərazidən həyətyanı torpaq sahəsinin verilməsini tələb etmişdilər. Onların tələb etdikləri ərazilərin birində beynəlxalq və yerli yeraltı rabitə xətti keçdiyi, digərindən yüksək gərginlikli elektrik xətti keçdiyi, digər iki yerdə göstərdiyi torpaq sahələri isə həmin qəsəbədə yerləşən və fəaliyyət göstərən Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun istifadəsində olduğu üçün verilməsi mümkün hesab edilməmişdir.

Bundan başqa, F.Cabbarovanın yaşadığı ünvanda, istifadəsində 0,04 ha uzun müddətdir zəbt torpaq sahəsi vardır. F.Cabbarovaya zəbt etdiyi torpaq sahəsini qanunamüvafiq qaydada övladlarının birinin adına sənədləşdirİlərək mülkiyyətinə verilməsi təklif edilmiş, lakin onlar bu təklifdən də imtina etmişlər.”

İcra hakimiyyəti bildirir ki, 9 il bundan əvvəl, 2011-ci ildə ailənin yaşadığı evdə təmir işləri görülüb. 2019-cu ildə mətbəxin dam örtüyü təmir olunub. Mirhəbib Cabbarovun ictimai işlə təmin olunması isə qeyri-mümkündür: “İşlə təmin olunması ilə bağlı bildiririk ki, Mirhəbib Cabbarov müraciətdə göstərdiyi 5 il müddətində deyil, rayon Məşğulluq Alt Sistemində 16.03.2020-ci ildə işsiz kimi qeydiyyatdan keçmişdir.

“Koronovirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən işsiz kimi qeydiyyata alınan şəxs Mirhəbib Cabbarova elektron müraciəti əsasında yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilmiş, 2-ci ay üçün nəzərdə tutulan 190 manatın verilməsi isə yaxın zamanlarda həyata keçiriləcəkdir. Yuxarıda qeyd olunan Sərəncamın bəndlərinəəsasən birdəfəlik ödəmə aldığı üçün onu 2 aylıq ödənişli ictimai iş yeri ilə təmin edilməsi mümkün olmamışdır.”

Həmçinin oxuyun

Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …