Çərşənbə , May 25 2022
Ana səhifə / Bölgələr / Xəzərin duzlu suyu Ərəbqardaşbəyli kəndinə qədər gedib çatdı

Xəzərin duzlu suyu Ərəbqardaşbəyli kəndinə qədər gedib çatdı

Kür çayının suyunun sürətlə azalması davam edir və nəticədə Azərbaycanın bir sıra aran rayonlarında ekoloji problem getdikcə dərinləşir. Kür çayının Neftçala rayonu ərazisindən küçən hissəsində suyun səviyyəsi neçə vaxtdır  kəskin azaldığından Xəzər dənizinin şor suyu çaya qarışıb. Nəticədə Xəzərin duzlu suyu rayonun Ərəbqardaşbəyli kəndinə çatıb.

Yerli sakinlərdən aldığımız məlumata görə Kürün suyu get-gedə şorlaşdığından rayonun yaşayış məntəqələrində əkin sahələrinin suvarılmasında çətinliklər ortaya çıxıb. O cümlədən hələ yay gəlməmiş içməli ilə bağlı problem yaranıb.  Neftçalanın 20 min nəfərdən çox əhalisi olan, “Xol zonası” adlanan yaşayış məntəqəsində vəziyyət xüsusən ağırdır. Əhali həm içməli su sarıdan, həm də əkin sahələrinin suvarılmasında ciddi çətinliklərlə üzləşib. Sakinlər vəziyyətin yaz-yay aylarında daha da dramatikləşəcəyindən narahatdırlar. Bir çoxları həyətyanı sahələrində də əkin-səpin işləri görməkdən çəkinir ki, havalar isinəndə suvara bilməyəcəklər. Nəticədə əkin məhv olacaq.

Bu il rayonda 8 500 hektarda pambıq əkilməsi proqnozlaşdırılıb. Hazırda yaz aratı mövsümünün başlamasına baxmayaraq, Kür çayının suyu şor olduğundan təsərrüfat sahibləri arat ( toxum səpinindən əvvəl əkin sahəsinin şumlanması-red.) aparılmasından imtina ediblər. Sakinlər deyirlər ki, Xəzərin suyu Kürə qarışdığından rayonda vəziyyət kritik həddə çatıb.

Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Bürcəli Ağayevin verdiyi məlumata görə, (“Report”) Kür çayında yaranmış suyun şorlaşması ilə əlaqədar olaraq Azərbaycan müvafiq sərəncamı ilə yaradılmış müvafiq komissiya məsələni ciddi şəkildə araşdırır. Bununla əlaqədar olaraq Kür çayından ötürülən suyun əldə olunması, suyun saxlanılaraq əhaliyə verilməsi üçün hansı zəruri tədbirlərin həyata keçirilməsi mütəxəssislər tərəfindən araşdırılır. O cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Kür çayının Xəzər dənizinə tökülən hissəsində – deltada suyu yığmaq və limitini müəyyənləşdirib əhaliyə verilməsi məqsədi ilə araşdırma aparır.

Xəbər verdiyimiz kimi bundan əvvəl Kür çayının Salyan rayonundan keçən hissəsinin faktiki olaraq qurumuşdu . Çayın səviyyəsi kəskin şəkildə aşağı düşdüyündən sahilboyu quraşdırılmış su nasoslarının tam gücü ilə işləməsində, o cümlədən Kürə yaxın kəndlərdə əkin sahələrinin suvarılmasında problemlər yaranıb. 

Bəzi kəndlərdə içməli suyun verilməsi çətinləşib. Kürün suyunun bu cür kəskin azalması əsasən qlobal iqlim dəyişikliyinin Azərbaycanda son illər özünü göstərən təsirləri ilə bağlıdır. Belə ki, ölkənin Kürə qarışan kiçik çaylarının mənbəyinin yerləşdiyi dağlıq bölgələrdə yağıntılar ildən ilə azalır, yaxud mövsümlərə görə qeyri-bərabər paylanır. Bu qış mövsümündə isə qar şəklində yağıntıların daha da azaldığı müşahidə edilib. Mütəxəssislər qeyd edirlər ki, yaz aylarında yağış şəklində yağıntıların artması Kürdə suyun səviyyəsinin artmasına ciddi təsir etməyəcək, yaxud çayın səviyyəsinin artması qısamüddətli ola bilər. virtualaz.org

Həmçinin oxuyun

“Yardımlı meşələri yağmalanır”

“Mərkəzin direktoru sanki meşəni satışa çıxarıb. Ağackəsənlər gedir, otbiçənlər gəlir… Nadir ağaclar kəsilir, daşınır. Hektarlarla …