Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Zaqatala polisində saqqalları qırxılan vətəndaşların işi Avropa məhkəməsində

Zaqatala polisində saqqalları qırxılan vətəndaşların işi Avropa məhkəməsində

2010-2011-ci illərdə Zaqatala polisində saqqalının zorla qırxıldığını deyən 4 vətəndaşın şikayətini Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) araşdırmağa başlayıb.
Məhkəmə hökumətə aydınlaşdırıcı suallar ünvanlayıb.
Bu barədə Azadlıq radiosu AİHM-in məlumatında bildirilir.
Şikayətçilər Zaqatala rayon sakinləri Abakar Qaziyev, Allahyar Yusubov, Vüsal Cəbrayılov və Elşad Musayevdir. Onları məhkəmədə hüquqşünas İntiqam Əliyev təmsil edir.
AİHM-in araşdırmağa başladığı şikayətdə bildirilir ki, Vüsal Cəbrayılov və Elşad Musayev şəxsiyyət vəsiqələrinin müddəti bitdiyindən rayon polis idarəsinin müvafiq şöbəsinə müraciət ediblər. Saqqallı olduqlarından, polisdə onlara yeni şəxsiyyət vəsiqəsi verilməsindən dəfələrlə imtina olunduğu qeyd edilir.
Bildirildiyinə görə, şəxsiyyət vəsiqəsi qovğası davam etdiyi günlərdə onları küçədə polis əməkdaşları saxlayıblar. İdarəyə aparılan şikayətçilərə avtoxuliqanlıq ittihamı ilə inzibati həbs cəzası verilib. Həbsdə olarkən onların saqqalının zorla qırxıldığı vurğulanır.
Abakar Qaziyev və Allahyar Yusubov isə şəxsiyyət vəsiqələrini dəyişdirməkdən ötrü polis idarəsinə müraciət etdiklərində, qeyri-insani rəftara məruz qaldıqlarını, zorla saqqallarının qırxıldığını iddia edirlər.
Şikayətçilər polisdə qeyri-insani rəftara məruz qaldıqlarını bildirərək, Azərbaycanda iki məhkəmə iddiası qaldırıblar. Onlar öncə Səbail Rayon Məhkəməsində Daxili İşlər Nazirliyi və Zaqatala Rayon Polis İdarəsinə qarşı iddia ilə çıxış ediblər. Məhkəmədən qeyri-insani rəftara yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi istənilib. Ancaq məhkəmə iddianı qəbuledilməz sayıb, yuxarı məhkəmələr isə həmin qərarı dəyişməyib.
Şikayətçilər ikinci iddianı isə Şəki İnzibati-İqtisad Məhkəməsində qaldırıblar. Məhkəmədən yenə günahkarların cəzalandırılması, maddi-mənəvi zərərin kompensasiya edilməsi istənilib. Ancaq bu istək də rədd edilib.
Şikayətdə vurğulanır ki, yerli məhkəmələr A.Qaziyevin, A.Yusubovun, V.Cəbrayılovun, E.Musayevin Avropa Konvensiyasının 3-cü (İşgəncələrin qadağan olunması) və 9-cu maddəsində (Fikir, vicdan və din azadlığı) nəzərdə tutulan hüquqlarını pozub. Məhkəmədən pozuntuların tanınması və dəymiş zərərin kompensasiya edilməsi istənilir (\”Amerikanın səsi\”).

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …

Bir cavab yazın