Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Bölgələr / Vasif Talıbov Ermənistanla sərhəddəki strateji mövqelərə qalxdı – FOTOLAR

Vasif Talıbov Ermənistanla sərhəddəki strateji mövqelərə qalxdı – FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təkəqaya və Soyuq bölgələrində olub, ön xətdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.

Belə ki, Ali Məclisin Sədri əsgərləri salamlayıb, çətin dağlıq şəraitdə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək deyib: Ölkəmizin sərhədlərinin qorunması ordumuzun qarşısında duran əsas vəzifədir. Buranın da strateji ərazi olduğu nəzərə alınaraq 2014-cü ildə postların yaradılması və xidmətin təşkili barədə qərar verildi. Artıq 7 ilə yaxındır ki, Azərbaycan əsgəri çətin dağlıq şəraitdə fasiləsiz xidmət aparır, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir. Vasif Talıbov deyib: 3700 metr yüksəklikdə xidmət aparmaq cəsarət və dözümlülük, bu cür strateji yüksəkliyin əldə saxlanması isə böyük qəhrəmanlıq tələb edir. Siz bunları yerinə yetirdiniz və göstərdiniz ki, Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə qadirdir.

Vasif Talıbov nümunəvi xidmətlərinə görə şəxsi heyətə təşəkkür edərək deyib: Yüksəkliklərdə xidmətin yaxşı təşkil olunması qələbələrin təməlidir. Əvvəllər bu ərazidə əsgərlər çətin şəraitdə xidmət aparırdılar. Bu gün xidmətinizi layiqincə yerinə yetirməyiniz üçün hər cür şərait yaradılıb. Həm əvvəllər, həm də indi əsgər və zabitlər bu ərazidə xidməti vəzifələrini layiqincə yerinə yetiriblər. Əminik ki, sizdən sonra xidmət edənlər də bu ənənəni davam etdirərək muxtar respublikamızın, ümumilikdə, ölkəmizin strateji yüksəkliklərini layiqincə qoruyacaqlar.

Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metrdən artıq yüksəkliklərdə yerləşən bölmələrində 2021-ci ilin ötən dövrü ərzində hərbi təyinatlı obyektlərin tikintisi uğurla davam etdirilərək, ümumilikdə, 11 müdafiə mövqeyində yeni əsgər yataqxanaları tikilib, mövcud olanlar əsaslı təmir edilib. Müdafiə mövqelərini daimi elektrik enerjisi ilə təmin etmək üçün yeni günəş panelləri quraşdırılıb. Çətin dağlıq şəraitdə yerləşən bölmələrdə, dayaq məntəqələri və mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Bölmələrdə əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri salınaraq dayaq məntəqələri təkmilləşdirilib.

Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu bu gün qısa zamanda qət etmək mümkündür. Ümumilikdə mühəndis texnikalarının köməyi ilə yaşayış məntəqələri və müdafiə mövqeləri arasında 70 kilometrlik hərəkət yolu yenidən çəkilib və 200 kilometrdən artıq təminat yolu təkmilləşdirilərək bərpa edilib.

Avqustun 18-də Vasif Talıbov habel’ Soyuq bölgəsində yerləşən hərbi hissədə və müdafiə mövqelərində olub. Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri deyib: 1992-ci ildən bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Əvvəlki illərdə bu cür şərait olmasa da, Azərbaycan əsgərinin şücaəti, hünəri imkan verdi ki, çətin şəraitdə xidmət təşkil edilsin. Sonrakı illərdə burada yaradılan şərait xidmətin təşkilini xeyli asanlaşdırdı. Ötən dövrdə bu ərazilərdə xidmət layiqincə yerinə yetirilib.

Şəxsi heyətə təşəkkür edən Vasif Tal;bov deyib ki, Soyuq və Təkəqaya döyüş mövqeləri silsilə dağ yüksəkliklərdir. Aşağı nöqtəsi Kilitdə 400 metrdən başlayıb, ən yüksək nöqtəsi 3700 metrlik Təkəqayada bitir. Bütün bu ərazilər ölkəmizin işğalçı ölkə ilə sərhədləri içərisində ən yüksək nöqtələrdəndir. Belə çətin relyefdə xidmətin təşkili və davam etdirilməsi qəhrəmanlıq tələb edir. Azərbaycan əsgərinin cəsarət və şücaəti hesabına bu yüksəkliklərdə hərbi xidmət nümunəvi təşkil olunub. Əminliyimi bildirirəm ki, şəxsi heyət yaradılan bu şəraitdən layiqincə istifadə edərək bundan sonra da torpaqlarımızın qorunmasında mərdlik və şücaət nümayiş etdirəcəkdir.

“Soyuq döyüş bölgəsinə dəfələrlə gəlmişəm. O qayalardan yolların çəkilməsi şücaət, zəhmət tələb edirdisə, o ərazilərdə xidmət aparmaq da qəhrəmanlıqdır. Bütün bunlar Azərbaycan əsgərinin nəyə qadir olduğunun göstəricisidir. Həm Soyuq bölgəsində olan, həm də Təkəqaya ərazisində olan yüksəkliklərin əhəmiyyəti nəzərə alınaraq burada daim işlər aparıldı və xidmət lazımi səviyyədə təşkil edildi. Bu ağır şəraitdə hadisəsiz xidmətin təşkili də yüksək qiymətə layiqdir”,-Vasif Talıbov deyib.

Baş leytenant Vüsal Rəhimli deyib: “Ali Məclis Sədrinin Naxçıvan diyarının müdafiəçiləri ilə görüşü bizdə böyük ruh yüksəkliyi yaratmaqla bərabər, üzərimizə böyük məsuliyyət qoyur. Məqsədimiz yeni qələbələrə imza ataraq bütün tarixi torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırmaqdır”.

Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb. Bildirilib ki, yenidən qurulan yataqxana, yeməkxana, anbarlar, çörək sexi və digər binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Buraya içməli su xətti çəkilib, istilik sistemi quraşdırılıb. Tibb məntəqəsində lazımi dərman vasitələri qoyulub. Şəxsi heyətin sağlamlığının qorunması diqqət mərkəzindədir.

Həmçinin oxuyun

Narazı qazi ilə bağlı nazirlikdən AÇIQLAMA

Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək …