Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Bölgələr / Təkcə Masallıda gündə 8-10 nəfər ölür

Təkcə Masallıda gündə 8-10 nəfər ölür

Son aylar bütün Azərbaycanda olduğu kimi cənub rayonlarında da koronavirusa yoluxmada ciddi artım hökm sürür. Yoluxmalarla yanaşı ölümlər də artır və Masallıda, Astarada hər gün ölümlər qeydə alınır.

Koronavirusdan bu günlərdə ərini itirmiş qadın “Azadlıq” radiosuna deyir: “Ailəmizin bütün üzvləri koronavirusa tutulmuşdu. Gözləniləmədən oldu. Heç bilmədik, yoluxma necə baş verdi. Xəstəlik həyat yoldaşımı kəskin tutdu. Müraciət etdik, təcili yardıma. Xahiş etdik ki, onu xəstəxanada yerləşdirsinlər.”

Qadın ağır nəfəs alır. Hıcqırıq onu tutur. Bir qədər fasilə verir. Sonra sözünə davam edir: “Yoldaşımı Masallı xəstəxanasına yerləşdirdilər, 14 gün orada yatdı. Süni nəfəs aparatına qoşdular. Amma onu qurtara bilmədilər. Hələ inana bilmirəm. Elə bir ciddi xəstəliyi də yox idi. İndi digər ailə üzviləri nisbətən yaxşıdırlar. Amma qorxuruq.”

Bu ailə koronavirusa tutulmuş yeganə ailə deyil. Hər gün Astara rayonunda koronavirusdan ölənlər barəsində məlumatlar yayılır. Sentyabrın 1-də təkcə Astara şəhərində 2 nəfər orta yaşlı qadın koronavirusdan vəfat edib. Rayonun kəndlərində də virus yayılmaqdadır.

Astara rayonun Ərçivan qəsəbə sakini Vaqif Əhmədoğlunun dediyinə görə ictimai yerlərdə virusa yoluxmuş adamları sağlam adamlardan ayırmaq olmur: “Eşitdiyimə görə, qəsəbəmizdə 24 ailədə virus tapılıb. Təhlükəli vəziyyət yaranıb. Bilmək olmur kim xəstədir, kim sağlam. Belə vəziyyətdə toylar var, ictimai nəqliyyat işləyir. Pensiya verəndə bankomatların qarşısında qələbəlik olur. Bir tədbir görülməlidir. Düzdür, marketlərin, iri ticarət mərkəzlərinin qarşısında polislər durur. Onlar vətəndaşlardan maska taxmağı və COVİD pasportu tələb edirlər…”

Astara rayon Mərkəzi Xəstəxanasının baş həkmi Oqtay Əmənullayevin sözlərinə görə, yoluxma halları artsa da vəziyyət nəzarət altındadır: “Yoluxmanın şiddətli vaxtıdır. Əsas peyvənddir. Peyvənd olunsalar kütləvi yoluxma da olmazdı.”

Həkimin fikrincə, yoluxmanın artmasının səbəbi əhalinin tələb edilən qaydalara əməl etməməsidir : “Məsafə gözləyirdilər, maska taxırdılar,  yoluxma da azalmışdı. İndi xəstələr evlərində gizlənirlər, test  vermirlər. Vəziyyəti ağırlaşanda artıq gec olur. Xəstələri Masallıya, Cəlilabada, Sabirabada, hətta Qobustana da göndəririk. Əsasən Masallı xəstəxanasına yollayırıq. Hazırda Cəlilabad xəstəxanasında yer var. Problem yoxdur. Ailədə yoluxma halını müəyyənləşdirəndən sonra dərmanla təmin edirik.”

Baş həkim vurğulayır ki, prosesə nəzarət edilir: “Müalicə paketi var . Dağ kəndlərində də yoluxanlar var.  Çünki toyda içki içirlər, öpüşürlər. Əhalinin 70 faizini peyvənd eləmişik. Yoluxma 10-15 gündən sonra geri çəkiləcək.”

Regionda fəaliyyət göstərən jurnalist Zahir Əmənov isə deyir ki, Masallı rayonunda da yoluxma yüksəkdir: “Masallı xəstəxanası xəstə qəbul etmir. Ancaq koronavirusa tutulmuş adamlar orada yerləşdirlir.”

Masallı rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Bəşir Bəşirli də təsdiq edir ki, Masallı, Cəlilabad, Biləsuvar rayonlarında kütləvi yoluxma var: “Masallı xəstəxanasında xəstələrin yerləşdirilməsi problemi var idi. Cəlilabad rayonunda xəstəxananı açdılar. İndi xəstələrin yerləşdirilməsi problemi yoxdur.”

Həkim qeyd edir ki, virusu idarə etmək olmur: “Masallı xəstəxanası yoluxanlar üçün mərkəz hesab olunur. Buraya ən çox virusa tutulmuş böyrək çatışmalığı olan xəstələr yerləşdirilir. Ən çox onların arasında ölüm baş verir. Reanimasiyada ağır xəstələr çoxdur. Hər gün adam ölür. Elə gün olur 5 nəfər, elə gün də olur ki, 8-10 nəfər rəhmətə gedir. Əhali maska taxmaldır, peyvənd edilməlidir. Vaksin olunanlar xəstəliyi çox rahatlıqla keçirdirlər.”

Qeyd edək ki, Operativ Qərargahın açıqladığı rəqəmlərə görə, son həftələrdə hər gün Azərbaycanda 4 minə yaxın, bəzən daha çox yeni yoluxma qeydə alınır. Onlarla adam ölür. Aparılmış təhlillər göstərir ki, yoluxaraq vəziyyəti ağırlaşanların böyük əksəriyyəti peyvənd olunmayanlardır, o cümlədən ölənlərin 99 faizə yaxını bu kateqoriyadan olanlardır.

Həmçinin oxuyun

Narazı qazi ilə bağlı nazirlikdən AÇIQLAMA

Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək …