Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Bölgələr / Tovuz hadisələrində polis amili – Əli silahlı polkovnik – FOTOLAR

Tovuz hadisələrində polis amili – Əli silahlı polkovnik – FOTOLAR

İyulun 12-dən etibarən ermənilərin Tovuz istiqamətində təxribata əl atması, cəbhə xəttində olan mövqelərimizi, kəndlərimizi atəşə tutması Azərbaycan xalqını daha bir sınaqdan üzüağ çıxardı, xalqın birliyini bir daha sübut etdi.

 Bu günlər ərzində Tovuzun ən çox atəşə tutulan kəndlərində insanlar kəndini, evini tərk etmədi. Ermənilərin əsas hədəf nöqtəsi olan Ağdam kəndinə minlərlə insan Bakıdan və digər bölgələrdən axın etdi. Məqsədləri cəbhədə olan hərbçilərimizə dəstək olmaq, düşmən mərmiləri altında yaşayan insanlara ruh vermək, onların yanında olduqlarını göstərmək idi. Bu axın indi də davam edir. Eyni zamanda Bakıda minlərlə insan Azadlıq meydanına yürüş edərək əsgərimizin, zabitimizin yanında olduğunu sübut etdi. 30 minə yaxın insan könüllü olaraq hərbi xidmətə getmək üçün səfərbərlik xidmətinə müraciət etdi.

Bu müddət ərzində ön cəbhədə olanlar- hərbçilərimiz, kənd sakinləri və polislərimiz də bu dəstəyi, birliyi hiss etdi.

WhatsApp Image 2020-07-19 at 12.57.33.jpg (197 KB)

“Yeni Müsavat” Media Qrupunun Tovuza ezam olunmuş reportyoru kimi 7 günə yaxın bir müddətdə Tovuzun Ağdam, Dondar Quşçu, Yuxarı Öysüzlü kəndlərində oldum. Burada olan insanların fədakarlığı, mərdliyi bütün Azərbaycan üçün qürurvericidir. Tovuz sakini, əsgəri, zabiti, polisi ilə düşmənə göz dağı verdi.

 7 günlük müşahidələrimizdə və yazılarımızda əsgərimizin, zabitimizin, yerli sakinlərimizin fədakarlığı, cəsarəti haqda xəbərlər, reportajlar hazırlamışıq.

Bu dəfə isə diqqəti cəbhə bölgəsindəki kəndlərdə xidmətdə olan polislərin fəaliyyətinə çəkmək istəyirəm.

Əvvəlcə qeyd edim ki, iyulun 12-dən etibarən cəbhə xəttinə çevrilən bu kəndlərdə həyat 24 saat eyni tempdə davam edir. Əsgər də, polis də 24 saat oyaqdır, xidmətdədir. Düşmənin növbəti təxribatına qarşı əli silahlıdır.

WhatsApp Image 2020-07-19 at 12.27.29.jpg (89 KB)

Bir cümlə ilə də belə izah edə bilərik: Hərbçilərimizdən, polisimizdən xəbərsiz kəndlərdə quş belə uçmur…

 Mən sosial şəbəkələrdə, nümayəndəsi olduğum media orqanında cəbhədəki son hadisələrlə bağlı ilk gündən etibarən mütəmadi məlumatlar paylaşır, ürəyi cəbhədə olan həmvətənlərimizə doğru informasiyalar verməyə çalışıram. Gün ərzində xeyli sayda insanın suallarını cavablandırıram. Həmin suallardan biri də “polis nə edir”di…

 Bu günlər ərzində ən çox Ağdam kəndində olduğum üçün qeydlərimi də burada gördüklərim, müşahidə etdiklərim əsasında yazacam.

 Tovuzun mərkəzindən Ağdama aparan bütün yollarda polis postları var. Kənd istiqamətində hərəkət edən avtomobillər, piyadalar bir-bir yoxlanılır. Kənar şəxslərin kəndə girişinə icazə verilmir. Yalnız kənd sakinləri, icazəsi olan jurnalistlər və rəsmilər kəndə gədə bilərlər…

WhatsApp Image 2020-07-19 at 12.27.29 (1).jpg (119 KB)

Ağdam kəndinə girişdə qurulan son postda da polis əməkdaşları hərbçilərimizlə birgə xidmət aparırlar.

 Bundan başqa, kənddə hava qaraldıqdan sonra polis postlarının sayı artırılır. Hava işıqlananadək silahlı polis əməkdaşları cəbhəyə ən yaxın evlərin qarşısından başlayaraq kəndin bütün ərazisində xidmət aparır.

 Tovuz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şirzad Əsgərovla söhbət zamanı cəbhəboyu kəndlərdə xidmətin necə təşkil oluması haqda da danışdıq. Polkovnik deyir ki, erməni təxribatlarından sonra kəndlərdə postların sayı iki dəfə artırılıb. Məzuniyyətdə olan polislər geri, işə çağırılıb.

b8eacae6-391e-4e89-85e2-a426d5533854.jpg (63 KB)

Biz də çox zaman Ağdamda gecələdiyimiz üçün Ş.Əsgərovu hər sabah kənd ərazisində görürdük. Onun son 7 gündə Ağdam kəndində gecələdiyini, xidməti burada qurduğunu öyrənirəm. Əlində silah, gözündə “binokl”. Bu məqamda qeyd edək ki, Tovuzun polis rəisi bir Qarabağ qazisi, vətən müharibəsi veteranıdır. Müşahidələrimiz onu göstərir ki, onun döyüş təcrübəsi özünün xidmətində və Tovuzda asayişin qorunması praktikasında faydalıdır. Cəbhəboyu sərhəd rayonlarında isə daxili asayiş çox önəmli amildir.

Ağdam kəndi nəzarət kameraları ilə 24 saat müşahidə altındadır. Polislər ermənilərin kəndi atəşə tutmağa başladığı anda insanların evdən çıxmasına, açıq hədəfə çevrilməsinə icazə vermir.

 Ermənilər fərdi yaşayış evlərini ağır artilleriyadan atəşə tutmağa başladığı anda isə polislər cəbhəyə ən yaxın olan bir neçə evdən qadınların və uşaqların çıxarılmasını təmin edirlər.

 Məlum olduğu kimi, iyulun 14-ü ermənilərin Ağdam və digər kəndləri şiddətli şəkildə atəşə tutduğu gecə idi. Həmin gecə səhərə qədər davam edən atəş nəticəsində Ağdam kənd sakini 76 yaşlı Əziz Əzizov evinə atılan top mərmisi nəticəsində şəhid oldu.

 Hadisədən bir neçə saat əvvəl nə baş vermişdi?

 Əziz Əzizovun evi Ağdamın səngərə ən yaxın olan bir neçə evindən biridir. Döyüş şiddətlənən ərəfədə polis əməkdaşları həmin evlərdəki- düşmən hədəfinə yaxın evlərdəki sakinləri çıxarmağa başladı. Əziz Əzizov qızını və nəvəsini kənddən çıxarmağa razı oldu. Amma ona zəng edən, evinə gələn polis əməkdaşlarına deyib ki, 76 ildir yaşadığı ata yurdunu heç bir halda tərk etməyəcək. 76 yaşlı Əziz kişi şəhid oldu və Azərbaycan kişisinə xas olan daha bir qəhrəmanlıq nümunəsi göstərdi…

 Müşahidələrimə əsasən deyə bilərəm ki, Tovuzda, xüsusi ilə də Ağdam istiqamətində xidmət aparan polis əməkdaşları ən çox problemi və əziyyəti cəbhəyə axın edən minlərlə insanın qarşısını alarkən yaşadı. Təsəvvür edin ki, Ağdama axın edən minlərlə maşın, minlərlə insan kənd yolunda necə izdiham yaratmışdı…

 Kimisi könüllü cəbhəyə- səngərdəki əsgərlərin yanına getməyə gəlmişdi, kimisi də hərbçilərimizə dəstəyini göstərmək üçün ərzaq, gündəlik lazım ola biləcək ləvazimatlar gətirmişdi. Maşın axınının qarşısını almaq bəzən mümkünsüz olurdu. Hərbi maşınların da hərəkət etdiyi bu yollarda insanlar piyada olaraq Ağdam istiqamətinə gəlir, postlardan keçə bilmədikləri üçün ən yaxınlıqdakı təpələrə çıxaraq baş verənləri izləməyə çalışırdı…

 Bu günlər ərzində polislə insanlar arasında anlaşmazlığı isə yalnız bu zaman müşahidə etdim. Kəndə bütün avtomobil yollarından, ara yollardan, hətta dağların arasından axın edən insanların qarşısını polis əməkdaşları güclə alırdı. Bəzən kəndə gələn maşınlar uzun tıxaclar yaradırdı. Bəli, bu zaman yaranan gərginlikləri də gördüm. Bunun çox sadə səbəbi var. Hər birimiz gərgin, həyəcanlı günlər yaşadıq. Biz səngərə, Ağdama getməyə çalışırıq. Polis isə vəzifə borcu olaraq insanların düşmənin hədəfinə çıxmasına, kütlənin risk altına düşməsinə icazə vermirdi.

WhatsApp Image 2020-07-19 at 12.28.02.jpg (148 KB)

Bizim jurnalist olaraq cəbhə bölgəsindən reportaj hazırlamaq üçün icazəmiz var. Amma bu o demək deyil ki, bizim həyatımız sığortalıdır və heç nə olmayacaq. Çəkiliş apardığımız günlər ərzində 3 dəfə yaxınlığımıza ağır artilleriyadan açılan silahlardan mərmilər düşdü. Biri Ağdamda şəhid Elşadın dəfnində, biri Ağdamın girişində “Seyid ağacı”nın yanında, digəri isə Dondar Quşçuda. Dondar Quşçudakı mərmi orta məktəbin 10 metr məsafəsinə düşdü. Yuxarı Öysüzlü kəndində isə iki top mərmisi 6 nəfərlik ailənin yaşadığı evdən 9 metr kənara düşdü…

 Bunları sadalamaqla məqsədim vəziyyətin nə dərəcədə təhlükəli olduğunu göstərməkdir. Bu səbəbdən də belə vəziyyətdə birlik olduğumuz kimi bir-birimizə qarşı anlayışlı da olmalıyıq.

 Onu da qeyd etməliyəm ki, hazırda Tovuz istiqamətində xidmətdə olan hərbi qulluqçuların və polislərin əsas hissəsini yerli sakinlər təşkil edir. Onlar torpaqlarını, kəndlərini, Azərbaycanı qoruyur…

 Ağdam kəndi istiqamətində gedən döyüşlər ərəfəsində Rayon Polis İdarəsinin şəxsi heyəti- rəis polkovnik, Qarabağ qazisi Şirzad Əsgərov, rəis müavini İslam Əhmədov, polis əməkdaşı Orxan Məmmədov və digərlərinə göstərdiyi xidmətə görə təşəkkür etmək olar.

WhatsApp Image 2020-07-19 at 12.24.09.jpg (83 KB)

 Ümumi təşəkkür isə bu günlərdə birlik olan Azərbaycan xalqına düşür…

Cəbhədən qələbə xəbərini vermək ümidi ilə…

Həmçinin oxuyun

Bərdədə həlak olan Aysunun atası: “Getdim ki, uşaq yoxdur”

Oktyabrın 27-də Ermənistan silahlı bölmələrinin növbəti dəfə dinc sakinləri hədəfə alıb Bərdəni atəşə tutması zamanı …