Şənbə , Noyabr 28 2020
Ana səhifə / Bölgələr / “Sonuncu dəfə geri döndü, 6 aylıq körpəsini bağrına basdı və…” – VİDEO

“Sonuncu dəfə geri döndü, 6 aylıq körpəsini bağrına basdı və…” – VİDEO

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim

Vətənin oğul dediyi, oğulların mamır olub qayasında bitdiyi Azərbaycanın qədim torpağı Tovuza, Ağdam kəndinədir yolumuz. Son bir neçə müddətdir Qaraqayanı, uğrunda neçə şəhid verdiyimiz məhz o zirvəni öz gözlərimlə görmək,  vətənpərvər Tovuz elinin insanlarını daha yaxından tanımaq arzusu baş qaldırmışdı içimdə. Həm də Tovuzun yetişdirdiyi torpaq uğrunda ölümə getmək qədər cəsur olan şəhidimiz baş əsgər Elşad Abdullayevin ailəsini, ondan bütün Azərbaycana əmanət qalan 6 aylıq körpə balamız Məhəmmədi görmək istəyi idi məni o ünvana aparan.

1996-cı il, yanvarın 10-u… 25 il bundan əvvəl Tovuz rayonunun Ağdam kəndində səhər saat 5-də Elşad adlı bir oğul ailəsinə sevinc gətirdi. Valideynləri Dönməz və Nuriyə Məmmədovaların bir övlad acısı yaşadıqdan sonra ikinci göz ağrısı idi o. Elşad kasıb, amma ürəyi Vətən, torpaqla döyünən bir ailədə dünyaya göz açır. Elşadı qucağına alan atası onu layiqincə və ehtiyac duymadan böyütmək naminə söz verir və sözünə də əməl edir. Əlləri qabar bağlayana kimi hər gün gecəli-gündüzlü işləyir, halal zəhmətlə torpağa böyük sevgi ilə böyüdür. Elşadı qucağına aldığı günü həyatının ən gözəl anı kimi xatırlayır şəhid atası: “Elşadın anadan olduğu gün ən sevindiyim gün idi. Böyük oğlum idi, ondan kiçik isə bir qızım var. Bütün Azərbaycan naminə şəhid verdim oğlumu. Şəhid vermək həm çox şərafətli, həm də çox çətindir”.

“Oğlum qorxmaz, çox məğrur oğul idi” deyir ürəyi tez-tez çırpınan, oğlunun yoxluğunu hələ də həzm edə bilməyən, övladının vuruşduğu və şəhid olduğu postla qarşı-qarşıya əyləşib göz yaşları ilə oğrun-oğrun baxan şəhid atası. Vətən uğrunda balasını şəhid verən ata aramsız gözündən axan yaşlara məhəl qoymadan 25 yaşlı balasının igidliyindən danışır: “Mən inanmırdım ki, oğlumun qolunu dörd dığa bura bilər. O qədər pəhləvan oğul idi Elşad. Burda onun kimi oğul yoxdur. Sözünə düzgün, tərbiyəli, mədəni, atasının və anasının həqiqətən hər zaman qayğısına qalan bir oğul idi. Mayın 15-də mənim yaşım idi. Bir də gördüm toyuq gətiriblər, dedim bu nədir? Dedilər Elşad göndərib. Gördüm zəng elədi ki, ata o toyuğu kəs, bu gün sənin ad günündür. Sonra özü də gəldi, heç öz ad günüm yadımda deyildi, amma Elşad məni təbrik etdi. 17 gün idi Elşad evə gəlmirdi, mal damı var idi, hər gün 5-6 dəfə ora çıxıb Elşadın durduğu o qayaya baxardım. Həmin gün də eyni formada çıxdım və biz çıxanda gördük ki, iki zərbə düşdü, dedim evim yıxıldı, balam öldü… Üçüncü zərbəni də atdılar, amma posta düşmədi. Sonra əmisi oğlundan xəbər aldım dedi yaxşıdı vuruşur, sonra dedi əlindən yaralanıb. Dedim vay evim yıxıldı, əli kəsiləcəkmi? Necə olacaq? Dedi yox elə-belə qəlpə dəyib. Sonra dedilər ayağından yaralanıb, sonra dedilər hospitala aparacaqlar. İyulun 12-si gecə saat 12-yə qalmış bildim ki, oğlum ölüb… Əmim gəldi dedi ki, həmin dəqiqə canını tapşırıb. Həmin dəqiqə Elşad ölmüşdü və ilk şəhid o idi”.

Dönməz Məmmədov Vətənə, Torpağa böyük sevgisini dəfələrlə vurğulayıb və oğlunun şəhid olmasından şərəf duyduğunu bildirib: “Mən bayrağımızı, Vətənimizi çox sevirəm. 56 yaşım var, bu yaşda da Vətən uğrunda ölməyə hazıram. Oğul dərdi çəkmək dəhşətli bir hissdir. Elə bir vaxt  olub çörək tapmamışıq, çörəyi cibimdə gətirib Elşadı yekəltmişəm. Oğlum oğurluq, başqa bir pis yolla ölmədi, Vətən yolunda öldü. Və bu ən şərəfli ölümdür”.

Elşadın hərbiyə getməyinə izn vermədiyini, amma 25 yaşlı oğlunun ürəyindəki Vətən, torpaq sevgisinin bütün qadağalara qalib gəldiyini deyir Dönməz ata: “Mən qoymurdum o getsin. Əsgərlikdə erməni vurdu, bir nəfəri xilas elədi. Ona əlavə məzuniyyət pulu yazıldı, fəxri fərman verildi, mənə də təşəkkür gəldi. Tərtərdə, Lələtəpədə də olub. Oralarda heç nə olmadı, gəldi burda öz qapımın ağzında, torpağımda öldü oğlum”.

Günümüzün və tarixə qəhrəman şəhid kimi adını yazmağı bacaran Elşad gördüyünüz bu həyətdə böyüyüb. Körpəlikdən atəş səsi, mənfur düşmənlə üzbəüz dayanmaq adi bir hal olub onun üçün. O ürəyini Qaraqayaya baxaraq böyüdüb, o ürək hər zaman Vətən üçün döyünüb: “Elşadı çox aparmışam hərbi hissələrə, əsgərlərə siqaret aparıb verərdim, onda Elşad çox balaca idi. Mən əsgərlərə siqaret verəndə, Elşad da silah söküb yığmağı öyrənirdi. Elşadın öldüyü hissəyə gedər-gəlməz deyərdilər. Elə oğlum da getdi gəlmədi…”

Göz yaşlarına boğularaq şəhid balasının 6 aylıq körpəsini bağrına basan şəhid anası Nuriyə xanım… Oğlunun şəhid olduğu nöqtəyə baxıb köks ötürür. Bu gün onu həyata bağlayan şəhid balasının yadigarıdır. Nuriyə ana nəql edir ki, Elşad həyatda həmişə hər şeyə tələsib, elə ailə qurmağa da… 25 yaşı tamam olmadan qanı torpağa qarışan Elşad, 22 yaşında sevdiyi Qönçəni götürüb qaçıb. Bir həftədən sonra atası oğluna kəndin ən gözəl toyunu edib. Elşadın ölümündən sonra ailə ondan daha bir yadigarın qalacağını öyrənib. Bir neçə aydan sonra Məhəmmədin ya bacısı, ya qardaşı dünyaya gələcək. Bu da Allahdan Elşadın valideynlərinə və 19 yaşında həyat yoldaşını itirən Qönçəyə daha bir təsəlli olacaq: “Kənddə ürəyin istəyən toy elədim Elşada. Axırı gəldi, qapım bağlı qaldı. Vətən yolunda dirim də olar, ölüm də… Mənimki şəhid olmasın, onunku olmasın, bəs kimin ki, olsun? Bir qarış torpağımızı verməmişik, əksinə almışıq… Ali baş komandan İlham Əliyev əmr versə mənim kimi, məndən daha kiçik yaşlar vuruşmağa və Vətənimizin ərazi bütövlüyünü bərqərar etməyə hazırdır.  Bir dənə kalaşnikov verilsə ermənini kökündən məhv edərik. Bu gün istəyimiz Elşadın balaca oğlunu yekələndirməkdir. Məhəmmmədi böyüdüb boya-başa çatdıraq ki, qoy Elşad kimi oğulun davamçısı olsun. Gündə 5-6 dəfə Elşad çıxardı turbinlə baxardı, hə uşaq yanınızdadır, hər şeyin yaxşı olduğuna əmin olub gedib qulluğunu edərdi. Həmin gün birinci şəhid Elşad imiş. Məhəmmədin atası kimi oğul olmasını istərdim. Nə artıq, nə əskik, elə Elşad kimi oğul olsun. Tərbiyəli, mədəni, mərifətli, heç kiminlə işi olmayan, amma erməninin qanını tökməyə hər an hazır olan bir oğul itirmişəm. Bayrağımıız ondan da hündür olacaq, istəyim Vətənin, bayrağımızın daima yüksəklərdə olmasıdır”. “Vətənimi, torpağımı qoyub heç yerə getmərəm” deyir şəhid atası: “Nəinki mən, kənddə heç kim getməz. Orada vuruşanların çoxu bizim kənddəndir. Ondan söz almaq mümkünsüz idi. Heç kim heç nə ala bilməzdi. Elşad həm sinəsindən, həm də ayaqlarından yaralanmışdı. Oğlum kişi kimi şəhid oldu. Heç sənədlərini bu günə kimi də tam tapa bilməyiblər. Bir hissəsini o gün tapıb gətirdilər, bir də cib bıçağını”.

Elşadın balasıyla bağlı arzuları çox idi deyir, Nuriyə ana. Onu da qeyd edir ki, şəhidimiz son dəfə Məhəmmədlə vidalaşıb gedib. Qaraqayada döyüşlər başlayan an Elşad telefonundakı bütün fotoları silib. Şəhidimiz atışma başlayanda telefonunun düşmən əlinə keçməsindən və telefonun yaddaşında olan ailə şəkillərinin düşmənə yayılmasından ehtiyat edərək bu addımı atıb: “Bir ana ki, oğul itirsin, o ana necə ola bilər? Elşadın oğlu Məhəmmədlə bağlı arzuları çox idi. Amma arzularına çatmadı. Heç övladından doymadı da. Birləşdirsən heç 15 gün övladının üzünü görmədi. Düzdür, şərəfli ölümdür şəhid olmaq, amma oğul itirmişəm… Ev günü idi gəldi, gecə saat 2 idi dedilər ki, erməni biz tərəfə keçmək istəyir, durdu ayağa heç maşın da olmadı ki, getsin, ayaqla düz o qayaya kimi qaçdı. Gələndə qucaqlayıb çoxlu öpərdi, qucağından yerə qoymazdı. Gedəndə də o həyətin qapısının ağzına qədər aparırdı, o qapıda Məhəmmədi bizə verib gedirdi. Sonuncu dəfə uşağı qapıda bizə verdi və bir də qayıtdı Məhəmmədi qucaqlayıb öpdü. O an nəsə baş verəcəyini hiss etdim…” 

Övladı ilə fəxr etdiyini deyir, Nuriyə ana. Həm də deyir ki, 25 yaşlı oğlu şərəfli ölüm yaşayıb: “Ata balasına, bala da atasına doymadı… Təzə-təzə atasına tərəf atlanırdı. Elşadın öldüyü gündən bəri yata da bilmirəm, gözüm yumulur qəflətən dururam ki, bu mənəmmi? Elşad həqiqətənmi öldü? Heç inanmırdım ki, o boyda oğul ölə bilər. Elə vəzifəli şəxs olmadı ki, Bakıdan bizim qapıya gəlməsin. Hamısı gəldi, var olsunlar. Mən dövlət başçımız İlham Əliyevdən, tovuzlu İlham Rəhimovdan çox razıyam. Elşaddan başqa, hamı gəldi, bircə Elşad gəlmədi. Bütün dünyanı mənə versələr də yenə yaram sağalmaz, bu yara hər gün qanayacaq. Bu hadisə başıma gələnə qədər hər şəhid atasına baxıb deyirdim, bu atanın necə ürəyi partlayıb ölmür. Ömrü boyu hara getsəm də o dağ mənim sinəmdədir, heç kimin yox. Həmin dağın başı mənim oğlumun postu idi.  Məhəmmədimizin hər şeyinin atasına oxşamasını istəyərəm, amma bəxtinin yox…”

Torpaq o zaman müqəddəs olur və Vətən olaraq dünyaya hayqırır ki, o torpağa şəhid qanı qarışır. O şəhidlərin ruhu o zaman azad və rahat uyuyur ki, torpaq bütöv olur və Vətənə əmanət etdikləri övladları uğrunda ölümə getdikləri torpaq üzərində qürurla, qorxmazcasına addımlayır. Bir gün Məhəmməd balanın Qarabağ torpağında addımlayaraq atasız böyüməsini xatırlayıb ürəklə “Vətən sağ olsun” deməsi üçün var gücümüzlə çalışmalıyıq! Bu şəhid balalarına hər birimizin ən ümdə borcudur! 

Həmçinin oxuyun

Ermənilərin Tərtərə atdığı “Smerç” muzeyə verildi – VİDEO

Ermənistan tərəfindən 29 oktyabrda Tərtərə atılan “Smerç” raketi rayon muzeyinə təhvil verilib. Bu barədə Azərbaycan …