Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Bölgələr / Yardımlıda kəndə silahlı basqın, “it boğuşdurma”, vəhşicəsinə qətl…

Yardımlıda kəndə silahlı basqın, “it boğuşdurma”, vəhşicəsinə qətl…

Yardımlı rayonunun Ləzran kəndinin  digər yaşayış məntəqələrinin bir qrup sakini (71 nəfər) Ləzran kəndinin təhlükəsizliyini təmin etmək və kənd sakini Bəhruz İsgəndərovun vəhşicəsinə qətlə yetirilməsində təqsirli olan şəxsləri məsuliyyətə cəlb etmək xahişi ilə Azərbaycan prezidentinə və baş prokurora müraciət edib. Bu müraciət barədə “Turan” xəbər yayıb.

Müraciətdə deyilir ki, bu il fevralın 23-də 10-12 nəfərdən ibarət mütəşəkkil silahlı qrup Ləzran kədninə daxil olub, Bəhruz İsgəndərovu 9 yaşlı oğlu Həsrətin gözü qarşısında çoxsaylı bıçaq xəsarətləri yetirməklə, öldürüb, həmçinin, kənd sakinləri Pərviz və Tərlan İsgəndərovlar, İbrahim Mirzəyev də yaralanıb. Daha sonra cinayətkar qrupun iştirakçıları B.İsgəndərovun beş azyaşlı uşağı olan evinə hücum ediblər.

Hücum edənlər arasında Sumqayıt, Abşeron rayonunun Saray Qəsəbəsinin, Yardımlı rayonunun Şovud kəndinin sakinləri olub.

Müraciətdə qeyd edilir ki, hücum edənlərin heç biri saxlanılmayıb, baxmayaraq ki, onların adları hüquq-mühafizə orqanlarına məlumdur. Cinayətkar qrupun üzvləri Ləzran kəndinin sakinlərini qorxutmağa, ölümlə hədələməyə davam edirlər.

Müraciəti imzalayanlar prezidentdən və baş prokurordan bundan sonra kütləvi qurbanların qarşısını almaq naminə Ləzran və Şovud kəndləri arasında qarşıdurmalara yol verməmək üçün bu işi şəxsi nəzarəti altına götürməyi xahiş edir.

Virtualaz.org xatırladır ki, sakinlərin müraciətində bəhs edilən cinayət hadisəsinin motivi  xəbər lentlərində “it boğuşdurma üstündə dava” şəklində yer almışdı. Daha sonra “Trend” agentliyi hadisənin təfərrüatları barədə yazıb. Bildirilirdi ki, davaya əslində it boğuşdurulması yarışı deyil, bir tərəfin digərinə 7 min manata yaxın borcu olması səbəb olub.

Belə ki, bir neçə il əvvəl Ləzran kənd sakini 34 yaşlı Bəhruz İsgəndərov qonşuluqda yerləşən Şovud kəndindəki dostu Hüseynov Elşəngilə qonaq gedib. Dostlar yeyib-içdikdən sonra Elşən Bəhruzdan borc pul istəyib. Məclis bitdikdən sonra Bəhruz dostunun evində olan küçüklərdən birini istəyib, bu zaman Elşənin qardaşı Teymur Hüseynov iti ona bir şərtlə verib ki, vaxt gələndə digər küçüklərdən biri ilə dalaşdırsın.

Bir neçə il keçsə də, Bəhruz dostuna verdiyi borc pulu geri ala bilməyib, nəticədə aralarında ciddi mübahisələr yaranıb. Dava baş verən gün isə Elşən qardaşı ilə Bəhruza zəng edərək ona hədiyyə verilən iti öz itləri ilə dalaşdırmaq istədiklərini bildirib. Razılıq verən B.İsgəndərov dostundan borc verdiyi pulu yenidən geri istəyib.

Planlı şəkildə hərəkət edən qardaşlar görüş yerinə tək gəlməyiblər, onlar “it boğuşdurmaq” adı ilə borc məsələsinə son qoymaq istəyiblər. İtlərini döyüşdürən tərəflər arasında düşən mübahisə dava ilə nəticələnib. Bəhruzun tərəfində də bir neçə adam davada iştirak edib. Dava zamanı Teymur Bəhruzun qohumu Tərlana yumruq vuraraq yerə yıxıb. Bəhruz onları aralamaq istərkən arxadan başından küt alətlə zərbə alıb. Daha sonra Bəhruz ürəyindən, qardaşı Pərviz İsgəndərov isə qarın nayihəsindən bıçaqlanıb.

Yaralanan Bəhruz İsgəndərov Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.

Həmçinin oxuyun

Naxçıvan Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin …