Şənbə , Oktyabr 16 2021
Ana səhifə / Bölgələr / Ucarda “Aqroservis” rəhbərliyi iki ailəni ac qoyub…

Ucarda “Aqroservis” rəhbərliyi iki ailəni ac qoyub…

Ucar rayonu Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğlu və Həmidov Elnur Maqsud oğlu tərəfindən “AzPolitika.info”-ya ünvanlanan məktubda “Aqroservis” ASC-nin yüksək vəzifəli şəxslərindən şikayət edilir.

Hər ikisi traktor sürücüsü olan vətəndaşlar onların ailələrinin yeganə dolanışıq mənbəyi olan və qanuni yolla lizinqə götürdükləri texnikaların əllərindən alındığını bildirirlər: “Aqroservis” ASC-nin yüksək vəzifəli əməkdaşı Aqşin Balabəyov, “Ucar Aqroservis”in direktoru Nadir Rzayev və texniki nəzarət müfəttişi Ağaisa Əliyev iki ailəni aclığa məhkum ediblər. Biz hər ikimiz traktor sürücüləriyik. “Ucar Aqroservis”dən qanunişəkildə“SAMPO” markalı kombaynı və “1221 Belarus” markalı traktoru lizinq yolu ilə müqavilə əsasında götürüb işlədərək ailəmizi dolandırırdıq. 

Pul ödənişlərini də vaxtlı-vaxtında etmişik. Taxıl biçini yekunlaşandan sonra kombaynı həmişəki kimi “Ucar Aqrolizinq”in qarajında saxladıq. Artıq şum əkin işləri başladığı üçün adıma müqavilə ilə olan “1221 Belarus” markalı traktoru qarajdan götürmək istədikdə buna direktor Nadir Rzayev icazə vermədi və “səbəbini baş idarə bilir” dedi. Buna görə “Aqroservis” ASC-nin məsul vəzifəli əməkdaşı Aqşin Balabəyli ilə əlaqə yaratdıqda isə o dedi ki, problem yaradan şəxslərə texnika verilməyəcək. Biz hansı problemi yaratdığımızı soruşduqda isə bildirdi ki, bu il Ucar rayonunda yox, başqa rayonda taxıl biçinində iştirak etmisiniz və bu, qanuna ziddir. Biz ona bildirdik ki, bu il Ucar rayonunun Alpout, Rəctəcə, Kirovkənd, Bərgüşad və Qulabənd kəndlərində taxıl biçinində iştirak edəndən sonra “Ucar Aqroservis”in direktoru Nadir Rzayevdən razılıq alaraq, Oğuz rayonuna getmişik.Müfəttiş Ağaisa Əliyev isə nazirliyin əməkdaşlarına yalandan məlumat verib ki, guya biz kombaynı oğurlayıb Oğuz rayonunda işlədirik. Hansı ki, kombaynı qanuni müqavilə əsasında işlədirik və buna dair sənədlərimiz var.”

Daha sonra onlara qarşı edilən haqsızlıqdan şikayətlənən vətəndaşlar “Ucar Aqroservis”dəki korrupsiya hallarına toxunublar: “Müfəttiş Ağaisa Əliyev texnikalara heç bir baxış keçirmədən pul alıb yararlı olmasına dair saxta sənədlər verir. Lizinq yolu ilə götürülmüş texnikaların ehtiyat hissələrini öz pulumuzla alıb özümüz təmir etdiririk. Ancaq sənədlərdə bunun “Aqroservis” tərəfindən edilməsi qeyd edilib. Bu yolla da dövlətin ayırdığı pulları talan edirlər. “Ucar Aqroservis”ə məxsus 3 ədəd kombayn bu il başqa rayonlarda taxıl biçinində işləyiblər, ancaq bunu nəzərə almırlar. Çünki onları işlədənlər bu vəzifəli şəxslərə aylıq haqq verirlər. Biz isə ancaq dövlətə lizinqin pulunu veririk deyə belə qanunsuzluqla üzləşmişik. “Ucar Aqroservis”in direktoru Nadir Rzayevin fəaliyyəti yoxlanılarsa, onun korrupsiya əməlləri ilə məşğul olması subut olunar. Bunun üçün “Ucar Aqroservis”in lizinq müqavilələri və ödənişlər yoxlanılmalıdır. Bu zaman Nadir Rzayevin korrupsiya əməlləri təsdiqini tapacaq. Müxtəlif korrupsiya üsulları ilə dövlətə külli miqdarda ziyan vurulur, əvəzində Nadir Rzayev kapital toplayır. Hətta bu şikayətin müəlliflərindən biri olan Həmidov Elnur Maqsud oğlunun şəxsiyyət və sürücülük vəsiqəsini Nadir Rzayev alaraq, onun adından müqavilə bağlayıb və sənədə özü imza ataraq, texnikanı başqa şəxsin istifadəsinə verib. Bu, vəzifə saxtakarlığı və cinayətidir.”

Sonda şikayətçilər “AzPolitika.info” vasitəsilə ölkə rəhbərliyinə, Kənd Təsərrüfatı naziri İnam Kərimova və “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanova müraciət edərək, şikayətlərinin araşdırılmasını və hüquqlarının bərpa olunmasını xahiş edirlər. Şikayətçilər əks halda aclıq aksiyası keçirəcəklərini bildirirlər.

“AzPolitika.info”

Həmçinin oxuyun

Evi yanan şəhid anası çöllərdə qalıb + FOTOLAR

Göyçay rayonu İnçə kənd sakini, şəhid anası Abdulxalıqova Solmaz Heydər qızı yaşadığı evin yandığını, lakin …