Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Əziz Kəlbəcər, biz qayıtmışıq – REPORTAJ

Əziz Kəlbəcər, biz qayıtmışıq – REPORTAJ

Şəhidlərimizin qanı, qazilərimizin şücaəti, Ali Baş Komandanımızın qətiyyəti sayəsində 27 ildən sonra işğaldan azad edilmiş müqəddəs yurdumuza gedirik! Parlament Jurnalistlər Birliyinin bir qrup üzvünün, bizimlə yol yoldaşı olan ziyarətçilərin hansı hisslər keçirdiyini təsəvvür etmək çətin deyil…

Birinci Qarabağ müharibəsində minlərlə igidimiz qurban gedib bu məkanda… 44 günlük savaşın ilk günlərində də şəhidlər verdik yüksəkliklərdə qərar tutmuş düşmənlərlə gərgin döyüşlərdə. 44 günlük döyüşlərdə dəmir yumruğu görən düşmən 1 şəhər, 1 qəsəbə və 145 kəndi olan Kəlbəcər rayonunu 25 noyabr 2020-ci il tarixində döyüşsüz təhvil verməyə məcbur oldu!

Gedirik fədakar hərbçilərimizin və polislərimizin gecəli-gündüzlü nəzarət etdiyi postlardan keçərək. Düşmənin ötən illər ərzində darmadağın etdiyi Kəlbəcərin bərpasına yollar salınmasından başlanıb. Hələlik Ağdərə yolu ilə fasiləsiz gediş-gəliş təmin olunmadığından Murov yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolunda apardığı təmir işləri nəticəsində Müdafiə, Sərhəd və digər qoşun növlərinin hərbi nəqliyyat vasitələrinin, həmçinin mülki əhalinin gediş-gəlişi üçün imkan yaradılıb. Kəlbəcər işğaldan azad olunandan sonra eni cəmi 3-4 metr olan yol 12 metrədək genişləndirilib. Ən əsası isə Toğanalı-Kəlbəcər avtomobil yolunun Murov dağı istiqamətindəki tunelin çəkilişidir. İki hərəkət zolağından ibarət olacaq Murovdağ tunelinin uzunluğu 11,6 km, eni 12 metr təşkil edəcək. Girişi dəniz səviyyəsindən 1700, çıxışı 1900 metr yüksəklikdə olacaq tunelin istifadəyə verilməsi ilə şaxtalı-qarlı havada sıldırım qayaların arası ilə riskli gediş-gəlişə son qoyulacaq. Kəlbəcərə qədər çəkiləcək yolda suların ötürülməsi məqsədilə 100-dən artıq dairəvi boru və 5 avtomobil körpüsü qurulacaq.

Murov

Əzəmətli Murov! Qatı duman və günəşli hava növbəli şəkildə bir-birini əvəz edir. Budur, 3260 metr yüksəklikdə qərarlaşan Ömər aşırımı! Birinci Qarabağ savaşında və 44 günlük müharibənin ilk günlərində burada düşmənlə üzbəüz döyüşən, şəhid və qazi olan əsgərlərimizdən danışırıq. Heyrətamizdir! Alçaq düşmən Güzgü aşırımındakı yüksəklikdə elə sədlər qurubmuş ki…

Ötən il Prezidentin bu cür çətin relyefə malik ərazidə avtomobil idarə etməsindən dolayı təəccübümüzü gizlədə bilmirik.

Bütün çətinliklərə baxmayaraq, yolda hərəkət bir an olsun dayanmır. Qəhrəman hərbçilərimiz, Kəlbəcərdə çalışan müxtəlif qurumların əməkdaşları işlərinin başındadırlar.

Kəlbəcərin işğalını xatırlayırıq…

Rayonda uzun illər Azərbaycan dili və ədəbiyyatından dərs demiş, 47 illik pedaqoji staja malik olan 80 yaşlı Səməndər Eyvazov acı xatirələrini dilə gətirir:

“Kəlbəcəri Xocalının gününə salmaq istəyirdilər. Bax bu Murov yolu camaatın xilas yolu oldu. Qarda-çovğunda qırılanlarımız da az olmadı. Eləsi var idi, ayağındakı corab da cırılmışdı… Azərbaycanca danışan ermənilər bizim qız-gəlinləri vertolyota yığıb, İrəvana aparmışdılar. Onların nə ölüsündən, nə dirisindən xəbər çıxmadı. Tutquçayda iki gəlin özünü körpələri ilə suya atıb intihar etmişdi. Ermənilər bir “KamAz” adamı tuneldən çıxanda qırmışdılar. Çovğunda qoca nənəni ulağın üstündə oturtmuşdu nəvələri… Onu yorğana bükmüşdülər ki, donmasın. Gözümün qabağından getmir o səhnə… Yəqin o arvad elə yolda keçindi…”

Bu söhbətdən sonra dərin bir sükut çökdü… Bir anlıq Məmməd Aslanın, Sücaətin Kəlbəcərlə bağlı yanğılı şeirlərini xatırlayıram. İndi ruhları şaddır…

Murovu aşağı enirik. Hüzur və qüssə yolboyu bir-birini əvəzləyir. Duman getdikcə çəkilir, özümüzü buludlardan yuxarıda hiss edirik. Nağılvari mənzərə… Sanki təyyarədəyik. Uzaqdan Çiçəkli dağ görünür. Yolun sol kənarındakı gur çeşməli bulağın suyundan içməmiş keçə bilmirik.

Şəhid evlər…

Bizi Kəlbəcərin darmadağın edilmiş ilk evləri qarşılayır… Qəbir daşına bənzəyir buradakı evlər. Ancaq divarlar qalıb, onlar da yarıuçuq halda… Zallar kəndi və Yanşağın eynisidir. Divarlar, divarlar… Seyidlərdə taxta sexi açıbmış düşmən. Kəlbəcərin qiymətli ağaclarını doğrayıb sexlərə daşıyırmışlar vəhşi tayfanın nümayəndələri.

“Qaya baş-başa gələn” yerdə sanki sehrli aləmə düşürük. Çay kənarı ilə çəkilən yüksək gərginlikli elektrik xətləri göz oxşayır. Energetiklərimiz qısa müddətdə möhtəşəm işlər görüblər Kəlbəcəri nura qərq etməkdən ötrü.

Düşmən illər boyunca nə qədər qəsd etsə belə, Kəlbəcər bizsiz də var gücü ilə müqavimət göstərib. Ağaclar yenidən pöhrələnib, çaylarımız axarlı, təbiətimiz baxarlıdır. Söyüdlü, Qaradırnaq, Meydan, dövlət başçımızın Kəlbəcərə səfəri zamanı əllərini yuduğu Lev çayı… Tərtər çayının sol qolu olan, mənbəyini Murovdağ silsiləsindən, Hinaldağın cənub yamacından, 3250 metr yüksəklikdən götürən 36 km-lik Lev çayı…

Səməndər müəllim çayların suyunun əvvələ baxanda xeyli azaldığını söyləyir: “O vaxtlar bu çaylar yatağından çıxardı”.

Səməndər müəllim bu yaşında da Kəlbəcərdə müəllimlik etmək arzusundadır: “Fəxr edirəm ki, vaxtilə rəhbərlik etdiyim məktəbin direktoru mənim şagirdim olub”.

Kəlbəcər rayon polis şöbəsinin Qamışlı kəndində yerləşən komendant postuna yetişirik. Burada hərbi polis hərbçilərin, polis və daxili qoşunların əməkdaşları isə mülki şəxslərin giriş-çıxışına nəzarət edir. Öyrənirik ki, burada qanunsuz keçid cəhdləri olsa da, qarşısı müvəffəqiyyətlə alınır. Başımızın üstündəki Çiçəkli yüksəkliyi əzəmətlidir. Darmadağın olmuş Qamışlı kəndi isə üzümüzdəki təbəssümü yox edir…

Hə, ermənilər Qamışlı kəndindən keçən çayda da SES tikmək istəyirmiş. Çay boyunca nəhəng duameyrli boruları “dolayıblar” bütün ərazilərimizə. Deyirlər, Tərtər çayının suyunu tam şəkildə çəkib apatmaq niyyətində imişlər…

Azərbaycan dövləti isə ermənilərin on illərlə edə bilmədiyini etməkdədir – “Kəlbəcər-1” Su Elektrik Stansiyası, cəmi 6 aya inşa olunan “Kəlbəcər” yarımstansiyası… Kəlbəcəri elektrik enerjisi ilə fasiləsiz təmin edəcək bu stansiyalar.

Növbəti polis postu və Xudavəng məbədinə aparan 10 km-lik yol. Xudavəngdə rusiyalı sülhməramlılar keşik çəkir. Ermənilərin keşişlərinin keşiyini… Sülhməramlılar məbəddə keşişlərin olduğunu desələr də, sonradan Kəlbəcərdəki həmsöhbətimiz keşişlərin rədd olub getdiklərini bildirdi.

“Bu, Səlim kişinin evidir… Bu, Süleyman müəllimin, o da Kazım müəllimin…”

Kəlbəcərin mərkəzinə yollanırıq. Mamır basmış qayalar sağımızda qalır. Kəlbəcərdəki çaylar qızıl balığı ilə məşhur olub. Dostlardan biri danışır: “Buradakı dəyirmanın qarşısında tor qururdular, qızıl balıqlar tora tökülürdü”.

Bizi növbəti dəfə heyrətləndirən ermənilərin planı olur. Haradan çay axıbsa, işğal illərində oraya nəhəng diametrli borular daşıyıblar. Çayların suyunu bir istiqamətə yönəldib, su elektrik stansiyası tikmək istəyirmişlər. Arzuları gözlərində qaldı… Çayqılınclı kəndində yaşayırmışlar, rədd olub gedəndə evləri yandırıblar.

Bu da Nadirxanlı kəndinin qalıqları…

Səməndər müəllim bir-bir nişan verir: “Bu, Səlim kişinin evidir… Bu, Süleyman müəllimin, o da Kazım müəllimin… Burada tütün məntəqəsi var idi. Qarşıda yol idarəsi yerləşirdi. Bu ev də Gözəlgilindir. Hə, bu, meşəbəyinin evi idi…”

Savalan Eyvazov deyir ki, 8, 9, 10-cu sinifləri Aşağı Qılınclı məktəbində oxuyub. “Biz 9-cu sinifdə 32 nəfər idik”, – söyləyir və ardınca məktəbin qalıqları belə, qalmayan yerini göstərir.

Bu da Aşağı Qılınclı kəndi, cənnət məkan! Pambıq kimi buludların altında sıldırım qayalar, ətəyində meşələr, bağ-bağat. Bu yolun bünövrəsini Yetim Hüseyn qoyub partlayıcılarla. Səməndər kişi deyir 1951-də yol çəkilən zaman yağışdan qorunmaq üçün kahaya sığınan gənclərimiz torpaq altında qalıb həlak olublar…

Tərtərçayın sahili ilə gedirik kəndə doğru. Əslində, kənd yox, evlər qəbiristanlığı… Ay alçaqlar, belə cənnəti necə məhv etmək olar?!

Birinci Qarabağ müharibəsi iştirakçısı Qoşqar Babayev uzaqdan çayın o tayındakı evlərini görür… 20 yaşında tərk etdiyi ata evində ermənilər yaşayırmış. 3 otağı, bir zalı olan evin ön və arxa tərəfinə daşdan əcaib hörgülər hörüblər ermənilər. Amma damını gəmirib cəhənnəm olublar. Qoşqar dəmir körpüdən keçib, həyətlərinə gedir, evin divarlarının başına dolanır, tək-tük “sağ” qalmış ağacları əzizləyir…

Görüş səhnəsi kövrəldir bizi… Uşaqlardan biri ağacdan zoğal dərəndə Qoşqarın qeyri-ixtiyari “qardaş, ehtiyatlı ol, budağı sındırarsan” deməsi bizdə qəribə ovqat yaradır… Ayrılmaq istəmir doğma ocağından, amma vaxtımız da azdır… Deyir dövlətimiz icazə verəndən sonra evini bərpa edib, qardaş-bacılarını bu ocağa toplamaq niyyətindədir.

Sonra ətrafla tanış edir bizi: “Hümbətgilin evi burada idi, o, Şiringilin evidir, rəhmətə gedib. Burada bulaq var idi, gedib orada dərs oxuyardıq. Buradan su dəyirmanına yol gedirdi. Dəyirmançı da Bəndalı kişi idi. Burada da Salman, Xasay, Şahsuvarın evləri yerləşirdi”.

Sonra məktəbin tar-mar olmuş yerinə baxır: “Güneypəyə, Alçalı, Sarıdaş, Nadirxanlı, Quzey Çirkin, Çaykənd, İstibulaq, Kilsəli uşaqları buradakı orta məktəbə gəlirdi”.

Kəlbəcərin gözü olan Alagöllər tərəfdən, Sarıyer yaylağından köç enir üzüaşağı. Fermer Yusif kişi mal-qoyunu haylaya-haylaya: “yaz girəndən burada idik, Zərdaba qayıdırıq. Heyvanlarımız gümrah, sağlamdır… Neçə illərdir bu yerlərin həsrətində idik. Allah Prezidentimizin canını sağ eləsin, Ordumuzu qorusun”, – deyərək yoluna davam edir…

Kəndyeri kəndinin ərazisində telefon çəkilişi gedir. Bir az qarşıda qalib ordumuzun əsgər və zabitləri nahar edirlər yüksək əhval ruhiyyə və xoş ovqatla. Bizi də dəvət edib “əsgər çörəyini kəsin”, – deyirlər. Ürəyimiz o qədər açılır ki müzəffər ordumuzun qalib əsgərlərini bu ruhda, bu əhvalda görəndə. Bir tikili diqqətimizi çəkir. Ermənilər buradan kilsə kimi istifadə edirmişlər. 2009-cu ildə yazılmış yazı hələ də qalır tikilinin üstündə.

**

Bu da Kəlbəcər şəhəri! Şəhər deyəndə ki… Əslində, tanımazdıq yol üstündəki lövhə, və kəlbəcərli dostlar yanımızda olmasaydı… Bir şəhərdə bir salamat tikili yoxdursa, necə tanıyasan? Amma qızğın iş gedir, yollarda yük maşınlarının ardı-arası kəsilmir. Sağ-solda ermənilərin darmadağın etdiyi evlərin tikə-parçaları…

Ali Baş Komandanın ucaltdığı bayrağımızın kölgəsində!

Kəlbəcər rayon polis şöbəsinin qarşısındayıq. Qəhrəman polislərimiz gecə-gündüz hər çətinliyə sinə gərərək asayişin keşiyində dururlar. Bir az aralıda igid hərbçilərimiz dayanıblar. Hər biri qalibiyyətdən, zəfərdən doğan sevincin yüksək əhvalını yaşayır, üzləri gülür. Yolun üst tərəfində isə Bayraq Meydanı yerləşir. Avqustun 16-da Prezident bu meydanda bayrağımızı qaldırmışdı. Mavi səma altında dalğalanan bayrağımıza baxmaqdan doymaq olmur! Çox təəssüf ki, vandalların darmadağın etdiyi tikililərin qalıqları bu gözəlliyin harmoniyasını pozur. Amma əminik, Kəlbəcər yenidən qurulacaq və daha gözəl olacaq!

Hə, bir də küçələrdə erməni itləri gəzişir. Bəziləri balalayıb. Dostlardan biri “ehtiyatlı ol, erməni itidir, etibar yoxdur”, – deyir. Amma itlər elə küçüklənirlər ki, ayağımızı yalamağa çalışırlar…

Bu da Aqil Camalın ata evi. Atası Tapdıq Camalov çox kövrəlib, gözləri nəmlənib, “ev yerə batıb, elə bil”, deyir. İkimərtəbəli evin içərisində gilənar ağacları bitib. Yalnız hasarın bir divarı salamat qalıb. Divardakı yazını tapıb göstərir. Kiril qrafikası ilə “Mətişin yaşı” yazılıb. Aqil deyir, kiçik bacısının ad günündən qalma yadigardır. Dayısıgillə qapıbir qonşu imişlər. O evin də bir neçə parça divar qalıqları qalıb…

“Kəlbəcərin azadlığını həsrətlə gözləyirdim. Köçkünlük illərində bəziləri deyirdi, torpaqlar alınanda geri qayıdacaqsınızmı? Bugünkü mənzərə onu göstərir ki, hamı öz yurduna dönməyə hazırdır. Bu dağılmış evləri qısa vaxtda bərpa edəcək, buraya qayıdacaq böyük bir elat var. Şəxsən mən imkan olan kimi burada yurd salan, ev-eşik quran ilk kəlbəcərlilərdən olacağam. Sağlıq olsun, elə bu evin daşları ilə evi bərpa edəcəyəm”, – inamla deyir həmkarımız.


Bu da Kəlbəcərin çörək sexi. İçəridəki çörəyin ətri adamı bihuş edir. Gündə 3-4 tonadək çörək bişirilir – əsasən də hərbçilərimiz üçün.

“İnşallah, gələcəyimiz daha gözəl olacaq! Mən Prezidentimizə, Ordumuza təşəkkür edirəm, şəhidlərimizin qarşısında baş əyirəm, qazilərimizə Allahdan şəfa diləyirəm”, – söyləyir çörəkçi Zöhrə Əhmədova. Dekabrın 25-dən buradadır və sevə-sevə çalışır öz peşəsində. Bu zəhmətkeş xanım Kəlbəcər pendiri ilə isti çörəyə qonaq edir bizi…


İstisu və erməni vandalizmi

Gecəni Kəlbəcərdə keçiririk. Mərkəzi küçəsi işıqlı olan məkanda ətrafdakı dağıntıları bir anlıq unuduruq… Amma adamın gözünə yuxumu gedər ilk dəfə olduğun, azad Kəlbəcərdə?! Sərin hava, sakitlik. Yaxşı ki, isti geyim götürmüşük.

Səhər sübh çağı… Dağların başını duman örtüb, temperatur 11 dərəcədən yuxarı deyil. Yolumuz əfsanəvi İstisuyadır. Elşad Eyvazlı şəhərin aşağı tərəfinə enmiş Aqil Camala zəng edir: “Aqil, haradasınız?” Cavab: “Gəlirik, klubun yanındayıq”. Təəccüblənirik: “Klubun?” Elşad aydınlıq gətirir: “Yaddaşında o cür qalıb. Klub nə gəzir?”

Kəlbəcərin hər bucağında möcüzəvi isti su mənbələri var. Çayın kənarındakı “hovuz”da su pıqqıltı ilə qaynayıb daşır. Bu hovuzu ermənilər tikiblər işğal illərində. Şəhidlərimizin ruhuna dualar oxuyub, sudan içirik. Bu məkandan keçən hər kəs maşını saxlayıb şəfa bulağının nemətindən dadır şükranlıq edə-edə. “Çox şükürlər olsun, Allah rüsxət verdi, Ordumuzun qüdrəti, Prezidentimizin dəmir iradəsi ilə doğma yurdumuza qovuşduq”, – deyir 83 yaşlı Mədət Cabbarov.

Növbəti dayanacağımız Kəlbəcərin dünya şöhrətli İstisu Sanatoriyasıdır. Bu unikal məkanı da darmadağın edib düşmən. Nəhəng sanatoriya binasının sadəcə divarları qalıb. Şəfa ocağını belə gəmiriblər, darmadağın ediblər vandallar! Binanın qarşısındakı, üzərində “Mir” (“sülh”) yazılmış daş abidə diqqətimizi çəkir. Prezident avqust ayında burada olarkən ermənilərin hətta bu abidəni də dağıtmasından bəhs etmişdi. Düşmənin mahiyyəti budur: sülhə qoyulan abidəni belə dağıdıb…

Qaynar bulaqları bir-bir ziyarət edirik, “təbii vanna”ya baş çəkirik. Boruların birindən fasilələrlə axan qaynar çeşmə isə hamımızı heyrətləndirir… Dünyada tayı-bərabəri olmayan şəfalı çeşmələrə belə qənim kəsilən düşməni lənətləyirik…

Aşağıdakı binaya “Bağırovun sanatoriyası” deyirmişlər. Mir Cəfər Bağırovun bura gəlişindən sonra tikilibmiş. İki mərtəbəli binadan geriyə ancaq divarlar qalıb…

**

Göyçəyə doğru yol çəkir zəhmətkeş insanlarımız! Bu yol üzü yaylaqlara, oradan da Azərbaycan əsgərinin, sərhədçilərimizin dayandığı ünvana – Göyçə ilə üzbəüz mövqelərə aparacaq. Qayalara baxanda adam heyran olur. Sanki əllə düzülüb daşlar…

Elşən Abdulov çox ehtiyatla işlədiklərini söyləyir: “Altdan bir daş çəksək, bütün daşlar üstümüzə gələr”.

Tofiq Bağırov da qürurludur yağı tapdağından azad olunmuş məkanda çalışdığına görə: “Belə yerdə çalışmaq bizə şərəfdir. Ordumuz düşmənin belini qırdı. Allah qorusun!”

**

Zar kəndi… Vaxtilə Şəhrizər adlanıb. Həmkarımız Pərviz Həşimli evinin divarlarını göstərir. Həyəcandan səsinin dəyişdiyini hiss edirik. Həyətə girir, bir-bir xatırlayır… “Allah qoysa, evimi bərpa eləyib, sizi buraya qonaq çağıracağam”, – söyləyir.

Qonşuluqdakı Bəzirxana kəndi də darmadağındır. “Bax Əlinin evi idi. Bu kəndin adamları qonaq üstə bir-biri ilə dalaşardı”, – deyir kimsə…

Bu ağır atmosferdən bizi arıçı ailəsində qonaq olmağımız uzaqlaşdırır. Kəlbəcər sakini olan İsmayıl Yusifov deyir ki, bu yaylaqlara qayıdanda elə bil yenidən dünyaya gəlib. Artıq üç aydır Kəlbəcərdədirlər. Ata-babadan arıçı olan İsmayıl kişi bildirir ki, Kəlbəcər işğal olunanda “pencəyini götürüb” qaçmışdılar: “Şükürlər olsun, yenidən Kəlbəcərdəyik. Hesab edin ki, mən ölüb, yenidən dirilmişəm. Xəyalıma gəlməzdi buralara qayıtmaq. Ordumuza, Prezidentimizə minnətdarıq, şəhidlərimizə borcluyuq!”

Soruşuruq ki, yaylaqda olduğunuz bu 3 ayda fərqi hiss edirsinizmi?

“Dağla aran qədər fərq var. 40 arıdan 700 kiloya yaxın məhsul götürmüşük”, – deyir.

Məhsulun qiymətini soruşanda gülür: “Öz məhsulumdur, istədiyim vaxt bağışlayıram, istədiyim vaxt, ucuz satıram”.

**

Yol Sarıyel, Taxtadüzü yaylaqlarına aparır.

Müvəqqəti yaşadığı yarısökülü evin kimə məxsus olduğunu hələ dəqiq bilmir Zakir Şəfiyev. Həyətində Türkiyə və Azərbaycan bayraqlarını asan bu igid kəlbəcərli döyüşlərdə cəsarəti ilə seçilənlərdəndir:“Kəndimizə də birinci mən getmişəm. Kənddən bir yığın açar tapdım, bir dənə də avtomat. Verdim polisə, araşdırdılar, dedilər, erməninindir”.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da iş başındadırlar. Bir gün əvvəl meşəlikdəki yanğını söndürüblər, indi isə istirahət vaxtıdır.

Kəlbəcər şəhərinin yuxarı başında hospital tikilir. Göz işlədikcə dağılmış evlər görürük. Buradakı bağların bir hissəsi salamatdır. Dağılmış həyətlərdən birində inək otlayır…

**

Sarıdaş kəndinə gedirik… Dağlara doğru qalxan yolun sağı-solu meşəlikdir. Alma, alça, meşə armudu, itburnu hələ təzə yetişir… Yol kənarı boyunca böyük diametrli qoz ağaclarının baş daşına bənzər kötükləri, yanında isə budaqlarının qurumuş hissələri qalıb. Ermənilər doğrayıb daşıyıblar, ağac soyqırımı törədiblər! Amma bu ağaclar da asanlıqla təslim olmaq istəməyib vandallara, başı kəsilmiş kötüklər pöhrələyib yenidən!

Kəsilmiş gilas ağacı və düşmən mərmisi

Nadirxanlıdan keçib sərt yoxuşla yuxarı qalxırıq. Sağ-soldakı akasiya kollarının tikanları maşını “cırmaqlayır”. Savalan kişi heyrətini gizlədə bilmir: “Bizim tərəflərdə heç vaxt akasiya ağacı olmayıb, bunları kim əkib burada?”

Uzun sükutu kövrək, həm də sevincli bir səs pozur: “Buradır Sarıdaş!”

Dostumuz kol-kosun arasında itmiş divarlardan tanıyır öz kəndini, ocağını… Elşad Eyvazlıgilin həyətindəyik. Bağçaya keçəndə bizi səngərlər, çoxsaylı təkər yığınları, boş gilizlər qarşılayır. Düşmən burada da mövqe qurubmuş. Kəsilmiş iri gilas ağacının kötüyü üstündəki mərmi gilizi… Kənara da səpələnib bu gilizlər… Elşad divarları qalmış, ortasından ağaclar ucalmış evinə girir. Həmkarımız vaxtilə oturub dərslərini hazırladığı stol-sullarının dəmirlərini tanıyır. Çaydan, qazan da həminkidir.

Elşad “bu 28 ildə hər şey dəyişib. Ağaclar da, divarlar da, bağlar da… Öz evini viran görmək, sənin evinə gəlmiş dostlarını qonaq edə bilməmək, öz yurdunda bircə gecə qalmaq imkanından belə, məhrum olmaq ağır dərddir. Amma əsas odur ki, biz qayıtmışıq, öz yurdumuza dönmüşük! Qarşıda hər şey gözəl olacaq” – deyə, nikbinliyini ifadə edir.

Savalan kişi isə “vallah, sevincimin həddi-hüdudu yoxdur”, – deyib kövrəlir.

Yolumuz Söyüdlüyədir – Bəhmən Vətənoğlunun ana yurduna.

Lev çayı ilə üzüyuxarı qalxırıq. Sağda Ayrım dərəsi, soldakı yüksəklikdə Azərbaycanın ən qədim abidələrindən biri olan Lök qalası… Burada erməni milyonçulardan biri restoran tikibmiş, gedəndə tar-mar edib onu da…

Çəpli, İlyaslar, Seyidlər kəndləri, daha sonra Aşıq Şəmşirin Dəmirçidam kəndi… Hamısı eyni halda… Basarkeçərə doğru gedirik. Bu yolu ermənilər Laçın dəhlizinə alternativ olaraq çəkmişdilər, Zod aşırımına aparır. İndi Azərbaycan istifadə edir!

Camışbatan, Sarıbulaq yaylaqları başqa aləmdir. Yolboyu Elşadla Qoşqar sol tərəfdəki yüksəkliklərdə xidmət etdikləri günləri xatırlayırlar. “Bax topumuzu orada qoymuşduq!”

Seyidli yaylağı… Ətraf otlaq sahələridir, çiçəklər hələ solmayıb. Qarşı tərəfdə Zod aşırımı… Külək enerjisi ilə işləyəcək qurğular da görünür. Azərbaycan və Türkiyə şirkətləri burada qızıl mədənində bərabər çalışacaqlar! Kəlbəcər ağsaqqalları can dərmanı olan bitkilərdən danışırlar: dəvədabanı, daşyarpızı, qurdotu…

Bəhmən Vətənoğlunun əbəs yerə: “Həkimim, dərmanım torpaq, su, hava,
Bu dağların o üzündə qalıbdı…” – demədiyinə bir daha əmin oluruq.

Havası, suyu, otları dərman Kəlbəcər!

Söyüdlü yaylağındakı obada üç aydır məskən salan, burada qoyun sürülərini bəsləyən Şəmsiyyə ana və oğulları Sarvanla Vurğun bizi görən kimi tədarük görürlər. Elə gözəl süfrə açırlar ki… Zod aşırımındakı bulaqlardan mənbəyini götürən çaydan tutulmuş qızıl balığa qonaq edirlər ürək açıqlığı ilə… Sarvan qarşı dağlardakı əsgərimizin erməniləri necə diz çökdürdüyündən ürək dolusu söz açır, qürurla danışır…

Geri dönərkən yolüstü Seyid Əsədullah pirini axtarırıq. Ermənilər dağıdıb bu ziyarətgahı da! Qəbirlər yer üzündən silinib…

Qayıdırıq… İnşallah, yenidən qurulmuş, abad Kəlbəcəri təkrar ziyarət etmək diləyi ilə! Yolüstü eşidirik ki, 58 km-likdə yerləşən Başlıbeldə ermənilərin qətlə yetirdiyi dinc sakinlərin yenidən dəfn mərasimi keçirilib. Kəlbəcərin əhali sarıdan ilk beşlikdə olan böyük kəndində ermənilər dəhşətli qətliamlar törətmişdilər 1993-cü ilin 2 aprelində…

**

Tərtərçayın o tayında darmadağın olmuş Yanşaq kəndi, sonra Zallar… Amma buradakı insanların iradəsi, dövlətimizin qətiyyəti əminlik yaradır: bu Vətən torpağında əvvəlkindən də gözəl yurdlar salınacaq, evlər tikiləcək!

Murovun dumanı bizi qarşıladığı kimi, indi də yola salır. Ömər aşırımının zirvəsində qəhrəman hərbçilərimizlə görüşürük, fotolar çəkdiririk. Bu qədər çətin yolun yorğunluğuna baxmayaraq, onların yüksək əhvalı heyran qoyur bizi. Üzüaşağı enərkən maşından düşüb torpaq götürürəm düşmənlə üzbəüz mövqedə döyüşdə həlak olan şəhid məzarına səpməkdən ötrü… Şəhidlərimizin ruhları qarşısında baş əyirik!

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …