Cümə , Aprel 12 2024
Ana səhifə / Bölgələr / Şagirdləri Ali Məclisin tabeliyindəki nəşriyyatda çıxan qəzeti almağa məcbur edirlər?

Şagirdləri Ali Məclisin tabeliyindəki nəşriyyatda çıxan qəzeti almağa məcbur edirlər?

Naxçıvan Muxtar Respublikasındakı bəzi məktəblərdə direkrorların şagirdləri “Məktəbli” qəzetini almağa məcbur etdiyi iddia olunur.
Bunu “Gündəlik Naxçıvan”a bir qrup valideyn bildirib.
Onların sözlərinə görə, bu yaxınlara kimi, qəzet məktəblilərə könüllü almaq üçün təklif olunurmuş, lakin yanvar ayından etibarən şagirdlər qəzeti almağa məcbur edilir.
“Kimsə varlanmaq üçün məktəbləri hədəf götürüb, təsis etdiyi qəzeti məcburi qaydada məktəblərdə satdırır. Bu, yol verilməzdir. Əslində satış könüllü olmalıdır. Yanvar ayına qədər belə idi. Bu il başlayandan isə artıq şagirdlər qəzeti almağa məcbur edilirlər. Məktəblərdə minlərlə şagird var. Bu, o deməkdir ki, hər ay kimlərinsə cibinə minlərlə manat vəsait girir”.
Valideynlər bildirirlər ki, qəzetin satışının təşkili məktəb direktorlarına tapşırılıb. Üç məktəbli anası olan B. Səfərova deyir ki, eyni nüsxəli qəzet övladlarının hər üçünə satılır:
“Məcbur edirlər ki, qəzet al. Mən eyni qəzetdən 3 nüsxə nədən almalıyam?! Bu, könüllü olmalıdır. Direktorlar sinif rəhbərlərinə tapşırıb ki, hamı almalıdır. Belə görünür ki, ya qəzet satışından gələn gəlirdən direktorlara da pay çatır, ya bu qəzet yüksək vəzifə tutan hansısa məmurundur, ya da satışda təhsil nazirinin də payı var”.
1 manata satılan “Məktəbli” qəzetin təsisçisi və rəhbəri Pərvin Məmmədov Yeniavaz.com-a açıqlamasında bildirib ki, sözügedən iddialar həqiqəti əks etdirmir. O qeyd edib ki, qəzetin nəşri özünün şəxsi təşəbbüsüdür və qəzetin dövlət qurumları ilə bağlılığı yoxdur.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Novruz Məmmədov da Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, məktəb rəhbərliyi və ya pedaqoji heyət tərəfindən şagirdlər hər hansı bir mətbuat orqanının abunəliyinə məcbur edilə bilməz:
“Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən belə bir hal aşkar olunarsa, həmin məktəb rəhbərliyi haqqında qanunauyğun tədbir görüləcək.
Eyni zamanda şagirdlərin və müəllimlərin mətbuat orqanlarına könüllü olaraq abunəliyi onların hüququdur və məktəb rəhbərliyi tərəfindən könüllü abunəliyə müdaxilə qanunauyğun deyil. Bu məsələlər şagird-valideyn, müəllim və hər hansı bir mətbuat orqanının qanunauyğunluq gözlənilməklə nəzərdə tutulan əməkdaşlıqları ilə (abunə, müqavilə və s) tənzimlənir”.
Qeyd edək ki, ayda bir dəfə çıxan “Məktəbli” qəzeti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tabeliyində fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində nəşr olunur.
Maraqlıdır ki, 25 may 2001-ci ildə dövlət qeydiyyatına alınan Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyinin də qanuni təmsilçisi Məmmədov Pərvin Kərəm oğludur.

Həmçinin oxuyun

Xankəndidə erməni oliqarxların zavodu – VİDEO

Xankəndidə erməni oliqarxların konyak zavodunun görüntüləri yayılıb. Bununla bağlı kadrlar AzTV-nin efirində, Vüsal Mətləbin təqdimatında …